Publika.az 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd, "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun seçki qərargahından reportaj hazırlayıb.
Teleqraf.com həmin reportajı təqdim edir:
Gəncə prospekti 34 ünvanında yerləşən qərargahda işçi qrup tərəfindən seçki platformasının hazırlanması, ərazinin problemlərinin, potensial seçici kütləsinin sosial durumunun öyrənilməsi, müəyyən olunmuş müddətə qədər təbliğat-təşviqat dövrünə hazırlıq, çap və elektron materialların hazırlanması istiqamətində iş aparılır. Həmçinin tanınmış ictimaiyyət nümayəndələri buraya gələrək dəstək nümayiş etdirirlər.
Biz də Rauf Arifoğlunun seçki qərargahını ziyarət etdik.
Rauf Arifoğlu indiyədək seçki texnologiyalarına uyğun bütün addımların atıldığını və ərazidə maraqlı seçki kampaniyasının getdiyini bildirdi:
"35 saylı Xətai Üçüncü Seçki Dairəsini Azərbaycanın diqqətinə gətirə bilmişik. Birinci mərhələdə vitrini çox zəngin olan və müxtəlif profillərdə fəaliyyət göstərən ulduzlardan ibarət seçki qərargahı yaratdıq. Həmin ulduzlardan olan Çingiz Özgür qərargahın rəhbəri olmağa razılaşdı. Vəkillik institutunu təşkil etdik. Ondan əvvəl isə 500-600 evin qapısını döyərək uğurla, müvəffəqiyyətlə imzaları topladıq. Təhvil verdik, qeydiyyatdan keçdik. Bunlarla paralel seçki qərargahını formalaşdırmaqda davam etdik. Dediyim kimi, tanınan şəxslərin seçki qərargahında və vəkillik institutunda olmasını təmin etdik. Səlahiyyətli nümayəndələr institutunu təşkil etdik. Paralel olaraq lazım olan müşahidəçilər qrupunu yaratmağa çalışdıq. Xalqla imzatoplama mərasimində əldə etdiyimiz təmaslar xeyrimizə işləməyə başladı. Eyni zamanda da müşahidələrimiz əsasında əldə etdiyimiz məlumatlar istiqamətində çalışdıq. Əhalinin seçkiyə bir növ küskün münasibəti var idi. Onların böyük hissəsi burada olmuş deputatlardan razı deyildi. Xüsusilə sonuncu deputat Araz Əlizadədən heç razı deyildilər. Doğrudur obyektiv cəhətdən yanaşdıqda, təhlil edərkən görürsən ki, deputatların burada suçu çox azdır. Əslində o şeylər ki, deputatlardan istənilir, onlar aidiyyəti qurumlardan tələb olunmalıdır. Lakin deputat gərək insanlarla münasibət qura, onlarla söhbət edə, xeyir-şərə gedə, can yandıra, qəbul keçirə. Bunların heç biri son 5 ildə olmayıb. Ondan əvvəlki dövrdə isə zəif olub. Biz bunu təsbit etdik. İnsanlar deputat institutunu özününkü hesab etmir. Birinci mərhələdə xalqa inam aşılamağa çalışdıq. Buna lokal şəkildə demək olar ki, nail ola bilmişik".
"Yeni Müsavat” Media Qrupunun rəhbəri qeyd etdi ki, qaldırılan, işıqlandırılan problemlər insanların çox xoşuna gəlir: "Üstün cəhətimiz odur ki, jurnalistik və 30 yaşı olan media qurumunu təmsil edirik. Bizi tanıyırlar və bu əraziyə aid bütün problemlərin qabardığı vaxtda və onların həll zamanında media quruluşu olaraq iştirak etmişik. Burada çoxlu dostlarımız var. Onlar mediaya qəzet olaraq güvənir. Dairəyə gələndən sonra təbii ki, buraya diqqətimiz artıb. Eyni zamanda, yeni icra başçısı və onun komandası son 11 ayda əhaliyə və əraziyə böyük diqqət ayırıb. Qaldırdığımız məsələlərə son dərəcə yüksək diqqət var. Biz məsələ qaldıran kimi İcra Hakimiyyəti sanki "yanan ocağa su tökürmüş kimi" həmin problemlərin həllinə çalışır. Bunların heç birini öz adımıza çıxarmırıq. Mən də öz adıma çıxarmıram. Əraziyə gəlmişkən ehtiyac içərisində olan, köməyə möhtac olan insanlara jurnalist kimi yardım etməyə çalışırıq. Problem xəritəsini hazırlayaraq müvafiq qurumlara göstərməyə çalışırıq, yaxud da göstəririk. Faydası olur, yüksək inam yaradır. "Yeni Müsavat" qəzetinin əraziyə gəlməsinin özü ciddi bir faktdır. İnsanlar arasında "qəzet artıq burada olacaq 5 il ərzində bizi müdafiə edəcək" qənaəti yaranıb. Onlar müvafiq problemlərin işıqlandırılması ilə yanaşı, həmin məsələlərin həll olunduğunu gördükdə çox məmnun qalırlar. Bu da inam, etibar yaradır. Bura nəhayət elə bir qüvvə gəldi ki, media quruluşunun rəhbəri, sahibi olaraq - deməli, onun sözünü eşidirlər. Deməli, o xalqdan biridir. Problemlər həll olunduqca bəzən də qərargaha gəlib bizə təşəkkür edirlər. Ən azından foto çəkdirib onlara minnətdarlığımı bildirirəm".
R.Arifoğlu "Hər şey dəyişəcək" şüarının mahiyyətindən də danışdı: "Şüarın ifadəsi bizimdir, amma mahiyyəti Prezidentə məxsusdur. Biz Ona və Onun sosial yönümlü siyasətinə arxayın olaraq şüarı irəli sürmüşük. Prezidentin Azərbaycan, əhali, millət üçün etdiklərinin burada müjdəçisiyik ki, hər şey dəyişəcək sizin həyatınızda. Azərbaycan yenilənir, hakimiyyətin bütün qolları yenilənir. Parlament də yenilənir deyə biz buradayıq, sizin yanınızdayıq. Yəni o şüarın müəllifi Prezidentdir. Biz sadəcə onu sözdə qısaldaraq ifadə etmişik, öz şüarımıza çevirmişik. Böyük dəyişimin nəhayət yaddan çıxmış 35 saylı dairəyə gəlməyinin müjdəçisiyik. Bundan əvvəlki icra başçısı rayona, xüsusilə bu dairəyə səhlənkar yanaşıb. 10-11 ayda o qədər nəhəng işlər görülüb ki, son 10 ildə görüləcək işlərə bərabərdir. Amma ərazi böyük, problemlər isə çoxdur. Ona görə də onların içərisində əriyib itir. Xətai rayonu əhali sayına görə yalnız Bakı şəhərinin deyil, ümumilikdə Azərbaycanın ən böyük rayonudur. Biz problemləri göstərə-göstərə görülən işləri də göstərməyə cəhdlər etmişik".
Millət vəkilliyinə namizəd vurğuladı ki, sakinlər onlara əsasən bəsit, xırda problemlərlə bağlı müraciət edir: "Həyətimizdə asfalt olsun, binaların dam örtüyü dəyişdirilsin, liftlər normal işləsin və s. Ərazinin relyefi çox mürəkkəbdir. Qrunt sularını zirzəmilərdən çəkmək üçün kömək istəyirlər. Bələdiyyə, icra strukturları bunların hamısını etməlidir. Biz nəyi görürük? Bunlar edilməyib və indi edilməyə başlayıb. Bu, həm Prezidentin ötən ilin yanvarından başlayaraq həyata keçirdiyi sosial paketlərin və siyasətin nəticəsidir. Eyni zamanda, 11 aydır ki, icra başçısı dəyişib. Bunlar həm də onun sayəsində baş verir. Biz sadəcə olaraq o xəritəni göstəririk. Logistik dəstək veririk ki, problemlər, "yanan yerlər" buradadır. Bunu hələ ki, qəzet səviyyəsində edirik. Bir jurnalist, Azərbaycanın tanınmış yazarı kimi, eyni zamanda 21 ildir ki, müvafiq ərazidə yaşayan vətəndaş kimi bunları deməyə, göstərməyə özümü məsul hiss edirəm".
