ABŞ-ın dövlət katibi Mayk Pompeo Almaniya kansleri Angela Merkel və alman həmkarı Hayko Maasla görüşünə bir neçə saat qalmış səfərini ləğv edib. Səfərin ləğv edilmə səbəbi hələlik məlum deyil. Ancaq bu hadisənin ABŞ-İran gərginliyinin ən üst səviyyə çıxdığı bu günlərdə baş verməsi çox düşündürücüdür.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.
O qeyd edib ki, Qərb blokunda Donald Trampın İran siyasətinə qarşı kəskin narazılıq var:
“Almaniya mətbuatı federal hökumətdən Tramp administrasiyasının bu “hörmətsizliyi”nə cavab verilməli olduğunu bildirib. “Süddeutsche Zeitung”dakı yazısında Daniel Brössler bildirib ki, Trampın mürəkkəb sazişlərdən heç xoşu gəlmir, bunlar onun üçün əhəmiyyətsiz sənədlərdir. Onun ehtirası kobud sazişlərədir. ABŞ indi bəzi məsələlərdə əsl rəqib kimi çıxış edir. ABŞ nə Paris iqlim sazişində, nə də İranın nüvə sazişində konstruktiv mövqe sərgiləmir. Bununla belə, iki ölkənin Ukrayna, Venesuela və Suriyada maraqları kəsişir. Tramp bəzən bu bölgələrdə məsuliyyəti götürmək istəmir. Almaniya isə dəfələrlə məsuliyyəti götürməyə hazır olduğunu iddia edir. Ancaq bununla belə Avropada bir alyans formalaşdırılmalıdır”.
Z.Əmrəliyev deyib ki, müəllifin bu yazısı və M.Pompeonun səfərini ləğv etməsi istər-istəməz avropalıların ağlına yenidən vahid Avropa ordusu layihəsini gətirir:
“ABŞ yenidən şərqin zəngin sərvətlərindən faydalanmaq istəyir. Ancaq əzəli dostu olan qoca qitəni özündən küsülü vəziyyətə salır. Bu Avropa ölkələrinin öz aralarındakı əlaqələri gücləndirməyə sövq edə bilər. Ancaq İngiltərənin ittifaqdan çıxmaq haqqında qərarı, Fransada isə sarı jiletlilər hərəkatı və mövcud hakimiyyətin çox zəifləməsi hazırda Almaniyanı Avropada əsas güc edir. Almaniya həqiqətən son dövlər çox güclənib və ümumilikdə qərb blokunda ABŞ-ın qarşısında dura biləcək əsas güc halına gəlir. Son zamanlar isə alman siyasi dairələrində yeni bir istək ortaya çıxıb – “xarici işlər naziri Ziqmar Qarielini NATO-nun baş katibi etmək lazımdır”. Bu bir qədər ifrat istək kimi görünsə də Almaniyaya öz gücünü sübut etmək lazımdır”.