3 Sentyabr 2019 18:39
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şura” adlandırılan dərnəyin üzvü Gültəkin Hacıbəyli ilə keçmiş həyat yoldaşının ailə üzvlərinin gərgin münasibəti bir müddətdir ki, ictimai diqqət mərkəzindədir. Xüsusilə də keçmiş qayınanası onu məhkəməyə verəndən sonra məsələyə maraq daha da artıb. Biz şəxsi həyatın ictimailəşdirilməsinə qarşıyıq, amma siyasi fiqurların şəxsi həyatı olmur; onların şəxsi yaşamları əsl simalarının daha yaxşı görünməsinə, cəmiyyətin onları daha yaxşı tanımasına səbəb ola bilir. Bu isə vacibdir. Elə vacib olduğuna görə də, Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova ilə söhbətləşdik.

- Gültəkin Hacıbəyli və ətrafındakılar tez-tez deyirlər ki, qayınanasının onu məhkəməyə verməsi mentalitetimizə ziddir...

- Onların mentalitetdən danışmağa heç bir haqları yoxdur. Mən bircə dəfə də olsun, onun özündən mentalitetimizə uyğun hansısa davranış görməmişəm. Nə oğlumla bir yerdə yaşayanda, nə də ayrılandan sonra. Bəs 2005-ci ildə Gültəkinin heç bir hüquqi əsası olmadan qayınanasını və ərini məhkəmələrə verib, üç il müxtəlif instansiyalarda süründürüb, əmlakına həbs qoyduraraq, satdırıb, pulunu əllərindən alması mentalitetimizə uyğun idi ki!?

“Əvvəldən oğlumun onunla ailə qurmasına qarşı idim”

- Mentalitetdən söhbət düşmüşkən, Azərbaycan mentallığında bir gəlin obrazı var. Gültəkin Hacəbəyli sizin ailənin üzvü olanda həmin obraza nə dərəcədə uyğun idi?

- Mənim ona hətta keçmiş zamanda belə, “gəlin” deməyə dilim gəlmir. Çünki o, heç vaxt gəlin, ana, həyat yoldaşı olmayıb, hər zaman elə indiki kimi hikkəli bir qadın olub. Əslində lap əvvəldən oğlumun onunla ailə qurmasına qarşı idim. Son dövrlərdə gedib ölkəsini satanlara qoşulandan, xalqına və millətinə xəyanət edəndən sonra əsl üzünü hamı gördü. Amma bu sifət onda elə hər zaman olub.

O, bizim ailəmizə çox ağrılar yaşadıb. “Gəlinim” olduğu 14 ay müddətində də bizə qarşı böyük haqsızlıqlar edib, indi də həmin yoldadır. Mən, oğlum, digər qohumlarımız da ona görə çox əsəb, narahatlıq, gərginlik keçirmişik.

- Bəs öz həyat yoldaşına qarşı necə idi? Biz azərbaycanlılar adətən gəlini qayğıkeş, həyalı, ədəb-ərkanlı təsəvvür edirik... Ümumiyyətlə, onlar necə dolanırdılar və ailə münaqişələri nədən başladı?

- Xahiş edirəm, dərdimi təzələməyin. Onun mənim oğlumla bir yerdə yaşadığı vaxtlarda etdiyi hərəkətlər çox ürəkbulandırıcı və ağlasığımaz idi. Biz bu haqda heç vaxt heç bir yerdə danışmamışıq. Elə indi də danışmaq istəmərəm… Mənim və oğlumun müxtəlif instansiaylara müraciətlərimiz və şikayətlərimiz ancaq onlar boşandıqdan sonra Gültəkinin etdiyi qanunsuz əməllər barədə olub. Ailə sirrlərinə isə toxunmayaq.

- İndi siyasətçi Gültəkin Hacıbəyli çox aqressivdir. O vaxtlar da elə idimi?

- İnanın, o vaxtlar əlində imkan var idi deyə, özünü indikindən qat-qat sərt aparırdı. Aqressiyası, hikkəsi, hədə-qorxu gəlməsi indikindən qat-qat artıq idi.

***
...23 may 2003-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Gültəkin Hacıyevaya Nəsimi rayonu, S.Vurğun küçəsi, 92 a ünvanında 12 saylı üçotaqlı mənzil verilir. Bundan yarım ay sonra, 2003-cü il iyunun 7-də Gültəkin Hacıyeva Mahmud Mehdiyevlə rəsmi nikaha daxil olurlar. Onların təzə mənzili təmir etməyə maddi imkanları yox idi. Gültəkin mənzili təmir etdirmək üçün qayınanasından pul istəyir. Oğlu Mahmudun da təkidlərindən sonra Nəhayət xanım 50 min ABŞ dolları xərc çəkərək həmin mənzili təmir etdirir.

