8 Avqust 2019 09:14
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə tez-tez baş tutan səfərləri və VII dəfə keçirilən “Erməni Oyunları”nın açılış mərasimində iştirak etmək üçün Xankəndinə gəlişinin əsl səbəbləri bəlli olmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV Paşinyanın Xankəndində Azərbaycan əleyhinə bəyanatının müzakirə olunduğu vaxt Qarabağdakı separatçı rejimə qarşı hazırlanan gizli qiyam məsələsini yenidən müzakirəyə çıxarıb.

Vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”na yaxınlığı ilə seçilən media qurumları qiyamçı baş nazirin işğal bölgəsində əks-inqilaba hazırlaşdığını iddia edir:

“Təsadüfi deyil ki, Paşinyan Xankəndində olarkən, gələn il Qarabağda keçiriləcək prezident seçkisinə daha çox diqqət ayırdı və bu prosesin şəffaf məcrada keçəcəyinə ümid etdiyini bildirdi. Eyni zamanda, qeyd etdi ki, Qarabağın mövcud rəhbərliyinə qarşı əks-inqilabın qarşısını vaxtında almaq lazımdır.

Bu, Paşinyanın tez-tez baş tutan Qarabağ səfərlərinin qaranlıq məqamlarına işıq salır. Buna adekvat olaraq, “Qarabağ Ermənistanındır” ifadəsinə yer verən baş nazir burada da öz tərəfdarlarının sayını artırmağı qarşısına məqsəd qoyur. Əlbəttə, bu bəyanat özlüyündə Nikol Paşinyanın şəxsi və siyasi məqsədlərinə yönəlik elementlərlə zəngindir”.

Azad Vətən Partiyasının lideri Araik Harutyunyan da Qarabağ separatçıları arasında Ermənistanın mövcud rəhbərliyinə qarşı olan kəskin münasibətə diqqət ayırır və qeyd edir ki, bu etiraz dalğası yüksələn xətt üzrə gedir.

Harutyunyan Qarabağda qondarma rejimə qarşı böyük əks-inqilabçı şəbəkənin formalaşdığını istisna etmir və bu şəbəkənin başında Qarabağ Muxtar Vilayətinin keçmiş rəhbəri Samvel Babayanın durduğuna eyham vurur. Lakin partiya lideri Babayanın Paşinyanın “Qarabağın yeni rəhbəri” üçün ideal variant olduğunu istisna edir.

Erməni KİV də Qarabağdakı “əks-inqilabçı qüvvələr”ə Samvel Babayanın başçılıq etdiyini bildirir: “Lakin Babayanı Qarabağın prezidenti kimi görmək Paşinyan üçün sərfəli deyil, çünki tabe ola biləcək insan deyil. Digər yandan, Babayanın adı tez-tez Qarabağın Azərbaycana verilməsi tərəfdarlarının arasında hallanır. Belə bir şəxsin rejimin başına keçirmək indiki məqamda Paşinyanın əleyhinə işləyə bilər”.

Maraqlıdır ki, bəzi erməni media qurumları Xankəndində “Qarabağ Ermənistandır” ifadəsinə yer verən Paşinyanı münaqişədə Azərbaycana güzəşt edəcək şəxs kimi təqdim edir və seçki planını buna uyğunlaşdırmağa cəhddə günahlandırır:

“Bu səbəbdən Paşinyana İrəvandan asan idarə oluna biləcək şəxs lazımdır ki, nə Qarabağ, nə də Ermənistan daxilindən özünə qarşı təhlükə hiss etməsin”.

Paşinyan planını həyata keçirmək üçün həm Qarabağ, həm də Ermənistanda “cadugər ovu”na başlayıb və özünə qarşı olan ən adi tənqidləri belə “qaranlıq qüvvələr”ə bağlamağa çalışır. Ermənistan, ya da Qarabağda əslində mövcud olmayan “beşinci kolon”u axtarır. Yəni Paşinyan Qarabağdakı prosesləri İrəvandan asanlıqla idarə etmək üçün ən uyğun bir şəxsin başçı olmasını istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər