“2019-cu ilin 6 ayının yekunlarına dair sosial-iqtisadi müşavirədə səsləndirilən rəqəmlər Azərbaycanın inkişafını ortaya qoyan mənzərədir. Xüsusilə, Azərbaycanın valyuta ehtiyatlarının 49 milyard dolları keçməsi, xarici borclarının isə 4 faiz azalaraq cəmi 19 faiz təşkil etməsinə diqqət çəkmək istərdim”.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət Həsənova dünən Prezident İlham Əliyevin ilin 6 ayının yekunlarına dair keçirdiyi müşavirədə səsləndirilən rəqəmlər və görülən işlər haqqında danışarkən deyib.
Deputat əlavə edib ki, Prezident Əliyevin ildə bir neçə dəfə müşavirə keçirməsi, görülən işlər haqqında məlumatların açıqlanması, qarşıya qoyulan məqsədlərin müəyyən olunması bir ənənə halını alıb.
Onun sözlərinə görə, prezidentin apardığı dönməz islahatlar, həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizin uğurlara imza atmasına səbəb olur: “Bundan əvvəl baş tutan müşavirə ilə dünən keçirilən müşavirə zamanı səsləndirilən rəqəmlər arasında nə qədər fərqin olduğu nəzərə çarpdı. Prezidentin vaxtaşırı hesabat müşavirəsi keçirməsi, görülən və görüləcək işlər, boşluqlar, görülməli işlər, bir sözlə, xalqı narahat edən bütün məsələlərin müzakirə edilməsi ənənə halını alıb.
Azərbaycan nadir ölkələrdəndir ki, güclü valyuta ehtiyatı var. Mən bunu bizim qonşu ölkələrlə müqayisə etmək istəməzdim, çünki buna ehtiyac yoxdur. Azərbaycanın xarici valyuta ehtiyatları artıq 49 milyard dolları keçir. Bu ilin 6 ayı ərzində valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Həmçinin xarici borclarımızın həcmi 4 faizi azalıb. Xarici borclarımız ümumi daxili məhsulun 19 faizini təşkil edir.
Elə ölkələr var ki, xarici borcları ümumi daxili məhsulu üstələyir. Bunlar reallıqdır. Əslində bu uğurlar prezidentin apardığı siyasətin nəticəsidir. 2018-ci ilin 11 aprelində baş tutan prezident seçkilərindən sonra ölkəmizdə bütün istiqamətlərdə sürətli inkişaf başlayıb. Bu islahatlar davamlı olaraq 2003-cü ildən aparılır, amma 2018-ci ildən daha böyük çapda, dünyada baş verən qlobal proseslərlə uzlaşan siyasət aparılır.
Məhkəmə-hüquq, maliyyə-bank, sosial-iqtisadi sahədə ciddi islahatlar davam etdirilir”.
Deputat qeyd edib ki, Azərbaycanın xarici borcunun ümumi daxili məhsulla müqayisədə az olması iqtisadi və maliyyə-pul siyasətinin effektiv aparılmasının nəticəsidir: “Bu, prezidentin şəxsən özünün məsələni diqqətdə saxlamasının nəticəsidir. Belə bir şəffaf siyasət və diqqət, məsuliyyətlilik, hesabatlılıq olmasaydı biz buna nail ola bilməzdik.
Valyuta ehtiyatlarımızın artması effektiv maliyyə idarəçiliyindən xəbər verir. Nəzərə alınmalıdır ki, bu proseslə paralel olaraq sosial-iqtisadi sahədə ciddi addımlar atılır. Məsələn, bu il elə bir sahə qalmadı ki, orada əmək haqları artırılmasın. Təqaüdlər, əlillərin müavinətləri, qaçqın, tələbə təqaüdləri, digər büdcə qurumlarında çalışanların əmək haqları artırıldı. Bütün bunlar böyük maliyyə deməkdir. Bunu həyata keçirmək üçün ciddi maliyyə resursları və effektiv idarəçilik olmalıdır.
Bu addımlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu siyasət aparır və hesab edirəm ki, yaxın dövrdə qarşıya qoyulan məqsədlərə də nail olunacaq”.