***

“Gültəkin doğma əmisinə “torba tikdi”

- Siz özünüz 50 min dolları haradan almışdınız?

- Müxtəlif yerlərdən toplamışdım. Bəzi əşyalarımı satmışdım, qohumlara ağız açmışdım... Mənim hələ SSRİ vaxtından Moskvada yaxın qohumlarım yaşayırlar və ailəmizin indi də orada ortaq biznesi var, əlimizdə həmişə pul olub. Axı söhbət mənim oğlumun ailəsindən gedirdi. Gültəkin söz vermişdi ki, təmir olunduqdan sonra həmin mənzili yüksək qiymətə kirayəyə verəcək, üstəlik Göranboy rayonunda qurduğu biznesdən də əldə etdiyi gəlirin hesabına borcu qaytaracaq.

- Söhbət hansı biznesdən gedir?

- Onun əmisi İdris Hacıyevin adına «Emil» MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürə bilmədiklərindən, Gültəkinin təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev «cəzalandırıldı», karxana əlindən alındı.

- Nəyə əsasən?

- İddia bununla əsaslandırılmışdı ki, guya karxananın yerləşdiyi ərazidə yaşayış evləri olduğundan, orada mədən işləri aparmaq olmaz, təhlükəlidir. Lakin, bundan sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış «Gülüstan» MMC-nin icarəsinə verildi.

- Yəni öz əmisinə “torba tikdi”?

- Əməlin adını artıq siz özünüz qoyun! Amma fikir verin, doğma əmisinə qarşı belə çirkin addım atan birisindən nə ğözləmək olar? Cavabını da özüm deyim – hər cür xəyanət. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş birisidir.


***
..."Milli yol" qəzetinin (o vaxt bu müxalifət qəzetinin redaktoru Elnur Astanbəyli idi) 6 oktyabr, 2005-ci il tarixli buraxılışında oxuyuruq: "...Bu gün yenidən Goranboydan deputatlığa namizəd olan Gültəkin Hacıyeva nə üzlə buraya təşrif buyurub və danışmağa dili varmı? Maşınlarda gəzən bu xanım nəinki bu rayonda sevilmir, hətta onun əleyhinə imzatoplama kampaniyası başlanıb... Goranboy rayonunda Gültəkin Hacıyevaya qiymət vermək üçün onun əmisilə söhbətləşməyi məqsədəuyğun saydılar. Bildirdilər ki, vaxtilə Gültəkinin nənəsi dünyadan köçəndə onu əmisi yas yerinə buraxmayıb. Bundan sonra xanım deputat ayrı çadır qurub və yas verdirib…

...Sən demə, yaraşıqlı görünən bu xanımı öz rayonunda o qədər də sevmirlərmiş. Səbəbini yəqin ki, onlar özləri daha yaxşı bilirlər. Sən demə, rayonun ən iri şirkətləri icra başçısına haqq vermirlər. Onlar bildirirlər ki, bizim "patron"umuz Gültəkin xanımdır və bizə də belə tapşırıb".

***
- Qayıdaq borc məsələsinə. Onun axırı necə oldu?

- Gültəkin həmin pulu qaytarmadı. Mənim isə aldığım borclar yığılıb, üstümdə qalmışdı. Məcbur oldum ki, ikiotaqlı mənzili satıb, həmin borcları ödəyim. Amma mənzili satandan sonra Gültəkin məni - hələ boşanmadıgı ərinin anasını, yəni öz rəsmi qayınanasını məhkəməyə verdi.

- ???

- Təsəvvür edirsiniz? Dedi ki, həmin mənzildə yaşayıb və ona da pay düşməlidir. Məhkəmə onun xeyrinə qərar çıxardı, mənzilimin alqı-satqı müqaviləsi ləğv edildi, şəxsi mülkiyyətimdə olan digər əmlaklar hərraca cıxarıldı və biz məcbur olduq, daha doğrusu, məcbur edildik ki, ona 22 min manat ödəyək.

- Bu, nə dərəcədə qanuni idi?

- Ancaq onu deyə bilərəm ki, o vaxt Gültəkin özünün statusundan sui-istifadə etdi. Həm də çox vicdansız formada. Bu gün haqq-ədalətdən, düzgünlükdən danışan adam əlində imkan olanda hər addımda qanunları öz xeyrinə pozurdu.

