26 Noyabr 2019 21:54
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı MDB ölkələrinin bəzilərini əhatə edən və Rusiyanın başçılığı altında fəaliyyət göstərən təşkilatdır. SSRİ vaxtı Varşava Müqaviləsi Təşkilatı NATO-ya alternativ hesab edilirdi. İndi KTMT ilə NATO-nu müqayisə edərkən açıq-aşkar NATO-nun üstünlüyü hiss olunur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, KTMT regionda hərbi-siyasi aspektdə öz mövqelərini gücləndirərək Qərb ölkələrinin ona olan təzyiqlərinə cavab vermək iqtidarındadır:

“Budəfəki görüş də növbəti görüşdür. KTMT üzv ölkələrə hansı dividentlər verir? Baxdıqda görərik ki, Rusiyanı çıxmaq şərtilə bu ölkələr hər hansı dividendlər əldə etməyiblər. Bu dividendlər daha çox siyasi məna kəsb edir. Məsələn, Ermənistanla bağlı biz deyə bilərik ki, Ermənistan bu gün Rusiyanın forpostu, həm də KTMT üzvü olaraq Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi istiqamətində siyasətini davam etdirməkdədir. Ancaq digər ölkələr bir növ KTMT-nin əsirinə çevriliblər. Onlar KTMT-nin üzvü olaraq öz hərbi-siyasi manevr imkanlarını kifayət qədər daraldıblar. Əslində bu fikirlər Ermənistana da aiddir. Ermənistan Avrasiya İqtisadi İttifaqı və KTMT-yə üzv olaraq öz manevr imkanlarını daraldır”.

Zaur Məmmədov bu təşkilatın xarici ölkələrlə ticarət dövriyyəsinə, xarici ölkələrə imzaladıqları hərbi sazişlərə baxdıqda bunun sıfır səviyyəsində olduğunu görə bilərik:

“Bu da onu göstərir ki, Azərbaycan zamanında çox düzgün atıb. Bizi maraqlandıran Ermənistanın yanında hansı hərbi və siyasi qüvvələrin olmasıdır. Əslində bundan qabaq Sərkisyan hökuməti tez-tez öz çıxışlarıda hərbi əməliyyatlara başlayacağı təqdirdə bu təşkilatın ona dəstək göstərəcəyini bildirirdi. Lakin Rusiyadan başqa digər ölkələrin bunu etməsi nəinki inandırıcı görünmür, ümumiyyətlə birmənalı şəkildə həmin ölkələr Ermənistan tərəfdən hərbi əməliyyatlarda iştirak etməyəcəklərini bildirdilər. O ki qaldı Rusiyaya, Rusiyanın da bu münaqişədə iştirakı böyük sual işarəsi altındadır. Bu, oradakı siyasi elitanın siyasi gedişatından asılı olan məsələ olacaq. Hər bir halda Azərbaycanın KTMT-nin hər bir üzvü ilə ikitərəfli münasibətləri Ermənistanın həmin ölkələrlə ikitərəfli münasibətlərindən yaxşıdır”.

Politoloq daha sonra deyib:
“Yaxşı olardı ki, KTMT Cənubi Qafqazdakı təhlükəsizlik amilinə də nəzər salsın və Ermənistanın apardığı siyasətin nəinki Azərbaycan və digər ölkələr, elə Rusiyanın özü üçün nə dərəcədə təhdid törətdiyini görsün”.

Qeyd edək ki, noyabrın 28-də Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Qırğızıstan Prezidentinin sədrliyi ilə keçiriləcək iclasda Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edəcək. İclasda beynəlxalq və regional təhlükəsizlik, habelə Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi məsələlərini müzakirə olunacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər