Teleqraf.com Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:
- Sülhəddin bəy, Əlcəzairdə prezident istefaya getməli oldu, bu gün isə Sudanda Prezident Ömər əl-Bəşir devrildi. Yaxın Şərqdə nə baş verir?
- Əslində yeni bir şey yoxdur. Yaxın Şərqdə baş verənlər 2001-ci il 11 sentyabrda ABŞ-da əkiz qüllələrə edilən hücumdan sonra başlanan prosesin davamıdır. O zaman qeyd etmişdik ki, 2001-ci il 11 sentyabr hadisəsindən sonra dünya əvvəlki dünya olmayacaq. 2001-ci ildən sonra ABŞ açıq formada özünün “Böyük Orta Şərq” layihəsini ortaya çıxardı. Bu layihə zaman-zaman və fasilələrlə həyata keçirilməkdədir. Bu da həm regionda, həm də ABŞ-ın özündə baş verən proseslərlə əlaqəli olurdu. Hazırda Yaxın Şərqdə mahiyyət etibarı ilə 2004-cü ildə ortaya qoyulan “Böyük Orta Şərq” layihəsinin həyata keçirilməsini müşahidə edirik.
- Konkret olaraq bu layihə nəyi nəzərdə tutur?
- Yaxın Şərqdə onsuz da zəif olan dövlətlərin daxilində etnoslar, məzhəblər arası savaş yaratmaq, mərkəzi hakimiyyətlərin çökdürülməsi və bunun ardınca da dövlətlərin parçalanması prosesi baş verir. İndi böyük Orta Şərqdə baş verənlər bu layihənin tərkib hissəsidir.
- Sudanda baş verən dövlət çevrilişində də Qərb izi varmı?
- Təbi. Mən qeyd etdim ki, əslində söhbət Yaxın Şərqdən getmir. Məğribdən məşriğədək, bütövlükdə müsəlman dünyasında bu proses gedir. Buna Böyük Orta Şərq, Şimali Afrika və ya Orta Şərq də deyə bilərik. Əslində Mərkəzi Asiya və Qafqaz da bu prosesə cəlb edilib. Odur ki, buna bütövlükdə müsəlman-islam dünyasında gedən proseslər konteksində baxsaq, daha düzgün olardı. Burada başlıca məqsəd Böyük Orta Şərqdə müsəlman dövlətlərinin daxili qarışıqlığa cəlb edilməsi, mərkəzi hakimiyyətlərin çökdürülməsi, ardınca bu dövlətlərin dağılması və layihəyə uyğun olaraq yeni dövlətlərin qurulması prosesinin həyata keçirilməsidir. Hədəf odur ki, mümkün qədər böyük İsrail yaradılsın və onun təhlükəsizliyi təmin edilsin. İkinci məqsəd nəzarət altında olan zəif, kiçik və idarə olunan dövlətlər qurmaq, onları idarə etmək, bütün resurslarını ələ keçirməkdir. Nəhayət, başqa bir məqsəd isə regionda forpost dövlətlər qurmaqdır. İlk növbədə də Kürdüstanın qurulması.
- Ancaq Əlcəzairdə və Sudanda belə bir proses gözlənilmirdi. Daha çox Suriya və Venesuelada dəyişikliyin baş vermə ehtimalları haqda fikirlər səslənirdi...
- Necə gözlənilmirdi, bəyəm Sudan parçalanan dövlət deyilmi? Mən dəfələrlə qeyd etmişəm ki, müasir dünyada müharibələr strateji xarakter alıb. Sudanda gedən vətəndaş müharibəsi, Cənubi Sudanın Sudandan ayrılması, ayrıca dövlətin qurulması. İndi də Şimali Sudanda 30 il hakimiyyətdə olan şəxsin devrilməsi baş verir. Şimali Sudanın gələcəyinin necə olacağını isə indidən demək olmaz. Bunu gələcək göstərəcək.
- Sizin fikirlərinizdən belə çıxır ki, Liviyada Rusiyaya yaxın olan feldmarşal Xəlifə Haftarın paytaxt Tripoliyə qarşı başladığı hücum təsadüfi deyil və bununla Moskva Vaşinqtonun regiondakı planlarına mane olmağa çalışır...
- Sözsüz ki, belədir. Təkcə Rusiya deyil, Avropa Birliyinin özü də Yaxın Şərqdə gedən proseslərdən narahatdır. Çünki bu prosesin nəticəsində Amerika və onun strateji müttəfiqi olan dövlətlər daha da güclənəcək.
- Hansı dövlətləri nəzərdə tutursunuz?
- ABŞ-ın strateji müttəfiqləri dedikdə ilk növbədə beş ingilisdilli dövlət nəzərdə tutulur. Amerika, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya. Sözsüz ki, İsraili də bu siyahıya əlavə etmək olar. Qeyd edim ki, bu dövlətlərin hazırda strateji “tərəfdarı” olan müsəlman ölkələri də var. Burada da ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliyi nəzərdə tutulur.
Sözsüz ki, Rusiya yaranan durumdan ikiqat narahatdır. Bir tərəfdən onun strateji rəqibi olan Amerika regionda güclənir, nəzarət əhatəsini genişləndirir, digər tərəfdən burada problemlər Amerikanın istədiyi şəkildə həll edildikcə, Rusiya məsələsinin gündəmə gəlməsi tezləşir. Odur ki, Rusiya mümkün təhlükəni öz sərhədlərindən kənarda qarşılamaq üçün çalışır. Rusiyanın Suriyada gedən proseslərə hərbi müdaxiləsinin başlıca strateji səbəbi də bununla bağlı idi.
- Ancaq ABŞ Suriyadan ordusunu çıxarmaq haqda qərar verdikdən sonra çoxları düşünürdü ki, Suriyada proses qıfıllandı və ruslar bu məsələdən qalib çıxdı...
- Mən belə düşünmürəm və heç vaxt belə bir fikir söyləməməşəm. Əksinə, daim qeyd etmişəm ki, Amerika Suriyadan çıxmayacaq. Suriyada proseslər yeni mərhələyə daxil olub. Suriyada ümumiyyətlə, siyasi tənzimləmə prosesi heç başlamayıb. Yəni bu ölkədə faktiki olaraq, hərbi faza başa çatmayıb. Suriyada prosesin nə hərbi fazası başa çatıb, nə də siyasi tənzimləmə prosesi başlayıb. Tam əksinə olaraq, orada proseslər keyfiyyət baxımından yeni mərhələyə daxil olub. Bir tərəfdən Amerika Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyıb və bu, yeni bir vəziyyət yaradıb. Digər tərəfdən, İranın Suriyadan sıxışdırılıb çıxarılması üçün ABŞ, İsrail və Rusiya arasında danışıqlar gedir. Bu danışıqlarda da müəyyən irəliləyişlər əldə edildiyi və İranın bundan məlumatlı olduğu deyilir. Həmçinin İran məsələsinin özü gündəmdədir və getdikcə aktuallaşır. Artıq ABŞ Prezidenti Donald Tramp İranın İnqilab Keşikçiləri Korpusunu beynəlxalq terror təşkilatları siyahısına salıb. Bunun qarşılığında isə İran Amerikanın Yaxın Şərqdəki Mərkəzi Qüvvələr Komandanlığını terrorçu təşkilat elan edib. Ona görə də proseslər hələ yeni qızışır və Suriyada proseslərin dayandığı barədə fikirlər tamamilə səhv yanaşmadır.
- Yeri gəlmişkən, İran və Amerikanın qarşılıqlı olaraq bir-birlərinin silahlı qüvvələrini terrorçu elan etməsi yeni situasiya yaradıb. Bununla bağlı düşüncələriniz nədən ibarətdir?
- Baş verən hadisələrin içərisində ən ciddi olanlardan biri də bu məsələdir. Əslində bu, dolayısı ilə İrana müharibə elanıdır. Faktiki yanaşanda isə yenə də müharibə elanıdır. Çünki bu iki dövlət bir-birinin silahlı qüvvələrini terrorçu təşkilatı elan edib, yəni legitim hədəf elan edib. Demək qalır əlin tətiyə getməsi. Çox təhlükəli bir haldır. Hesab edirəm ki, bu iki ölkə arasında yaşananlar müharibə həddində balanslaşdırma siyasətidir və hər zaman özündə böyük risklər daşımaqla yanaşı olduqca təhlükəlidir.