25 Aprel 2019 10:58
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çində keçirilən “Bir kəmər, bir yol” İkinci Əməkdaşlıq Forumunda Azərbaycanın iştirakı ölkəmizin bu geosiyasi layihənin önəmli tərəfdaşlarından biri olduğunu göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, Bakı-Tiflis-Qars, Şimal-Cənub Nəqliyyat dəhlizi dəmir yolları “Bir kəmər, bir yol” strategiyasına daxildir, Avropa və Asiyanı birləşdirən əsas nəqliyyat arteriyasıdır:

“Azərbaycan bu layihə çərçivəsində Çinlə strateji yaxınlaşması, Çin kimi nəhəng siyasi və hərbi gücə malik olan ölkənin Qarabağ münaqişəsində dəstəyini ala bilər. Bundan əlavə, iqtisadi və hərbi-texniki sahələrdə birgə layihələrin icrasına imkan yaradar.

Çin dünyanın ikinci iqtisadi gücünə malikdir, siyasi-hərbi imkanları genişlənməkdədir. Çin bu layihə vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqdə əsas yollara nəzarət mexanizmini əldə etməyə çalışır. Bu da ABŞ-la ciddi rəqabət deməkdir.

Azərbaycan bu iki nəhəng ölkələr arasında davam edən rəqabət fonunda öz siyasi xəttinə uyğun olaraq faydalanmalıdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Çinlə Azərbaycanın əməkdaşlığı müxtəlif sahələri əhatə edə bilər:

“Bura iqtisadi və hərbi-texniki əməkdaşlıq daxildir. Çin də Azərbaycanla bu istiqamətlərdə əməkdaşlıqda maraqlıdır. Çin dövlət başçısı Si Cinpinin Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ölkəmizin siyasi və regional əhəmiyyətini vurğulaması, rəsmi Pekinin regionda Azərbaycanla strateji əməkdaşlıqda maraqlı olduğunu göstərir.

Çin dövlət başçısının ölkəmizə səfərinin planlaşdırılması artıq iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf mərhələsinin başlanması deməkdir.

Münasibətlərin inkişaf tempinə uyğun olaraq, Azərbaycan Çinlə hərbi-texniki əməkdaşlıq müqaviləsi bağlaya bilər. Çindən yeni artilleriya və raketlərin, həmçinin qırıcı təyyarələrin alınması və texnikaların birgə istehsalının təşkil edilməsi mümkündür. Çin də bunda maraqlıdır. Çin dövlət başçısının Azərbaycana səfərində yeni hərbi əməkdaşlıq müqavilələrinin imzalanmasını istisna etmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər