Erməni tərəfinin mövqeyi danışıqlar yolu ilə torpaqların azad olunmasına heç bir ümid yaratmır.
Teleqraf.com xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Musavat.com-a açıqlamasında bildirib. Keçmiş nazir hesab edir ki, indiki durumda rəsmi Bakı Rusiya ilə danışmalıdır:
“Danışıqlar olmayan yerdə təbii ki, güc yolu və müharibə məsələsi gündəmə gəlir. Bununla əlaqədar olaraq ilk növbədə Rusiya ilə ciddi danışıqlar olmalıdır, təxminən bu mövzular ətrafında: siz bəyan etmisiniz və sənədlər var ki, Ermənistan sizin tərəfdaşdır və ona dəstək verəcəksiniz. Amma orada bəyan olunub ki, siz bu ölkəni xarici təhlükələrdən qoruyacaqsınız. Siz onu da bəyan etmisiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunsun və oradakı erməni əhalinin statusu bu və ya digər şəkildə müəyyənləşsin. Lakin Paşinyan hakimiyyətə gələndən sonra bəyan edib ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar və orada etnik təmizləməyə məruz qalan ərazilər indi birmənalı şəkildə ya Ermənistana, ya da qondarma quruma ”birləşdirilib", bu ərazilərin azad olunması mümkün deyil. Yəni biz bu istiqamətdə danışıqlar aparmayaq. İndi biz sizdən soruşmaq istəyirik, siz hərbi qüvvələrinizlə ermənilərin gün-gündən böyüyən və artan ambisiyasının arxasında dayanacaqsınız, ya yox? Bu suala Rusiyanın cavabından sonra bu və ya digər addımlar atılmalıdır".
T.Zülfüqarov bildirib ki, Paşinyan, ya Sərkisyanın Şuşaya gəlib-gəlməməsindən daha ciddi məsələ var:
“Orada Ermənistanın işğalçı ordusu var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bundan artıq kobud pozuntusu halı baş verə bilməz. Azərbaycan vətəndaşlarının etnik təmizlənməsi siyasəti həyata keçirilib. Ermənilərin heç vaxt yaşamadığı rayonlarda belə, total etnik təmizləmələr aparılıb. Digər məsələlər işğalçının anneksiya siyasətinin davamıdır. Ona görə yuxarıda dediyim məsələlərlə bağlı suallara ciddi şəkildə cavab verilməlidir. Rusiyadan soruşmalıyıq: əgər siz Ermənistanın anneksiya siyasətini dəstəkləyirsinizsə, onda vasitəçi ola bilməzsiniz. Siz onu dəstəkləyirsinizsə və onun hərbi qarantı olursunusa, onda biz öz işimizi bilək. Yəni kiminləsə dostluq edək, kiminləsə müttəfiq olaq. Bu, artıq bizim işimizdir. Biz artıq bilməliyik ki, bizim qarşımızda təkcə erməni əsgəri yox, həm də rus əsgəri dayanır. Əgər belədirsə, onda biz buna uyğun olaraq, Rusiyaya qarşı öz siyasətimizi aparmalıyıq. Hər halda, bu, məntiqi addımdır. Rusiya deyir torpaqlar azad olunmalıdır. Amma Ermənistan deyir, azad etmirəm. Onda bu vəziyyətdə biz nə etməliyik? Rusiya özü Çeçenistanda güc tətbiq etdi. Yaxud Fransa öz qoşunlarını Malidə yerləşdirib. Əgər hər şey danışıqlarla həll olunsaydı, onda siz niyə güc tətbiq edirdiniz? Siz də illərdir deyirsiniz gözləyin, ermənilər ağıla gələcək. Axı ağıla gəlmirlər, torpaqlarımızı azad etmirlər. Açıq şəkildə deyirlər ki, biz torpaqları azad edən deyilik. Azad etmirlərsə, onda danışıqlar nəyin ətrafında gedəcək?”