“Siyasi münasibətlərin yüksək səviyyəsi digər sahələrdə də münasibətlərin inkişafına yaxşı zəmin yaradır. Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli artmasına şadıq”.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Ölkə başçısı Çinlə yeni müqavilələr imzalanmasından məmnunluğunu bildirib:
“Şadıq ki, yeni müqavilələr bağlanır. Sizin ölkənizə sonuncu səfərim zamanı 10 müqavilə bağlanıb. Şadıq ki, Çin şirkətləri Azərbaycanda investisiya layihələrinə maraq göstərir, eləcə də imzalanmış müqavilələr çərçivəsində müxtəlif sahələrdə çalışaraq layihələr həyata keçirirlər. Bizdə artıq energetika, nəqliyyat, humanitar sahələrdə yaxşı nəticələr var. Şadıq ki, Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Həmçinin dediyim kimi, əmtəə dövriyyəsi artır, eləcə də Azərbaycandan sizin ölkənizə, sizdən isə bizə ixrac artır”.
İ.Əliyev Çinlə viza rejiminin sadələşdirilməsinin Azərbaycana gələn turistlərin sayını artırdığını deyib:
“Onu da qeyd etmək istərdim ki, viza rejiminin sadələşdirilmiş sxemi üzrə Çin Xalq Respublikasından Azərbaycana gələn turistlərin sayının artmasından şadıq. Əlbəttə ki, nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək istərdim ki, biz Azərbaycanda böyük həcmdə yüklər nəql etməyə qadir olan müasir nəqliyyat infrastrukturu yaratmışıq. Bizim beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığımızı da qeyd etmək istərdim. Bizim ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək bütün istiqamətlər üzrə münasibətlərin inkişafına yaxşı şərait yaradır. Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi qeyd etmək istərdim. Ölkələrimizin parlamentlərarası əlaqələri böyük əhəmiyyət kəsb edir və sizin Azərbaycana səfəriniz bunu bir daha vurğulayır. Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyi arzulayıram və bir daha sizi Azərbaycanda salamlamaq istərdim”.