BMT Baş Assambleyasının 74-cü sessiyasında dünya problemləri müzakirə edilsə də, əslində bu problemlərin heç biri öz həllini tapmayacaq. Çünki Baş Assambleya yalnız müşgülləri şərh etmək, onların həllini istəmək, həlli yollarını göstərməkdir. Amma problemlərin həlli qərarını vermək səlahiyyəti BMT Təhlükəsizlik Şurasının mandatına daxildir. Təhlükəsizlik Şurasında isə beş əsas nüvə dövləti təmsil olunur.
Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə BMT Baş Assambleyasının 74-cü sessiyasının nəticələri haqqında danışarkən deyib.
Zərdüşt Əlizadəyə görə, Təhlükəsizlik Şurasına daxil olan beş nüvə dövlətinin hər birinin öz marağı var: “Onların özləri də məsələlərə fərqli yanaşırlar. Məsələn, bir ölkə hansısa münaqişənin həll edilməsində maraqlı deyil, digəri həllində maraqlıdır. Onlar münaqişələri törədirlər, onun davam etməsində maraqlı olurlar, həllinə cəhd göstərmirlər.Üstəlik münaqişənin gedişinə təsir, müdaxilədə maraqlı olurlar, münaqişə vasitəsi ilə bölgələri nəzarətdə saxlayırlar.
Bu, əzəldən gedən siyasi oyundur, indi də davam edir. Hətta bir ölkədə olan münaqişə belə həllini tapmır. Amerika ərəblərə və İsrailə nəzarət edir, amma Fələstin münaqişəsini ədalətli həll etmir. Çünki münaqişə həm də gözəl alətdir. Bu yolla həm bölgəni nəzarətdə saxlayır, həm silahını satır, həm də ağsaqqallıq edir.
Rusiya Qarabağ münaqişəsinin ədalətli həllinə çalışmır, çünki bu münqaişə Cənubi Qafqazı əldə saxlamaq üçün əlatədir.
Fransa Afrikada öz ordusunu sxlayır, münaqişələri qızışdırır, sonra səngidir, az sonra yenidən alovlandırır. Bir sözlə, Təhlükəsizlik Şurasının üzvü olan 5 dövlətin hər biri öz bostanında oynayır, lazım olanda münaqişəni qızışdırır, lazım olanda səngidir.
Sadə insanlara çağırışlar edirlər, dostluq mesajları verirlər, xoş niyyətlərini ifadə edirlər. Amma bu xoş niyyətlərini həyata keçməsi üçün bəşəriyyət ideal insanlardan, dövlətlərdən,cəmiyyətlərdən ibarət olmalıdır.
Təəssüflər olsun ki, bəşər övladı naqisdir, tamahgardır, qaniçəndir, zalımdır”.