“ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas maneə, Qarabağ münaqişəsinin həlli istiqamətində yaranan çətinlikdir. Vaşinqton ötən il bu vaxtlar Ermənistandakı inqilaba ona görə dəstək verdi ki, Nikol Paşinyan ölkəsində Rusiyanın nüfuz dairəsini kiçildəcək və Qarabağ münaqişəsinin həllində konstrukriv mövqe tutacaq. Beləliklə, ABŞ Paşinyanın hakimiyyətə gəlməsinə siyasi zəmin yaratdı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, İrəvana səfərindən sonra ABŞ prezidentinin müşaviri Con Boltonun verdiyi mesajlar Qarabağ prosesində qeyri-konstruktiv mövqe tutan Ermənistana xəbərdarlıq xarakterli idi:
“Artıq Ermənistandakı inqilabın bir ili tamam olur. Lakin bu bir ildə Ermənistanın yeni rəhbərliyi Vaşinqtonun gözləntisinin əksinə olaraq, Rusiya ilə yaxınlaşaraq münaqişənin həll prosesini dalana dirməyə çalışır. Yəni, Rusiya ilə geosiyasi qarşıdurma vəziyyətində Paşinyan onu hakişmiyyətə gətirən ABŞ-a arxa çevirir, Moskvanın siyasətini dəstəkləyir.
Buna görə də düşünürəm ki, Vaşinqton Paşinyana vəd etdiyi maliyyə və siyasi dəstəkdən imtina edə bilər.
Digər yandan, ABŞ Qarabağ münaqişəsi üzrə növbəti dialoqun Vaşinqtonda keçirilməsini təklif edib. Məqsəd İrəvanı substantiv danışıqlara cəlb etməkdir. Paşinyan bundan sonra da yenidən Moskvaya yaxınlaşmaq siyasətini davam etdirəcəksə, ABŞ-ın təzyiqləri ilə üzləşə bilər”.
Məhəmməd Əsədullazadə hesab edir ki, əvvəlki illərdən fərqli olaraq ABŞ Ermənistanın Qarabağ məsələsi üzərindən Rusiyaya yaxınlaşmasına seyrçi qalmayacaq:
“İndiki şəraitdə ABŞ -la Azərbaycanın regional və taktiki-strateji siyasəti üst-üstə düşür. Hesab edirəm ki, Vaşinqton görüşündən sonra real dəyişiklik olmasa, Azərbaycan limitin bitdiyini elan etməli, hərbi təzyiq yolu ilə Ermənistanı sülhə məcbur etməlidir. Hesab edirəm ki, ABŞ Azərbaycana bu kontekstdə dəstək verə bilər”.