- O, sizin nəvənizin anasıdır. Necə bir anadır, sizcə?

- “Ana” müqəddəsdir, böyük sözdür, gəlin onu ucuzlaşdırmayaq. Övladını öz kininə, hikkəsinə qurban verərək, atasız böyüməyə məhkum edən qadına ana demək olmaz. Əsl analara haqsızlıq edərik. O, vaxtilə hər yola əl atdı ki, uşaq nə atası ilə görüşə bilsin, nə də biz tərəfdən olan digər qohumlarıyla. Bununla əslində uşağın da hüquqlarını pozurdu, atanın da, başqa qohumların da. O, hələ rəsmən boşanmamışdan əvvəl belə edirdi.

- İkinci dəfədir bilmirəm ki, çaşqınlığımı hansı sualla ifadə edim...

- Çünki onun hərəkətləri doğrudan da, bəzən normal məntiqə sığmır. Gültəkin ərindən rəsmən boşanmamışdı, yəni hələ məhkəmənin qərarı yox idi, amma nə oğlumu, nə də məni uşağı görməyə qoymurdu.

- Onda uşağın neçə yaşı var idi?

- Körpə idi, təzə doğulmuşdu. Amma Gültəkin onu bizdən uzaqlaşdırmaqla uşağın da, atanın da, mənim də, digər qohumların da hüquqlarını pozmuşdu.

- Bəs niyə işi hüququ yolla həll etmədiniz?

- Eləməyə çalışdıq. Hətta, həmin vaxt - 2005-ci ildə işə baxan Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası rəsmən bildirmişdi ki, azyaşlı Mehdiyev Toğrul Mahmud oğlunun - yəni nəvəmin,- hansı valideyinin himayəsinə verilməsinin məhkəmə tərəfindən həll edilmədən, valideyinlərdən biri tərəfindən özbaşına şəkildə öz himayəsinə götürülməsi, bu zaman atasına görüş verməməsi qanunsuzdur.

Amma biz işi hüquqi yolla həll etməyə çalışarkən Gültəkin Hacıbəyli bizə təzyiq göstərməkdən ötrü hər yola əl atırdı. Əvvəlcə o, Milli Məclisin rəsmi Blankından istifadə etməklə görüşə razılıq verən Səbail rayon İcra Hakimiyyətinə etiraz göndərmişdi. Sonra Daxili İşlər Nazirliyinə müraciət etdi, oğlumun haqqında yalan, böhtan dolu, təhqiramiz bir ərizə yazdı ki, guya oğlum Gültəkinə zəng edərək onu və azyaşlı uşağı öldürməklə hədələyib! Özü də, yenə Milli Məclisin blankında! Təsəvvür edirsinizmi?! Mən başa düşə bilmirəm, ailə münasibətlərinin Milli Məclisə nə dəxli vardı ki, Gültəkin dövlət qurumlarına həmin orqanın blankı ilə müraciət edirdi? Təbii ki, bu da bir təzyiq vasitəsi və sui-istifadə idi.

- Onda artıq boşanmışdılar?

- Yox! Rəsmi evli idilər. Və Gültəkin Hacıbəyli öz çirikin niyyətinə çatmaqdan ötrü öz uşağının atasını, rəsmi nikahda olduğu şəxsi bu cür ləkələmişdi. Onun böhtanından sonra DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində oğlumun barəsində araşdırma aparıldı. Təsəvvür edirsinizmi, bu, oğlum üçün, mənim üçün, ailəmizin digər üzvləri üçün nə demək idi?! Hamımız mənəvi sarsıntı keçirmişdik, əsəblərimiz pozulmuşdu.

Yeri gəlmişkən, sonradan maraqlandıqda məlum olmuşdu ki, Gültəkin Hacıbəyliyə ümumiyyətlə, hec kim zəng edərək hədələməyib. Yəni deputat öz hikkəsinə görə, sırf pislik etmək məqsədilə hüquq-mühavizə orqanına bilə-bilə yalan məlumat verib.

- İndi heç olmasa, hansısa yolla nəvənizdən xəbər tuta bilirsinizmi?

- Biz hələ qohum olmazdan əvvəl 20 il ailəvi dostluq münasibətlərimiz olub. Ona görə də, ümumi tanışlarımız çoxdur. Anasının təsiri altında olan və həqiqəti hələ ki dərk edə bilməyən uşaq ilə ünsiyyət qurmadan, ümumi tanışlarımızın vasitəsilə maraqlanıram.

“Gültəkin hər zaman saxta, ikiüzlü və riyakar olub”

***
...Gültəkin Hacıbəylinin 09.10.2010-cu ildə "Qafqazinfo" və Milli.az saytlarında dərc olunan müsahibəsində (https://news.milli.az/politics/23112.html) belə bir yer var. O, deputat olmaq istəməməsinin səbəblərini izah edərkən deyir:

- Düşünürəm ki, müəyyən fasiləyə ehtiyac var. Başqa planlarım var. İlk öncə, ciddi şəkildə doktorluq dissertasiyamla məşğul olacağam. Elmi yaradıcılığımdakı boşluğu doldurmalıyam.

- Hər zaman dəstəklədiyiniz komanda ilə münasibətlərinizi bundan sonra necə qurmağı düşünürsünüz?

- Buna qədər olduğu kimi. Ən yüksək səviyyədə. Bu komandada təmsil olunanların əksəriyyəti Azərbaycanın ən ləyaqətli övladlarıdır. Bir də, axı nə dəyişib ki? 27 yaşımdan mən bu komandanın fəal üzvlərindən biri olmuşam. Ulu Öndərin atalıq qayğısını hər zaman hiss etmişəm. Əziz Prezidentimizin rəhbərliyi altında Azərbaycanın AŞPA-dakı ilk nümayəndə heyətində təmsil olunmaq şərəfinə nail olmuşam. Mənim üçün bu gün də heç nə dəyişməyib və dəyişməyəcək də. Mən əqidə və prinsip adamıyam.
***

- Onu yaxından tanıyan şəxs kimi necə düşünürsünüz: Bu sözləri deyən adam nə zaman, hansı hadisədən sonra dəyişdi?

- Heç vaxt dəyişməyib, o, elə hər zaman saxta, ikiüzlü və riyakar idi. Mənim Gültəkin Hacıbəliyə bir sualım var: deputat seçilməyəndən sonra o, bircə dəfə də olsun atalıq qayğısın gördüyü Ulu Öndərin məzarını ziyarət edibmi? Və ya 2011-ci ilə qədər o, indi “öndər” dediyi Rəsulzadənin dogum günü, yaxud, vəfatı ilə bağlı hər hansı bir tədbir keciribmi, belə bir tədbirdə iştirak edibmi? Hər zaman yalnız öz mənfəətini düşünüb, ancaq özünə sərf edən addımları atıb.

- İqtidar komandasında olduğu vaxtlarda onda müxalifətə hansısa meyl, rəğbət hiss etmisinizmi?

- Heç vaxt. Hətta deyərdim ki, müxalifətə nifrəti vardı. Yadınıza salın: Gültəkin Hacıbəyli 2000-2005-ci illərdə Milli Məclisdə Əli Kərimli ilə eyni vaxtda fəaliyyət göstərib. O vaxt bəzən çox sərt şəkildə müxalifləri tənqid edirdi. Əhəd Abıyev Əli Kərimlini təhqir edəndə onun müdafiəsi üçün bircə kəlmə söz demişdimi? Yox. İndi o, Kərimlinin üzünə necə baxır? Bunu bacarmaq lazımdır.

- Bəs sizcə o, indiki siyasi mövqeyinə, düşərgəyə nə qədər sadiqdir?

- Sədəqət kimi gözəl sözü o qadına aid etmək böyük günahdır. Özünüz də görəcəksiniz ki, o, vaxtı gələndə indi yanında olduğu adamların da, ona inanan hər kəsin də başına hansı oyunları açacaq. Onun hansı sifətlərinin olduğunu bilən şəxs kimi bunu əminliklə deyirəm.

- Hazırda Gültəkin Hacıbəyli özünü müxalifətin liderlərindən biri kimi aparır. Onda lider keyfiyyətləri varmı?

- Lider insanlardan öz marağı üçün istifadə etməyi düşünmür. Lider hikkəli, kinli olmur, əksinə, fədakar olur. Lider ikiüzlü, sürüşkən, xain olmur. O, heç öz anasına normal övlad, öz övladına normal ana olmağı bacarmayıb. Bircə dəfə onun anasını, digər ailə üzvlərini yanında görmüsünüzmü?! Nə lider?! Söz tapdınız da, deməyə...

- Son olaraq, siz sosial şəbəkədə ona inanan, fikirlərini bəyənən insanlara nə demək istərdiniz?

- Mən onu bəyənənləri ona «inanan» deyil, ona «aldanan» insanlar adlandırardım. Və məsləhət görərdim ki, aldanmayın!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər