“Ermənistan və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi arasında ermənilərin yeni yol çəkməsi təsadüfi deyil”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Ekspertin fikrincə, işğal bölgəsi ilə Ermənistan arasındakı mövcud yollar Azərbaycan ordusunun nəzarəti altındadır və buna görə də həmin yollar ermənilər üçün təhlükəsiz deyil:
“1960- 1970-ci illərdə amerikalılar Əfqanıstanda (Kabildən SSRİ sərhədlərinədək) uzunluğu 1000 kilometrə yaxın olan yeni yol çəkdi. 1970-lərin sonunda sovet tankları həmin yoldan keçib Kabilə girdi.
Rusiyanın, sonra da SSRİ-nin düz-əməlli yolları olmadığına görə vaxtilə öncə Fransanın (1812), sonra da Almaniyanın (1941) qoşunları Rusiyada böyük itkilərlə üzləşməli oldular, hücum planları pozuldu.
NATO-nun son araşdırmalarının birində yazılır ki, SSRİ-nin dağılmasından sonra Avropada tikilmiş yeni yollar strateji məqsədlərə uyğun gəlmir. Həmin yolların eni, örtüyü, körpüləri və sair böyük həcmdə hərbi yüklərin, texnikanın və canlı qüvvənin səmərəli daşıması üçün yararsızdır. Bu, öz növbəsində, Rusiyadan Avropaya quru üzərindən hücum zamanı Avropanın müdafiə imkanlarını təhlükəli dərəcədə azaldacaq”.
Erkin Qədirli qeyd edib ki, orta əsrlərdən bu yana, yolların strateji önəmi olub:
“Yollardan, ticarətdən tutmuş savaşa qədər, çeşidli məqsədlər üçün istifadə olunur. Orduların hücumları, dövlətlərin və imperiyaların genişlənməsi və sair - hər şey yollardan asılıdır. Yeri və yönü doğru seçilmiş, tikintisi düzgün aparılmış yolları qorumaq, eləcə də düşmənin tikdiyi yolları ələ keçirmək və ya nəzarətə almaq, dövlətlərin önəmli strateji vəzifəsidir”.
Qarabağ və Ermənistan arasında çəkilən yeni yola gəlincə, Erkin Qədirlinin fikri belə olub: “Ermənilər yeni yolu bekarçılıqdan deyil, ehtiyacdan tikirlər. Aşağıdan (cənubdan) keçən yol onlar üçün artıq təhlükəsiz deyil (Lələtəpə + Naxçıvandakı yüksəkliklər). Bütün savaşlarda işğaldan qurtulmağa doğru gedən strateji yollardan biri - işğalın işğalçı üçün mümkün qədər baha başa gəlməsinə nail olmaqdır”.