6 Avqust 2019 15:46
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Buna qədər heç bir Ermənistan rəhbəri - nə savaşı udmuş Ter-Petrosyan, nə qarabağlı olan Köçəryan və Sərkisyan Qarabağın Ermənistan olduğunu söyləməyib. Amma Paşinyan söylədi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın bu açıqlamasının bir sıra səbəblərinin olduğunu bildirib:

“Paşinyanın Ermənistanda ciddi problemləri var. Birincisi, o, seçkilərdə verdiyi sosial-iqtisadi vədləri hələ də gerçəkləşdirə bilməyib. İkincisi, ölkəyə xarici maliyyə yatırımlarını, özəlliklə diaspora ermənilərinin sərmayələrini cəlb edəcəyini söyləmişdi, edə bilmədi. Buna görə də Xankəndində erməni milyardedrlərinə və milyonçularına yenidən səsləndi.

Digər yandan, Paşinyanın “Qarabağ klanı”yla ciddi problemləri var. Qarabağlıların orduda nüfuzu hələ də güclüdür, üstəlik, onlar Moskvaya bağlıdırlar.

Problem ondadır ki, xalqın dəstəyilə hakimiyyətə gəlmək olur, amma hakimiyyətdə qalmaq üçün bir tək xalqın dəstəyi yetərli deyil. Paşinyan indi bunu aydın görə bilir, ona görə də mitinqlərdən əl çəkmir. Paşinyanın gücü küçədədir, küçə gücü isə qısa zamanda yox ola bilir”.

Erkin Qədirli qeyd edib ki, Bakının razılığı olmasa, heç kəs Qarabağı Ermənistanın ərazisi kimi tanımayacaq: “Bakı da buna razılıq verəsi deyil. Üstəlik, heç kəs Qarabağa görə Bakıyla münasibətini pozmaq istəməyəcək, bu, kimsənin marağında deyil. Odur ki, Paşinyanın söylədikləri populizmdən başqa nəsə deyil və erməni dilində bildirilən mənalardan qırağa çıxdıqda önəmini itirir”.

Əlavə edəkki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn Paşinyan burada “Qarabağ Ermənistanındır” (“Miatsum”) ifadəsinə yer verib. Onun bu bəyanatı rəsmi Bakının etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər