“Gürcüstanda səkkiz ildən çoxdur hakimiyyət Bidzina İvanişvilinin əlindədir. Cəmiyyətdə mövcud hakimiyyətdən gözləntilər vardı, bu da əsasən, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlıydı. İvanişvili konkret olaraq vəd etmişdi ki, insanların güzəranı yaxşılaşacaq, demokratik təsisatlar inkişaf etdiriləcək və s. Amma reallıqda köklü dəyişiklik olmadı, əksinə, xoşagəlməz hallar baş verməyə başladı”.
Politoloq İlqar Vəlizadə belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Dünyanın bir sıra ölkəsində - İran, Gürcüstan, Livan, İraq, Çili, Boliviya, Ekvador, Sudan və digərlərində eyni anda hakimiyyət əleyhinə kütləvi nümayişlər keçirilir. Bunlar təsadüfdür, ya eyni siyasi mərkəzdən idarə olunan proses?
- Buna həm “hə” demək olar, həm də “yox”. Çünki bu hadisələrin hamısında maraqlı tərəf ABŞ ola bilər. Məsələn, “Hizbullah”ın Livan hökumətinin tərkibində təmsil olunması ABŞ-ın maraqlarını əks etdirmir. Eyni halı İraqa da aid etmək olar. Məlumdur ki, İraqda İranın nüfuz dairəsi kifayət qədər genişdir və Amerika bununla razılaşmır. Amma baş verənlərin arxasında birbaşa ABŞ-ın dayandığını demək doğru olmazdı. Çünki burda xarici səbəblərlə yanaşı, daxili faktorlar da var. Qənaətimə görə, bu proseslərdə daxili səbəblər daha çox rol oynayır. Oxşarlıq bundan ibarətdir ki, xalqlar hakimiyyətin yürütdüyü daxili siyasətdən öz narazılığını bildirir və cari siyasəti bəyənmirlər. Buna görə də baş verənlərdə təkcə xarici iz axtarmaq doğru deyil.
Məsələn, İranda xalq hökumətin benzini kəskin bahalaşdırmasına etiraz edir. Bilirik ki, benzinin bahalaşması gündəlik istehlak mallarının da qiymətlərinin artmasına gətirib çıxarır, bu da vətəndaşların gündəlik güzəranına mənfi təsir göstərir. Onsuz da İranda son aylarda insanlar çətin şərtlər daxilində yaşayırdı, baş verən son olaylar da göstərdi ki, vətəndaşlar bu vəziyyətdən narazıdır. Əlbəttə, bunları Amerikanın ayağına yazmaq olar, amma burada xalqın da problemləri göz qabağındadır.
Boliviyada gedən proses də daxili faktorlara əsaslanır. Əsas hakimiyyət Evo Moralesin əlində olsa da, Boliviyada müxalifət də kifayət qədər güclü idi. İnsanlarla yanaşı, müxalifət də uzun müddətdir ölkəyə başçılıq edən Moralesin dəyişməsini istəyirdi. Nəticədə ölkədə iğtişaşlar başladı.
- Xüsusən qonşu Gürcüstanda baş verənlər daha çox maraq kəsb edir. Hakimiyyət və Rusiya əleyhinə baş verənlərin dəyişikliyə yol açması ehtimalı varmı?
- Gürcüstanda səkkiz ildən çoxdur hakimiyyət Bidzina İvanişvilinin əlindədir. Cəmiyyətdə mövcud hakimiyyətdən gözləntilər vardı, bu da əsasən ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlıydı. İvanişvili konkret olaraq vəd etmişdi ki, insanların güzəranı yaxşılaşacaq, demokratik təsisatlar inkişaf etdiriləcək və s. Amma reallıqda köklü dəyişiklik olmadı, əksinə, xoşagəlməz hallar baş verməyə başladı. Vaxtilə Mixail Saakaşvilinin kökünü kəsdiyi korrupsiya yenidən canlandı, üstəgəl, İvanişvili öz biznes maraqlarını ön planda tutdu. İndi də insanlar bunun əleyhinə çıxış etməyə başlayıb.
Düzdür, bu illərdə ərzində Gürcüstanda bir neçə baş nazir dəyişikliyi baş verdi, hakim komanda yeniləndi, amma bunun səbəbi odur ki, İvanişvili həmin nazirlərin fəaliyyətindən razı deyildi. Habelə xarici siyasətdə də ciddi dəyişiklik olmadı. İndi hakimiyyət əsasən, Rusiya ilə münasibətlərin qaydasına salınması üçün bir sıra addımlat atıb. Amma Gürcüstan cəmiyyəti bunu birmənalı qarşılamır. “Qazprom”la aparılan danışıqlar da suallar yaratdı. Həmin suallardan biri bu idi ki, “Biz Azərbaycandan lazım olan qədər qaz almırıq, bəs niyə “Qazprom”la danışıqlar aparılır?” Üstəgəl, Rusiyadan alınan qaz daha bahalıdır.
Ortada Abxaziya və Cənubi Osetiya faktorları da var. Ara-sıra Abxaziya ilə bağlı fikirlər səsləndirilir ki, bu bölgə üzərindən Rusiyadan Gürcüstan və Ermənistana dəmir yolu xətti açılacaq. Gürcü müxalifəti tərəfindən hakimiyyətə sual ünvanlandı ki, “Məgər Abxaziya düyünü açılıb ki, biz bu barədə danışıqlar aparırıq?”.Yenə də son həftələrdə Rusiyadan Gürcüstana dəmir yolunun çəkilməsi ilə bağlı danışıqlar gedir. Hakimiyyətdən tələb olunur ki, Rusiya ilə aradakı problemlər həll edildikdən sonra bu məsələlər haqda danışılmalıdır. Bu da cəmiyyətdə anti-Rusiya meyllərinin artmasına gətirib çıxarır. İvanişvili də bu suallara cavab verə bilmir.
Qavrilov olayı göstərdi ki, hakimiyyətin Rusiyaya yönəlik addımları cəmiyyətdə kəskin etirazlar yaradır. Amma görünən budur ki, indiki hakimiyyət bu etirazları nəzərə almır, buna görə də cəmiyyətdə anti-Rusiya meylləri güclənir.
- Bəs İran haqda nə düşünürsünüz? Son bir neçə gündə baş verənlərin hesabatı İranla bağlı vəziyyətin kritik olduğunu göstərir. Bir məqam da maraqlıdır ki, etirazlar kürd və bəluc silahlı qruplaşmalarının da aktivlik nümayiş etdirdiyi bir dönəmə düşdü. Sizcə, belə bir durum İranda Suriya ssenarisinin təkrarlanmasına yer verə bilərmi?
- İran Suriya deyil, bu ölkədəki vəziyyəti Suriya və İraqla müqayisə etmək doğru olmazdı. İnanmıram ki, yaxın gələcəkdə İran Suriya və ya İraqa dönəcək. Digər yandan isə ölkə daxilindəki münaqişələr siyasi prosesdə olduğu kimi cərəyan etsə, xarici blokadanın təsiri zəifləməsə, bu, İranın tədricən zəifləməsinə gətirib çıxaracaq. Bu halda da İranda milli zəmində münaqişələr yarana bilər. Amma bunun hansı formada olacağını və kim tərəfindən idarə ediləcəyini zaman göstərəcək.
İranda güclü dövlətçilik ənənəsi var. 1979-cu ildə əsası qoyulan bu ənənə İranın vahid dövlət formasında qorunmasında böyük rol oynayıb. Amma nə İraq, nə Suriya, nə də Əfqanıstanda İrandakı kimi dövlətçilik ənənəsi yoxdur. Amma hansı qüvvənin ortaya çıxaraq, bu ənənəni dəyişməyə cəhd edəcəyini zaman göstərəcək.