“İsraillə tərəfdaş olmaq təkcə Ermənistanın yox, bir çox dövlətin məqsədi ola bilər. Bu gün İsrail istər hərbi, istər texniki, istərsə də dünyada gedən proseslərə təsir etmək baxımından çox mühüm bir dövlətdir. Yəni İsrail elə bir dövlətdir ki, onunla əməkdaşlıq etmək istənilən dövlətə divident qazandıra bilər”.
Politoloq Arzu Nağıyev belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistanın İsraildə səfirlik açacağı haqda məlumat yayılıb. Sizcə, İrəvan belə bir addımı atmağa özündə cəsarət tapa biləcəkmi? Nəzərə almaq lazımdır ki, ortada İsraillə münasibətləri düşmənçilik səviyyəsində olan İran var...
- Düşünürəm ki, xarici siyasətdə heç bir dövlət arasında qardaşlıq və dostluq məfhumu olmur. Bu məsələdə ortaq maraqlar əsas rol oynayır. Məlumdur ki, bu gün İsrail və Ermənistan arasında bu münasibət o qədər də yüksək səviyyədə deyil. Əsas məqamlardan biri də İran məsələsidir. Eyni zamanda, Azərbaycan ərazilərindən köçən yəhudilərin İsraildə məskunlaşması və bu gün də orada yaşaması mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. İsrail hakimiyyəti də yaxşı başa düşür ki, bu müəyyən etirazlara və çağırışlara gətirib çıxara bilər. Digər yandan, İsrail və Azərbaycan hərbi, iqtisadi və siyasi cəhətdən mühüm partnyorlardır. Türkiyə ilə bağlı məsələdə də İsrailin mühüm əlaqələri var.
Bütün bu faktorları nəzərə aldıqdan sonra inandırıcı görünmür ki, Ermənistanın israrına baxmayaraq, İsrail bu səfirliyin açılmasına imkan verəcək. O da məlumdur ki, Azərbaycanın da bu gün İsraildə səfirliyi fəaliyyət göstərmir. Bu da müəyyən regional məsələlərlə bağlıdır. Yəni, son parlament seçkisindən sonra İsrail hökumətinin Ermənistana bunun üçün imkan yaradacağı inandırıcı görünmür.
- Ümumiyyətlə, Ermənistanın bu qərarının arxasında hansı məqamlar var?
- İsraillə tərəfdaş olmaq təkcə Ermənistanın yox, bir çox dövlətin məqsədi ola bilər. Bu gün İsrail istər hərbi, istər texniki, istərsə də dünyada gedən proseslərə təsir etmək baxımından çox mühüm bir dövlətdir. Yəni İsrail elə bir dövlətdir ki, onunla əməkdaşlıq etmək istənilən dövlətə divident qazandıra bilər. Burada söhbət təkcə iqtisadi və hərbi cəhətdən yox, siyasi baxımdan da gedir.
- Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyanın Baş nazir Nikol Paşinyana etiraz olaraq istefa verdiyi deyildi. Ermənistanda ajiotaj yaradan bu məsələni nə qədər ciddiyə almalıyıq. Bu, növbəti qopmalara yol aça bilər?
- Artur Vanesyan açıq formada etirazını bildirmədi. O, saytlardan birinə açıqlama vermişdi ki, zabit şərəfini müəyyən siyasi ambisiyalardan üstün tutur. Məqamlardan biri Paşinyanın xüsusi xidmət orqanının rəhbəri haqda səsləndirdiyi fikir idi. Paşinyan çıxışında qeyd etdi ki, o, futbolla məşğul olsa, daha yaxşı olar.
Vanesyanın atası ölkənin çox mühüm biznes sahəsinə nəzarət edir Ermənistanda gül-çiçəyin daşınmasının monopolisti Vanesyanın atasıdır. Anası da uzun müddət Prezident Aparatı və Nazirlər Kabinetinin kadrlar departamentinin rəhbəri olub, onu da işdən azad ediblər, atasına qarşı da cinayət işi açılıb. 2000-ci ildə karyerasına əməliyyat müvəkkili kimi başlayan bir şəxs 2018-ci ildə ölkənin ən mühüm postlarından birini tutdu, polkovnik rütbəsi var. Düşünürəm ki, Vanesyanın karyerasında irəliləməsində Rusiyanın da mühüm rolu olub. Çünki Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra o, Sankt-Peterburqda Beynəlxalq Münasibətlər Akademiyasını qiyabi təhsillə bitirib. Bundan başqa, Federal Təhlükəsizlik Xidmətinin komanda kurslarından keçib. Başqa sözlə, Vanesyanın Rusiyanın xeyir-duası olmadan istefaya getməsi inandırıcı görünmür.
Bundan başqa, ortada Köçəryan faktoru var. Qorxan gözə çöp düşər, yəni, Artur Vanesyan 2008-ci il 1 mart hadisələrinin istintaqında birmənalı iştirak edib. Həmin hadisələrlə bağlı hüquq mühafizə orqanlarının rəhbərlərinə cinayət işinin açılması, Vanesyanı ehtiyatlı olmağa məcbur edir. Paşinyan çalışır ki, hüquq mühafizə orqanları ilə vətəndaşları qarşı-qarşıya qoysun. Habelə Rusiyanın inhisarında olan kadrlardan yaxasını qurtarmağa çalışır, bu istiqamətdə də addımlar atır. Həm Vanesyanın, həm Ermənistan polisi rəisi Valeri Osipyanın, həmçinin müdafiə naziri David Tonoyanın gözlənilən istefası, bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu istefalar Paşinyanın komandasının dağılmasına gətirib çıxara bilər. Digər yandan, Paşinyan bununla vətəndaşların fikrini başqa səmtə yönəldir, yəni iqtisadi vəziyyət gərginləşdikcə, bu kartlardan istifadə edəcək.
- Rusiya Prezidenti Vladimir Putin oktyabrda İrəvana gələcək. Bu səfərdən əvvəl Putinin gəlişinədək həbsdə olan sabiq prezident Robert Köçəryanın azad edilməsi barədə Moskvadan İrəvana göstərişin verildiyi iddia olunmuşdu. Ermənistan hakimiyyətinin belə bir addım atacağı nə qədər mümkündür?
- Putinin bu səfəri Paşinyanla görüş üçün nəzərdə tutulmayıb. Məlumdur ki, İrəvanda Avrasiya İttifaqının İqtisadi Forumu keçiriləcək və Putin bu məqsədlə İrəvana gələcək. Buna görə də Paşinyanla görüşməyə bilər. Digər yandan, bu səfər Robert Köçəryanın azad edilməsi məsələsi ilə bağlı da ola bilməz. Habelə bu səfərə qədər Köçəryanın azad edilməsi də inandırıcı görünmür. Çünki bu addımı atsa, Paşinyan olub-qalan bütün siyasi hörmətini itirə bilər. Əlbəttə, Putin Köçəryanla dostdur, buna görə də söhbət müəyyən siyasi məqamlardan gedir. Bir adama görə iki dövlət arasında böyük problemlərin yaşanacağı inandırıcı görünmür. Lakin müəyyən mərhələdən sonra Rusiyanın təzyiqləri ilə Köçəryanın azad edilməsi məsələsi gündəmə gələ bilər.
Ortada Qərb faktoru da var. Qərb çalışır ki, Paşinyanla Rusiya hökuməti arasında müəyyən problemlər yaransın. Əlbəttə, bunu Rusiya da başa düşür və ehtiyat edir. Yəni, bu səfərin birbaşa Köçəryanla bağlı olduğu inandırıcı görünmür, amma Paşinyana təzyiq vasitəsi kimi istifadə edilməsi mümkündür.