21 May 2019 21:36
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsinin dağıdıcı təsirlərini aradan qaldırmaq və Avropanı yenidən inşa etmək məqsədilə 1957-ci ildə altı Qərbi Avropa dövləti (Almaniya, Fransa, Belçika, Niderland, Lüksemburq və İtaliya) arasında “Roma Anlaşması” imzalanır və bugünkü Avropa İttifaqının rüşeymi olan Avropa İqtisadi Birliyi qurulur.

Bu birlik başlanğıcda iqtisadi, daha sonra siyasi mahiyyətli olsa da, gender bərabərliyi, qadınların ictimai-siyasi həyatdakı rolu kimi məsələlər istər qurucu anlaşmalarda, istərsə də qanun və nizamnamələrdə əksini tapıb.

Maaş birliyindən hüquq birliyinə doğru

1957-ci il iyulun 25-də imzalanan Roma müqaviləsinin 119-cu maddəsində yazılıb: “Eyni iş üçün qadın və kişi işçilər arasındakı əməkhaqqı bərabərliyi prinsipi. Hər üzv dövlət tərəfindən ilk mərhələdə (01.01.1958-31.12.1961) həyata keçiriləcəkdir”.

Adından göründüyü kimi Avropa İqtisadi Birliyi (AİB) iqtisadi məqsədli birlik olduğuna görə ilk qurucu anlaşmada gender bərabərliyi mövzusunda əməkhaqqı birliyi gündəmə gəlib. Müqaviləyə bu bəndin qoyulması artıq bunu öz qanunlarında təsbit etmiş Fransa dövlətinin tələbi idi. Bu maddə ilə artıq 6 dövlətdə eyni işi görən qadın və kişilər arasındakı əməkhaqqı bərabərsizliyi aradan qalxmış oldu, işəgötürənlərin üzərində hüquqi məsuliyyət yaratdı. AİB-in 1974-cü ildə baş tutan Paris zirvəsində qəbul edilən hədəflər arasında iş sahəsində də qadın və kişi arasındakı bərabərlik prinsipi vardı.

Bugünkü Avropa İttifaqının qurucu sənədi olan Mastrixt müqaviləsinin (07.02.1992) əlavə olunan sosial şərt maddəsində “bərabər və ya bərabər dəyərdə işə eyni əməkhaqqı ödənilməsi ilə yanaşı, qadın və kişilər arasında iş sahəsində fürsət bərabərliyinin yaradılması və iş yerində bərabər davranış prinsipinin həyata keçirilməsi” hökmü də qoyuldu.

Avropa İttifaqının 2 oktyabr 1997-ci il tarixli Amsterdam müqaviləsində isə Aİ ölkələrində qadın və kişi bərabərliyinə ən yüksək qiymət verildi. Belə ki, müqavilənin 2-ci maddəsində Avropa İttifaqının vəzifələri arasında gender bərabərliyi də qeyd olunub. Bununla da Aİ-də gender məsələsi təkcə iş sahəsini deyil, sosial həyatın bütün sferalarını əhatə etdi.

Hazırda Aİ-nin gender bərabərliyi ilə bağlı 3 direktivi mövcuddur:

  1. Bərabər əməkhaqqı direktivi – Bu qərarla bir işəgötürənin eyni işi görən şəxslərə fərqli əməkhaqqı ödəməsi qadağan edilir. Bu baxımdan əməkhaqqının ödənilməsində qadın və kişi arasında fərq qoyula bilməz.
  2. Bərabər rəftar direktivi – Məşğulluq, məsləklə bağlı təhsil, çalışma şərtləri və s. məsələlərdə qadın və kişi arasında fərq qoyula bilməz. Hər cür məslək və təhsil fəaliyyətindən qadın və kişi bərabər şəkildə yararlanmalıdır. Bir qadının hamiləlik və analıq səbəbi ilə işinə son qoyula bilməz.
  3. Bərabər sosial təhlükəsizlik direktivi – Bu direktivlə çalışan bütün insanların xəstəlik, analıq, yaşlılıq, əlillik kimi vəziyyətlərdə qorunmasını ehtiva edir. Məqsəd sosial təhlükəsizlik sistemində gender bərabərliyini qorumaqdır.

Azərbaycan Cümhuriyyəti və qadına verilən yüksək dəyər

1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin 4-cü bəndində yazılıb: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər”.

Bu bəndə görə yeni yaradılan dövlət dinindən, milliyyətindən, cinsindən (yəni kişi və qadın fərqi qoyulmadan), toplum içərisindəki mövcud ictimai vəziyyətindən asılı olmayaraq hər kəsin mülki və siyasi haqlarının qorunacağını vəd edir.

Bununla da Azərbaycan Cümhuriyyətinin Konstitusiyası hökmündə olan İstiqlal Bəyannaməsi ilə yeni dövlətin qadına olan münasibəti ilk gündən müəyyən edilmiş oldu.

Cümhuriyyətin ən önəmli addımı qadınlara seçim hüququnun verilməsi oldu.

Belə ki, 1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Bu, Cümhuriyyətin ali seçkili orqanının səlahiyyətlərini tənzimləyən sənəd idi. Əsasnamə 10 fəsil və 116 maddədən ibarət idi.

Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Müəssislər Məclisinə 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Seçkilərdə hər nümayəndə üçün bir seçki dairəsi və səsləri hesablamaq üçün seçki məntəqəsi yaradılmalı idi. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermə hüququ vardı. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsvermə hüququ nəzərdə tutulmuşdu.

Qadınların kişilərlə bərabərhüquqlu olması tezliklə müxtəlif sahələrdə qəbul edilən qanun və nizamnamələrdə də öz əksini tapdı. 1919-cu ilin 29 sentyabrında BDU-nun idarə olunması və tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirən Nizamnamə Məclisi-Məbusanda üç ay çəkən müzakirələrdən sonra qəbul edildi. Nizamnamədə universitetin quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin hüquq və vəzifələri təsbit edilmişdi. 9-cu maddədə qeyd olunurdu ki, universitetin istər tədris, istərsə də idarə və təsərrüfat işlərində qadınlar da kişilərlə bərabər eyni vəzifələrdə çalışa bilər.

Cümhuriyyət dövründə qadınların təhsil almasına xüsusi önəm verildi. 1919-1920-ci dərs ilinin başlanğıcında Azərbaycanda 10 qadın gimnaziyası fəaliyyət göstərirdi. 1920-ci ilin başlanğıcında Bakıda “Maariflənmiş əməkçi müsəlman qadınları ittifaqı”ı da yaradıldı. İttifaq mədəni-maarif işi aparmaq və savadsız qadınlar arasında bilik yaymaq məqsədi güdürdü.

AR Konstitusiyası və gender bərabərliyi

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşuldu. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı il fevralın 6-dan etibarən bu qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandı.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi “Bərabərlik hüququ” adlanır. Həmin maddənin ilk 3 bəndində yazılıb:

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Azərbaycan Avropa İttifaqı ilə Aİ-nin Qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq edir. Azərbaycan Respublikasının qanunlarına nəzər yetirdiyimizdə ölkəmizin Aİ direktivlərinə uyğun şəkildə qanunlar qəbul etdiyini görürük. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” AR Qanunun ilk maddəsində yazılıb: “Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir”.

Qanunun 3.1-ci maddəsində isə açıq şəkildə qeyd olunub: “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır”.

Bu Qanunun 7-ci və 9-cu maddələri Aİ-nin “Bərabər rəftar direktivi” ilə bilavasitə uyğunluq təşkil edir. Həmin maddəyə görə: İşəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir; cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq və s.

Qanunun 6-cı maddəsi isə gender bərabərliyinin qorunmasında dövlətin üzərinə vəzifə qoyur: “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür”.

Təbii ki, Azərbaycanın gənc dövlət olması, Qərbə inteqrasiya prosesinin hələ də davam etməsi qadınların dövlət vəzifələrində, eləcə də seçkili qurumlardakı təmsilçilik nisbəti kişilərlə müqayisədə olduqca aşağıdır. Məsələn, Dövlət Statistika Komitəsinin hesabatında 2017-ci ilə görə parlamentin tərkibi bu şəkildədir: Kişilər: 83,9 %; Qadınlar: 16,1 %

Eləcə də elm sahəsində qadınların təmsilçiliyi kişilərlə müqayisədə azdır. DSK-nın 2018-ci ilin əvvəlinə olan hesabatına görə elmlər doktorlarının sayı belədir: 380 nəfər qadın, 2067 nəfər kişi.

2018-ci ilin əvvəlinə görə fəlsəfə doktorlarının cins üzrə bölgüsü isə belədir: 4082 nəfər qadın, 5137 nəfər kişi.

Amma şübhəsiz ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, eləcə də Avropa Şurasına üzv dövlət olması gender bərabərliyi məsələsində ölkənin daha da geniş təcrübəyə malik olacağını şərtləndirir. Məsələn, “Avropa Şurasının yeni Gender Bərabərliyi Strategiyası 2018-2023” sənədinə baxdığımız zaman üzv dövlətlərin də qarşıda həyata keçirilməsi nəzərdə tutulan hədəfləri mənimsəməli olduğunu göstərir. Belə ki, 2018-2023-cü illər dövrü üçün diqqət altı strateji sahəyə yönəldiləcək:

  1. Gender stereotiplərinin və seksizmin qarşısının alınması və onlarla mübarizə aparılması;
  2. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə aparılması;
  3. Qadınların ədalət mühakiməsinə bərabər çıxış imkanlarının təmin edilməsi;
  4. Siyasi və ictimai qərarların qəbulunda qadınların və kişilərin balanslı iştirakına nail olunması;
  5. Miqrant, qaçqın və sığınacaq axtaran qadın və qızların hüquqlarının qorunması;
  6. Bütün siyasət və tədbirlərdə gender bərabərliyinin nəzərə alınmasına nail olmaq.

Qaynaq:

  1. 75/117/EC sayılı Avropa İttifaqı direktivi
  2. 76/207/EC sayılı Avropa İttifaqı direktivi
  3. 86/378/EEC sayılı Avropa İttifaqı direktivi
  4. Amsterdam Anlaşması. İktisadi Kalkınma Vakfı. İKV 162, 2007
  5. Avropa Şurasının Gender Bərabərliyi Strategiyası 2018-2023
  6. Azərbaycan Respublikasının Konstitusiyası
  7. Azərbaycanda qadınlar və kişilər. 2018. Statistik məcmuə. ARDST-nin nəşri.
  8. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında AR Qanunu.

Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər