25 Noyabr 2019 18:26
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Bu sahənin mütəxəssisləri cəmiyyətə ətraflı izahatlar verməli, maarifçilik işləri aparmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Tibbi soğorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı parlamentdə çıxışı zamanı Siyavuş Novrozuv deyib.

Deputat bildirib ki, bu məsələ tək qanunla həll olunası deyil: "İnsanlara sığorta sistemindən necə istifadə olunması izah edilməlidir. Bununla bağlı İctimai televiziyada verilişlər hazırlanmalı, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyətini əhalimizə izah etməlidirlər.

İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa, sığorta kağızını göstərib müalicə olunmalıdır. Ona görə də insanlara izah edilməlidir ki, paketə nələr daxildir və proses necə olacaq. Bu işdə peşəkar kadr potensialına ehtiyac var. Kimlərsə bu günə qədər yarımştat işləyib və bu hansı formada olacaq, seçim necə aparılacaq, hansı həkimlər insanlara xidmət göstərək və s. kimi suallar öz cavabını tapmalıdır. Biz həkimlik sistemini hərbi sistem kimi etməliyik. Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir”.

S.Novruzova görə, elə hal da olur ki, Azərbaycan Tibb Universitetini bitirən şəxslər məhz Bakıda qalıb özəl tibb müəssisələrində işləmək istəyirlər: “Yaxud da qərar qəbul ediləndə adını haradasa yazdırır, amma burada hansısa klinikada fəaliyyət göstərir. Yəni bu sahədə cavabı alınacaq suallar çoxdur. Bu təcrübəni həyata keçirən bir çox inkişaf etmiş ölkələrin nəticələri ilə maraqlanmışam. Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılaqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm, mənə düzgün diaqnoz qoyun. Problem olanda məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tədbiq edə bilərik”.


Müəllif: Cavad

Oxşar xəbərlər