1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinə sədr seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu.
Bunu Teleqraf.com saytına açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu:
“Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı. Digər tərəfdən, əgər 1991-1993-cü illər ərzində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Başqa sözlə, ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini bərpa etməyə çalışırdılar. Amma ölkədəki situasiya əvvəlki kimi deyildi. Ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu. Yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. Bu kritik tarixi hadisədən sonra Azərbaycan etnik və regional separatçılıqdan, vətəndaş müharibəsindən qurtuldu, ölkəmizdə ən yeni siyasi tariximizin fundamental təməlləri yaradıldı və Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxarıldı. Bu gün də həmin yol inamla davam etdirilir və heç şübhəsiz ki, bu Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Olduqca mürəkkəb bir regionda hazırkı inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi ki, Azərbaycan da bunu bacardı”.