Beynəlxalq Əfv Təşkilatı kimi bir neçə təşkilat var ki, onlar ancaq müəyyən güc mərkəzlərinin maraqlarını həyata keçirir, onların sifarişlərinin icraçısıdırlar. Bu təşkiilatın ölkəmizlə bağlı son bəyanatı da təbii ki, ölkəmizə qarşı yönəlmiş qarayaxma kampaniyasının tərkib hissəsidir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O, təəssüflə qeyd edib ki, son günlər belə bəyanatlarla tez-tez rastlaşırıq:
“Bir neçə gün öncə Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkəmizlə bağlı əsassız bəyanatla çıxış etmişdi. Bu gün də Beynəlxalq Əfv Təşkilatının açıqlamasında insan hüquqları mövzusuna toxunması və bununla bağlı olaraq UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməməsi iddiası ilə çıxış etməsi ölkəmizə yönəlmiş qaryaxma kampaniyasının tərkib hissəsidir. Bu gün Azərbaycan inkişaf edən ölkədir. Ölkəmizdə siyasi sabitlik tam şəkildə təmin olunub. 1995-ci ildə qəbul olunan Konstitusiyada bütün vətəndaşların hüquqları ən yüksək səviyyədə təsbit olunub. Azərbaycanda demokratik cəmiyyət qurulub və bu gün ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar, KİV-lər ölkəmizdə olan demokratiyanın göstəricisidir. Amma biz belə qarayaxma kampaniyaları ilə zaman-zaman üzləşirik və açığı belə kampaniyalara öyrəşmişik. Ölkəmizdə həyata keçirlən hər bir beynəlxalq tədbir ərəfəsində bu cür bəyanatların şahidi oluruq. Biz artıq belə açıqlamalara qarşı dözümlü olmuşuq. Yəni, Azərbaycan vətəndaşları artıq bu cür açıqlamaları adi qara piar kampaniyası kimi qəbul edir. Çünki əsassız bəyanatlar olduğunun fərqinə varırlar”.
A.Badamov qeyd edib ki, əgər Beynəlxalq Əfv Təşkilatı reallığı dəyərləndirən təşkilat olsaydı, bu gün Suriyada, Liviyada, İraqda insanların hüquqlarının necə pozulduğu haqqında bəyanat yayardı:
“Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu təşkilat onların uzun illərdir pozulmuş hüquqlarının bərpası istiqamətində bir bəyanat yaya bilərdi. Yaxud vəfat etmiş doğmalarının qəbirlərini ziyarətə getmiş, heç bir günahı olmayan Dilqəm Əsgərov və Şahbaz Quliyevin həbs olunması, onlara işgəncələr verilməsi, uzunmüddətli həbs cəzasına məhkum edilmələri, adi insani hüquqlarının pozulmasına dair açıqlama verərdi. Bütün bunları ümumiləşdirdikdə belə bir nəticə çıxarmaq olar ki, Beynəlxalq Əfv Təşkilatının bəyanatları müəyyən maraqlı qüvvələrin sifarişlərinə söykənir. Bir daha qeyd etmək istəyirəm ki, onlar həqiqətin deyil, qəbul etdikləri sifarişlərin icraçısıdırlar. O səbəbdən bu cür bəyanatlar yayırlar”.