NATO-Azərbaycan münasibətləri ümummilli lider Heydər Əliyevin dövründə qurulub. O zaman Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşuldu və bu proqrama uyğun olaraq, öz üzərinə müəyyən öhdəliklər götürdü. Bu öhdəliklər ondan ibarət idi ki, Azərbaycan Ordusunda daxili nizam qaydaları, əsgərlərin hərbi yeriş qaydaları, eləcə də ali hərbi məktəblərdə bir sıra dərs proseslərinin tədrisi NATO standartlarına keçirildi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, bu prosesdə NATO üzvü olan qardaş Türkiyə bizə yaxından kömək edirdi:
“Azərbaycan qısa müddətdə NATO-nun bir sıra proqramlarını həyata keçirə bildi və “Sülh Naminə Tərəfdaşlıq” proqramı bitmiş hesab olundu. Ardınca NATO ilə Azərbaycan arasında ikitərəfli müqavilə imzalandı və əməkdaşlıq davam etməyə başladı. Son illərdə Azərbaycanın NATO üçün əhəmiyyəti daha da artıb. Qısa müddətdə Azərbaycanın yüzlərlə əsgəri heyəti Əfqanıstanda sülhün və asayişin təminatçısı kimi uğurlu xidmət keçib. Hər il həmin kontingent dəyişdirilir”.
Q.Hüseynli bildirib ki, Azərbaycan son dövrlərdə NATO üçün daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb:
“Bu mənada logistika diqqət çəkir. Bu gün Əfqanıstana daşınan hərbi yüklərin 80 faizi Azərbaycan ərazisi və Xəzər Dəniz Gəmiçiliyi vasitəsilə həyata keçirilir. Bu, NATO-nun Əfqanıstandakı missiyasının yerinə yetirilməsinə çox böyük töhfə hesab olunur. Bundan başqa Bakı-Tiflis-Qars dəmiryolunun açılması bu yüklərin daşınmasının qiymətini xeyli aşağı sala biləcək. Çünki əvvəl hava yolu ilə Almaniyadan Əfqanıstana daşınan yüklər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi aerodroma gətirilir, buradan maşınlarla Xəzər Dəniz Gəmiçiliyinə daşınırdı, sonra bərə-gəmilər vasitəsilə Qazaxıstanın Aktau limanına daşınır, burdan da Əfqanıstana daşınırdı. Ancaq indi dəmiryolu vasitəsilə yüklərin daşınması çox uğurla başa gəldiyindən artıq BTQ vasitəsilə Almaniyanın özündən də birbaşa daşınması həyata keçirilir. Bu da qiymətlərin ən azı 3 dəfə ucuzlaşması deməkdir”.
Q.Hüseynli onu da bildirib ki, Azərbaycanla NATO ölkələri arasında digər bir sıra sahələrdə də əməkdaşlıq var:
“Bu da alyans üçün enerji mənbələrinin diversifikasiyasına gətirib çıxarır. Bütün bunlar Azərbaycanla NATO arasındakı münasibətləri xeyli möhkəmləndirir”.
Qeyd edək ki, aprelin 3-4-də Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. İclas NATO-nun 70-ci ildönümünə həsr olunub. NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycanın alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Baş katib xüsusilə 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tiflis-Qars dəmiryolunun NATO-ya üzv dövlətlər tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmiryolunun alyansın “Qətiyyətli dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.