28 Mart 2019 14:30
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası mitinq anlaşılmazlığı ilə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənliyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının divan üzvü Mustafa Hacıbəyli məlumat verib.

Müraciətdə bildirilib:

“Ümid edirəm ki, Cəmil Həsənli bu məsələyə aydınlıq gətirəcək, hələ gec deyil. Hesab edirəm ki, Milli Şura Müsavatın birgə mitinqlər təklifindən Əli Kərimlinin timsalında imtina edib.

Martın 18-də Müsavat Divanı aprelin 7-də mitinq keçirmək barədə qərar verib. Dünən Əli Kərimli Milli Şura adından aprelin 6-na mitinq təyin olunduğunu açıqlayıb.

Bu məsələ çoxsaylı suallara və müxalifət arasında mübahisələrə səbəb olub. “Biriniz 7-nə, biriniz 6-na təyin etmisiniz, niyə bir yerdə keçirmirsiniz”, deyirlər. Bu gün səhərdən Milli Şuranın azı 3 təmsilçisi sosial şəbəkədə Müsavatın əleyhinə “statuslar” yazıb. Bu ilin əvvəlindən hər şey millətin və demokratik düşərgənin xeyrinə gedirdi. İndi bu söz-söhbətə nə ehtiyac vardı? Onsuz da hər həftə mitinq keçirilmir - bunu 1 həftə ertələmək olmazdı?”.

Müraciətdə həmçinin qeyd edilib:

“Bizim müraciətdə həm yürüş, həm də mitinq üçün, o cümlədən “Məhsul” stadionunda aksiyanın keçirilməsi nəzərdə tutulub. Bu baxımdan ola bilər ki, biz mitinqi aprelin 6-da keçirək. Müsavatın birgə mitinqlər təklifindən imtina etdikdən sonra Milli Şuranın eyni günə mitinq təyin etməsi hansı anlama gəlir?

Olmaz ki, Milli Şura aksiyanın vaxtını aprelin 13-nə keçirsin? 7 aprel aksiyasına ya dəstək versin, ya verməsin. 13 aprel aksiyasına isə Müsavatdan ya dəstək istəsin, ya da istəməsin?”.

Müraciətdə vurğulanıb ki, Milli Şura rasionallıq göstərib təyin etdiyi mitinqin vaxtını korrektə etsə, xoşagəlməz suallara, söz-söhbətə son qoyular, müxalifət arasında yersiz gərginlik yaranmaz, bu, həm aksiyaların kütləviliyi, həm də Milli Şuranın nüfuzu baxımından ancaq müsbət nəticələr verər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər