14 Avqust 2019 19:30
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və İran prezidentlərinin son telefon danışığı ondan xəbər verir ki, Moskvada üçlü – Rusiya, Azərbaycan və İran zirvə görüşünün təxirə salınmasının səbəbkarı nə Bakıdır, nə də Tehran. Moskvada Azərbaycan və İran prezidentləri ayrıca görüşməli idilər və bunun anonsu günlər öncədən verilmişdi, onlar bu görüşdə maraqlı idilər, ancaq onlardan asılı olmayan səbəbdən (Kremlin elan etdiyi “texniki səbəb”) görüş baş tutmadı. Ona görə də İran və Azərbaycan prezidentləri heç olmazsa telefonla fikir mübadiləsi aparmağa ehtiyac duydular”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Amerikanın ağır sanksiyalarının təsiri altında olan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyəti artıb:

“Bunu İran prezidenti Həsən Ruhaninin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla söhbətdə işlətdiyi ifadələr də göstərir. İlham Əliyev də əməkdaşlığın inkişafının əleyhinə deyil, tam əksinə İranı Ermənistanla birgə layihələrdən uzaqlaşdırmaq rəsmi Bakının əsas vəzifələrindən biridir. Sadəcə, Həsən Ruhaninin telefonda söylədiyi bir cümlə diqqəti cəlb edir. İkitərəfli təmaslardan məmnuniyyətini dilə gətirən Həsən Ruhani deyib: “İki ölkə arasındakı razılaşmaların yerinə yetirilməsinin sürətləndiriləcəyinə ümid edirəm”.

Hansı razılaşma ləng həyata keçirilir ki, Həsən Ruhani sürətin artırılmasını arzu edir? Bəlkə söhbət Azərbaycanın Rəşt-Astara dəmiryolunun tikintisinə ayırmalı olduğu 500 milyon dollar razılaşmasından gedir?.

Elxan Şahinoğlunun sözlərinə görə, Amerika İranla bank köçürmələrinə qarşı sanksiyalar tətbiq edir:

“Ona görə də krediti ayırmaq asan məsələ deyil. Azərbaycanla İran arasında kredit razılaşması ABŞ prezidenti Barak Obamanın dövründə əldə olunub. Həmin dövrdə isə ABŞ-ın İrana qarşı indiki sanksiyaları qüvvədə deyil, əksinə nüvə razılaşması əldə olunmuş və İran iqtisadi inkişafa ümid edirdi.

Donald Trampın prezident seçilməsi ilə bütün razılaşmalar pozuldu. Əlbəttə, Azərbaycan şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində maraqlı olan ölkədir, ancaq bizdən asılı olmayan reallıqlar da yaranıb ki, Tehran bunu nəzərə almalıdır. Bu reallıqlarla hətta bəzən Rusiya hesablaşır.

Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Məhəmməd Zəriflə görüşdən bir neçə gün sonra belə ifadə işlətmişdi: “Biz yanğınsöndürən maşın deyilik ki, hər yerə özümüzü çatdıraq”. Yəni Putin demək istəyirdi ki, əlbəttə Rusiya İranla tərəfdaşlığa və əməkdaşlığa davam edəcək, ancaq İranı Amerikanın sanksiyalarından qurtara bilməyəcək. Putinin təbirincə desək, Azərbaycan da yanğınsöndürən maşın deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər