3 İyun 2019 19:55
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləmiş Rasim Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Rasim müəllim, 1993-cü ilin 4 iyun qiyamını necə xatırlayırsınız?
- O dövrdə faktiki hakimiyyətsizlik idi. İşsiz olduğumuza görə imkan yaranmışdı deyə rayonlara gedirdik, siyasi ab-havanı öyrənirdik. Mən hiss edirdim ki, dəyişikliklər olacaq. Xatırlayıram, Şamaxıya qədər yol boyu karikaturalar, söyüşlər yazılmışdı. Bu proses məni narahat edirdi. İstənilən siyasi qüvvənin təbliğat üsul və formaları çox şeydən xəbər verir. Hiss olunurdu ki, nə hakimiyyətdə oturanların gələcəyi yoxdur, nə də hakimiyyətə əl uzadanların. Belə bir vəziyyətdə Azərbaycanın təsadüfi qüvvələrin əlinə keçmə ehtimalı çox güclü idi.

- Niyə?
- Çünki bu proses keçmiş SSRİ məkanında gedirdi. O dövrdə Alma-atada oldum, Pribaltikaya gedib-gəldim. Ermənistanı çıxmaq şərti ilə əksər ölkələrdə olmuşduq. Gürcüstanda dəfələrlə olduq. Hiss edilirdi ki, Rusiya özü başda olmaqla keçmiş respublikalarda istənilən imkan və təsiri olan adamın hakimiyyəti qamarlamaq niyyəti var. Bu proses bəzən yeni siyasi qüvvələrin gəlişi kimi yozmağa çalışılırdı. Ancaq bunların hamısı yalandır. Meydanda və ortalıqda ancaq dağıdıcı qüvvələr vardı. İstər Türkmənistanda, istər Ukraynada, istər Gürcüstanda, istərsə də Azərbaycanda. Sadəcə Pribaltika Qərb ölkələrinə yaxın idi, Qərb orada mövqeyini bərkidə bilmişdi deyə proseslər nəzarət altında gedirdi. Ancaq Gürcüstanda kim nə istəyirdi, edirdi. O illərdə Şevardnadze ölkəyə təzə gəlmişdi. Bizim onunla görüşümüz oldu. Əslində mən Şevardnadzeni bu vəziyyətdə heç vaxt görməmişdim. Halbuki Moskvada Şevardnadze Xarici İşlər Nazirliyində işləyəndə bizim görüşlərimiz olmuşdu. O, çox məlumatlı, soyuqqanlı, tələsmədən qərar qəbul edən, hər şeydən xəbəri olan siyasətçi idi. SSRİ xarici işlər naziri olanda onunla görüşdüyüm zamanı Gürcüstanda və Azərbaycanda hansı proseslərin getdiyindən dəqiq məlumatlı idi. Ancaq Gürcüstanda onunla görüşüm zamanı gördüm ki, Şevardnadze kimi peşəkar siyasətçi belə çaşıb, bilmir neyləsin, özünün atdığı addımdan narahat idi. Yəni belə bir gərgin mühit mövcud idi və Xalq Cəbhəsinə qarşı qiyam bu şəraitdə baş verirdi.

- Xalq Cəbhəsi hakimiyyətinin rəhbərləri dəfələrlə elan ediblər ki, 4 iyun qiyamının arxasında Rusiyanın hərbi kəşfiyyat xidməti, ümumiyyətlə, şimal qonşumuz dayanıb. Bu nə dərəcədə realdır?
- İstər Bakıda, istərsə də Afrikada və ya Avropada dövlət çevrilişləri baş verirsə, şübhəsiz ki, kəşfiyyat bu prosesdə iştirak edir, məlumatlı olur. Sadəcə olaraq, bizdə qəribə vəziyyət yaranmışdı.

Azərbaycanda olan rus ordusunun addımlarından bəzən Moskvadakı Baş Qərargahın məlumatı olmurdu. Məsələn, hansısa imkanlı adam gəlib bir az pul verirdi, rus əsgəri də maşını sürüb Göyçaya qədər gəlirdi, icra hakimiyyətini qorxudub gedirdi. Moskvanın bundan xəbəri olmurdu. Rus ordusu zabitləri də Moskvaya yazırdı ki, burada hakimiyyətsizlikdir və çalışırıq ki, orduya heç nə olmasın. Ancaq faktiki rus ordusu pul alıb hansısa işlər görürdü. Yəni buradakı sovet ordusunun iştirak etdiyi 10 hadisənin beşindən Moskvanın xəbəri olmurdu. Moskvanın özündə baş verənlər dəhşətli idi. Bəyəm Yelsinin özünün ayıq günü olurdu?

- Yəni cəbhəçilərin “çevrilişin arxasında Rusiya durur “ iddiası qeyri-ciddi idi?
- Yox. Belə demək olmaz. Rusiya öz işini görürdü. Yəni Gürcüstanda olduğu kimi, Azərbaycanda da hadisələrdən öz maraqları üçün istifadə edirdi. Məsələn, Şevardnadze ilə təcili danışıb onu Gürcüstana göndərdilər. Ümid edirdilər ki, Şevardnazdze birbaşa Moskva ilə işləyəcək. Amma səhv edirdilər. Şevardnadze də Qorbaçov və başqları kimi çoxdan Amerika ilə işləyirdi. O dövrdə proseslər birmənalı deyildi. Biz öyrənmişdik ki, hər şeydə Rusiyanı günahlandıraq. Amma faktiki Şevardnadze Rusiyanın adamı deyildi, əksinə bilavasitə ABŞ kəşfiyyatı ilə əlaqədə idi.

- Sizin məntiqinizlə cəbhəçi liderlər hansı kəşfiyyatla əlaqəli ola bilərdi?
- Mən Moskvada idim. Hikmət Hacızadə səfir idi və cəbhəçilər Moskvada bəzi görüşlər keçirirdi. Tamerlan Qarayev də Moskvaya gedib-gəlirdi. Məndə o zaman belə rəy yaranmışdı ki, hakimiyyətdə olanların əksəriyyətinin gedən proseslərdən, nələrin olacağından məlumatları yoxdur. Elə düşünürdülər ki, Türkiyə bunların arxasında durub və hər şey edəcək. Halbuki həmin dövrdə Türkiyə Rusiyadan çəkinir və çalışırdı ki, bu məsələni sakit formada həll etsin. Yəni hakimiyyətdə olmaq başqa şeydir, amma siyasi qüvvələrlə dil tapmaq, iş aparmaq başqa. Təsəvvür edin ki, o zaman mən Mingəçevirə bacımın yanına getmişdim. İcra başçısının heç nədən xəbəri yox idi. Surət Hüseynov hər rayona özü getmirdi, 5-6 döyüşçüsünü göndərib deyirdi k, icra başçısı çıxıb getsin. Mingəçevirdə icra başçılarının müavinləri Surətlə əlaqəli idilər. İkincisi, Surət olmasın, mən olum. Ordu ilə gəlsəydim, deyəcəkdilər ki, Rasim müəllim, xoş gəlmisiniz.

- O dövrdə sizin hakimiyyətdə olan cəbhəçilərlə təmaslarınız olurdumu?
- Bəli, olurdu. Cəbhəçilərlə görüşürdüm. Dəfələrlə İsa Qəmbərlə, elə Tamerlan Qarayevlə müzakirə aparırdıq. Düzdür, cəbhəçilər özlərini elə aparırdılar ki, guya böyük siyasi xidmət göstərmiş adamlardırlar. Amma əslində hakimiyyət küçədə asfaltın üstündə qalmışdı. Kimin azca qüvvəsi varsa, gəlib götürə bilərdi. Sizə deyim ki, bunu da çox adam bacara bilərdi. Hakimiyyəti saxlamaq və irəliyə addım atmaq, müsbət siyasi məqsədlərə nail olmaq, müttəfiqlik siyasəti kimi addımları hər adam bacarmırdı. Elə bilirdilər ki, raykomun birinci katibinin kabinetinə girib oturdunsa, məsələ bitdi. Elə deyildi axı. Hakimiyyətdə manevrlər etməlisən, əlaqələr qurmalısan, daxildə qanun yaratmalısan və s. Üstəlik ölkənin pulu yox idi, maaş problemi vardı. Yadıma gəlir ki, Həsən Həsənov da bu işlərə qoşulmuşdu. Siyasi meydana çıxan şəxslərin çoxu Azərbaycanın gələcəyini deyil, öz hakimiyyətini düşünürdü.

- Həmin dövrdə sizin ruslarla əlaqələriniz necə idi?
- Mənim əlaqələrim əsasən Moskvadakı keçmiş partiya xadimləri, nümayəndələri ilə idi.

- Onlar Azərbaycanda baş verən çevrilişə müsbət yanaşırdılar?
- Onlar deyirdilər ki, Moskvanın və Yeltsinin baş verənlərdən xəbəri yoxdur. Yazov Yeltsinə nə deyirsə, onu qəbul edir, araq vurandan sonra da hər şey yaddan çıxır. Açıq deyirdilər ki, Rusiya siyasi rəhbərliyi postsovet ölkələrində gedən prosesləri izləmirlər. Buna nə istəkləri, nə də bacarıqları var.

- Deyirsiniz ki, cəbhə hakimiyyətinin yıxılmasının səbəbkarı onların özüdür və bu çevrilişdə hər hansı xarici amil olmayıb?
- Yox, belə demirəm. Birinci növbədə təqsir cəbhəçilərin özündədir. Əsas günahları da odur ki, hakimiyyətə hazır olan qüvvə deyildilər. Mən bu haqda İsa Qəmbərə, Etibar Məmmədova və digərlərinə deyirdim. Ümumiyyətlə, onlar kabinetə gəlib danışırdılar. Kabinetdə bir söz deyirdilər, meydanlarda başqa söz. Sabir Rüstəmxanlıdan nazir çıxardı? Nazir olmaq üçün gərək çox şey biləsən. Sabir şairdir, istedaddır. Ondan nazir çıxmazdı. Məsələn, mənə dəfələrlə demişdilər ki, sən Bakının katibi ol, başqa yerlərə göndərək. Mən etiraz edib demişəm ki, bu, mənim işim deyil. Bir rayonu idarə etmək üçün təsərrüfatı bilməlisən, insanlarla daim ünsiyyətdə olmalısan. Mənimsə belə əlaqələrim yox idi. Odur ki, mənim işim ideoloji məsələlər idi.

Yəni cəbhə hakimiyyəti qəbul etməyə hazır deyildi. Amma onlar hakimiyyətə gəlməsəydi, Surət kimi biri gələcəkdi. Belə adamlar çox idi. Əslində Xalq Cəbhəsi gözləsə və hakimiyyətə başqa qüvvələr gəlsəydi,s onradan Xalq Cəbhəsi həmin qüvvəni yıxa bilərdi. Çünki o zaman təşkilatlanan ən ciddi qüvvə Xalq Cəbhəsi idi. İnsanlar da onlara inanırdı, düşünürdülər ki, bu qüvvə hakimiyyətə gəlsə, hər şey yaxşı olacaq. Ancaq xalqın tarix və siyasi proseslərdən xəbəri olmur. O dövrdə insanlar ümidini Xalq Cəbhəsinə bağlasa da, bu qurumda müdrik adamlar yox idi. Bəli, Xalq Cəbhəsi hakimiyyətdə olmuş kompartiya ilə əlaqə qursa, tandem yarada bilsə və müvəqqəti olaraq siyasi barışıq əldə etsəydi, 5-10 ildən sonra yeni qüvvə yarana bilərdi. Amma küçələrdən bağıra-bağıra gəlib hakimiyyəti götürməklə iş düzəlməz. Elə bu cür də oldu.

- Siz deyirsiniz ki, o dövrdə Rusiyanın başı özünə qarışmışdı, Surət Hüseynov qiyamında iştirakı yoxdur və s. Bəs niyə sonrakı illər Surət Hüseynov, Rəhim Qazıyev və digərlər həbs təhlükəsi hiss edən kimi məhz Rusiyaya qaçdılar?
- Onlar Rusiyaya qaçmayıblar, Rusiyada yaşayan rus dostlarının yanına qaçıblar. Biri polkovniklə, biri generalla dost olub. Sizə səmimi deyim ki, bu adamların Moskvanın özündə və rus ordusunda elədə ciddi müttəfiqləri yox idi. Rəhim Qazıyev ya Qraçovu, ya da başqa bir generalı tanıyırdı. Ümumiyyətlə, hər şey yalan, fırıldaq və avantüra üzərində qurulmuşdu. Ona görə də, tez çökdülər.


Müəllif: Cavad

Oxşar xəbərlər