Ukraynada keçirilən seçkilər artıq başa çatıb. Hakimiyyətə yeni gələn prezident Zelenskinin parlamentdə söz sahibi olması üçün 50+1 səs üstünlüyü olmalıdır. Amma seçkilərin nəticəsinə görə onun “Xalqın xidmətçisi” partiyası 42-43 faiz səs toplayıb. Yəni parlament çoxluğu prezidentin partiyasında olsa da, tələb olunan çoxluq əldə edilməyib.
Bu fikirləri Teleqraf.com-a “Ayna-Zerkolo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı Ukraynada dünən keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
O əlavə edib ki, son informasiyaya görə, sabiq baş nazir Yuliya Timaşenkonun Vətən Partiyası və Səs Partiyası bəyan ediblər ki, Moskva yönlü qüvvələrlə heç vaxt koalisiyaya getməyəcəklər: “Yəni koalisiyaya yalnız prezident Vladimir Zelenskinin partiyası ilə gedəcəklər. Bu o deməkdir ki, prezident Ali Radada 50+1 üstünlüyü qazanır. Yəni parlamentin yarıdan çoxunun dəstəyini ala biləcək. Bununla da prezident artıq Ukraynada yeni proqramını, dəyişiklikləri həyata keçirməkdə tam əsası olacaq. İndi Zelenski Ukraynada hansı addımlar atacaq, necə dəyişikliklər edəcəyini zaman göstərəcək. Seçki ərəfəsində Zelenski insanlara söz vermişdi ki, kommunal xidmətlərin qiymətini aşağı endirəcək. Əslində bunlar seçki öncəsi verilən ənənəvi vədlərdir, amma büdcəni doldurmaq lazım gələndə bu vədlər yaddan çıxır. Zelenski üçün əsas sınaq parlament seçkilərinin rəsmi məlumatları elan olunduqdan və koalisiya hökuməti yarandıqdan sonra başlayacaq”.
Ukraynada mürəkkəb vəziyyətin mövcud olduğuna diqqət çəkən Elçin Şıxlı əlavə edib ki, belə hallarda qətiyyətli addımların atılması qaçılmaz olur: “Amma hakimiyyətə gəlmək və sonra dövləti idarə etmək üçün çox güclü maddi bazan olmalıdır. ABŞ və Qərb ölkələrində başqa sistemdir, amma eyni zamanda istənilən halda hakimiyyətdə qalıb hökuməti yönəltmək üçün maddi bünövrə olmalıdır. Zelenskinin isə belə maddi və maliyyə bünövrəsi yoxdur. Yəni maddi cəhətdən bünövrəni təmin edən şəxs və ya şəxslər olduğundan Zelenski bir çox hallarda onlardan asılı olacaq. İndi onların çiynində hakimiyyətə gəlib, sonradan onları sayıb-saymayacağı da başqa məsələdir. Əslində hər şey həm də bundan asılıdır”.