Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu ildə Naxçıvanda təsis olunub. Naxçıvandakı toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları iştirak edirdi. O gündən başlayaraq iki türkdilli dövlətin – Özbəkistanla Türkmənistanın da şuraya qatılması arzu edilirdi. Üstündən 10 il keçdikdən sonra Özbəkistan müsbət qərar verdi və bu dövlətin başçısı Şavkat Mirziyoyev oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci zirvə görüşündə iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Yazıda qeyd olunur ki, Özbəkistan Türk Şurasına üzv olmağa qərar verib. Özbəkistanın bu qərarı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bir müddət əvvəl bəyanat yayıb:
“Özbəkistanın keçmiş prezidenti İslam Kərimov 1990-cı illərdə türkdilli dövlət başçılarının toplantılarına qatılırdı. Türkiyə 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkə idi. İslam Kərimov Türkiyə ilə müttəfiqliyi gücləndirmək istəyirdi. Türkiyənin həmin illərdə Özbəkistanda geniş yatırımları var idi. Ancaq İslam Kərimova müxalif olan şəxslər Türkiyədə sığınacaq aldıqdan sonra iki ölkə arasındakı münasibətlər soyudu və türk iş adamlarının Özbəkistanda problemləri artdı. Hətta iş o yerə çatdı ki, Özbəkistan televiziyalarında Türkiyə seriallarının nümayişinə qadağan qoyuldu. Bu arada Özbəkistan prezidenti türkdilli dövlət başçılarının toplantılarına qatılmaqdan imtina etdi.
İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Şavkat Mirziyoyev Türkiyə ilə əlaqələri bərpa etdi. Şavkat Mirziyoyev Türkiyəyə səfər edərək iki ölkə arasındakı əlaqələrin yenidən inkişaf etdirilməsi məqsədilə türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla danışıqlar apardı. Bu, son iyirmi ildə Özbəkistan Prezidentinin Türkiyəyə ilk rəsmi səfəri idi. Bunun ardıca Türkiyə Prezidenti də Özbəkistana rəsmi səfər etdi. Bu isə Türkiyə Prezidentinin son 13 ildə Özbəkistana ilk rəsmi səfəri idi. Rəcəb Tayyib Ərdoğan Daşkənddə çıxış edərkən Özbəkistanın regional sabitliyin təminatçısı olduğu fikrini söylədi. “Bu yeni dövrdə biz bütün sahələrdə əlaqələrimizi yaxşılaşdırmaq naminə işləməliyik”, – deyən Rəcəb Tayyib Ərdoğan Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvlüyünü də istəyirdi”.
Yazıda bildirilir ki, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılması bir neçə səbəbdən türkdilli dövlətlər, o cümlədən Azərbaycan üçün faydalıdır:
“Birincisi, Özbəkistanın təşkilata qatılması ilə türkdilli dövlətlər arasında inteqrasiya artacaq. Özbəkistan Azərbaycanın, Türkiyənin və Qazaxıstanın yer aldığı regional layihələrdə iştirak edə bilər. Məsələn, Özbəkistan Qazaxıstan kimi Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edərək mallarını dünya bazarlarına çıxarmaq istəyir.
İkincisi, Özbəkistandan sonra Türkmənistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması aktuallaşıb. Aşqabad hələ ki, təşkilata müşahidəçi statusunda qatılmaq istəyir. Özbəkistanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qaytaran Ankara Türkmənistanın da eyni addım atmasını istəyir. Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mühüm regional oyunçuya çevrilməsində maraqlıdır. Təsadüfi deyil ki, sentyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Macarıstanın paytaxtı Budapeştdə ofisi açıldı. Açılışda Macarıstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edirdi. Açılışdan sonra təşkilatın Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi.
Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yer alması hər iki tərəf üçün faydalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Macarıstan vasitəsilə Avropada mövqelərini gücləndirəcək, öz növbəsində özünü türk dünyasının tərkib hissəsi hesab edən Macarıstan təşkilat vasitəsilə türk dünyası ilə siyasi və iqtisadi əlaqələrini gücləndirəcək, türkdilli dövlətlərin regional layihələrində iştirak edəcək”.