14 Sentyabr 2019 20:35
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə xarici işlər orqanları arasında imzalanan saziş iki dövlət arasındakı diplomatik münasibətlərin güclənməsinə gətirib çıxaracaq.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova Azərbaycan və Türkiyə XİN sözcülərinin Ankarada birgə kecirdikləri ilkin toplantını və hər iki ölkənin bağladığı sazişi dəyərləndirərkən deyib.

Politoloq bildirib ki, bu sazişin əsas məqsədi Türkiyə və Azərbaycan arasındakı münasibətlər barədə hər iki cəmiyyətə xalq diplomatiyası və eləcə də media üzərindən düzgün və real məlumatlarının ötürülməsidir. Eyni zamanda hər iki dövlətin mediasının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi prosesinin də çox müsbət addım olduğunu vurğulayan R.Məmmədova bunun gələcək üçün önəmini vurğulayıb:

“Daha öncə verdiyim müsahibələrdən birində də qeyd etmişdim ki, Türkiyədə Azərbaycanı lazımi dərəcədə tanımırlar, yəni biz əslində Türkiyədə gedən proseslərdən daha çox məlumatlıyıq, nəinki türkiyədəkilər bizim haqqımızda. Belə ki, hər iki dövlətin mediasında gedən məlumatlar da çox vaxt birbaşa deyil, saytlardan və ya qəzetlərdən çap edilən məlumatlar götürülərək yenidən işlənib və ya tərcümə edilib məlumat kimi verilir. Ona görə də medianın qarşılıqlı mübadiləsi də bu səpkidən hər iki dövlət ücün zərurətdir. Bildiyiniz kimi iki dövlət arasında artıq viza məsələsi də tam həll olunub.

Artıq Türkiyə vətəndaşları da bizim ölkəyə rahat gələ bildiklərinə görə, Azərbaycan haqqında daha düzgün məlumat almaları məqsədəuygundur. Onların Azərbaycana gəlmədən öncə tanımaları və doğru məlumatların öz mətbuat işçiləri tərəfindən almaları daha da inandırıcı olar. Çünki əslində türk cəmiyyəti çətin cəmiyyətlərdən biri sayılır və burda çoxlu məlumat bazası mövcuddur, məlumatların da çoxu yalnış, bəzi zamanlarda da qərəzli olur. Ona görə də bu məlumatların birbaşa alınması məqsədəuyğundur. Əlbəttə ki, bu saziş hər iki dövlət arasında dostluq, qardaşlıq münasibətindən başqa həm də diplomatik münasibətlərin gücləndirilməsinə gətirib çıxaracaq. Çünki hər iki dövlət türk dövləti olduğu və hər zaman bir-birlərinə dəstək verməyə çalışdıqları ücün təzyiqlərdə məruz qaldıqları da göz önündədir”.

R.Məmmədova qeyd edib ki, bu gün Azərbaycanın Ermənistanla apardığı mübarizədə Türkiyənin tam şəkildə olmasa da, bacardığı qədər verdiyi dəstək və Qarabağ məsələsinin bir çox kürsülərdə qabardılması bu sazişlə daha da güclənə bilər:

“Bir sözlə Qarabağ müharibəsi haqqında real məlumatların birbaşa verilməsi türk cəmiyyətində olan məlumatsızlığın və çaşqınlıqların aradan qaldırmasına köməklik etməlidir.

Eyni zamanda da bizim Türkiyənin daxilində və xarici siyasətində gedən prosesləri birbaşa izləməyimiz və bu xəbərlərin də tam real olması hər iki ölkənin XİN tərəfindən də koordinasiya olunması bu məlumatların tam dolğun ola biləcəyinin göstəricisidir. Ona görə də bu sazişin imzalanması əslində hər iki dövlətin həm məlumat mübadiləsi, həm də daha da yaxın münasibətlərin formalaşması baxımından olduqca vacibdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər