"Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. Bildiyiniz kimi, biz İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır".
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə deyib.
"Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır.
Bildiyiniz kimi, eyni zamanda, ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bu yaxınlarda Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdəndir. Onu da bildirməliyəm ki, Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.
Keçən il Naxçıvan – bizim qədim şəhərimiz İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu qərara görə biz bütün müsəlman ölkələrinə minnətdarıq. Onu da qeyd etməliyəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir.
Mən bir daha sizi ürəkdən salamlayıram. Bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı dövlət-hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrin xalqlarına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram", - deyə dövlət başçısı bildirib.