R.Arifoğlu ölkə tarixində ilk dəfədir ki, seçkiyə bu qədər iddiaçının olduğunu bildirdi: "Bu sistemi bilirəm. Uzun müddət ən böyük siyasi düşərgələrə, dostlarıma yardım etmişəm. Azərbaycanda özümə bərabər seçki texnoloqu tanımıram. Ətrafımda böyük kütlə, tərəfdar, çevrə var. Bunu bacarmağımızın özü hesab edirəm ki, üstünlüyümüzdür. Bizə baxırlar və öyrənirlər. Bu da çox yaxşı haldır. Bu, informasiyanın paylaşılmasıdır. Bunu özləri də etiraf edirlər. Dairədəki rəqiblərimin hamısına böyük hörmətim var. Azərbaycanın layiqli vətəndaşlarıdırlar. Onlara uğur arzulayıram. Təmiz, dürüst, şəffaf seçki prosesi diləyirəm. Hər gün arı kimi işləyirik. Səhər saatlarından etibarən jurnalistlər, vəkillərim, səlahiyyətli nümayəndələrim ərazini dolaşırlar, relyefi öyrənirlər. Məntəqələri öyrənirlər. Gecə-gündüz çalışırıq ki, şəffaf və dürüst rəqabət şərtlərində seçki kampaniyası aparaq. Gedişatı gördüm. Azərbaycanda ilk dəfədir ki, ilkin imzatoplama və qeydiyyat mərhələsində heç bir şikayət qeydə alınmadı. Start mərhələsi son dərəcə demokratik, açıq, şəffaf həyata keçirildi. Qalib gələcəyimə inanıram, əminəm. Digər instansiyaların hiylə qarışdırmayacağı şəraitdə hesab edirəm ki, istənilən dairədən mənim və komandamın alternativi yoxdur. Fərqi hətta start prosesində ortaya qoya bilmişik".
Media Qrupunun rəhbəri mətbuatı seçki prosesinə yüksək diqqət göstərməyə səslədi: "Zaman və yer ayırsınlar. Seçki hər bir millət və dövlətin taleyində ən əlamətdar hadisədir və bayram kimi prosesdir. Ona görə də insanları daha çox maraqlandırsınlar, xatırlatsınlar. Seçki prosesinə xüsusi önəm versinlər".
Seçki qərargahının rəhbəri, tanınmış yazar, ictimai-siyasi fəal Çingiz Özgür isə görülən işlərlə bağlı məlumat verdi:
"Ərazi böyük olduğundan 2 yardımçı qərargahımız da var. Onlar Naximov və Mehmandarovda yerləşir. Yanvarın 2-nə kimi qərargah olaraq "Yeni Müsavat" Media Qrupunun ofisindən istifadə edirdik. Buranı "ölkənin ən dinamik qərargahı" da adlandırmaq olar. Gün ərzində ciddi axın olur. Dostlar, jurnalistlər, məşhurlar hər gün buraya baş çəkir. Dəstək üçün gələn sakinlər də çoxdur. İmzatoplamada sakinlər çox aktiv iştirak etdilər. Xətai rayonu ilə bağlı dövlət tərəfindən böyük layihələr nəzərdə tutulub. Qərargah 17 yanvara kimi fəaliyyət göstərəcək. Rəsmi olaraq təbliğat işi yanvarın 17-dən sonra başlayır. Yalnız bundan sonra seçkilərdə fəal iştirak edəcəyik. Qapalı görüşlər keçiriləcək. Bizi evində gözləyən sakinlər var, onları ziyarət edəcəyik. Ölkədə seçki mühiti yaradılıb. Xalq heç vaxt dövlətdən küsmür. Onlar seçkiyə dəvəti dəvətnamə kimi qəbul edir. Əsas məqsədimiz insanları seçkiyə çağırmaqdır. İlk arzumuz budur ki, hər kəs seçkiyə gəlsin. İkincisi isə qeydiyyatı olmayanlar, qeydiyyatda ola-ola evinə bildiriş getməyənlər, siyahıda adı olduğu halda məntəqədə adını tapmayanlarla bağlı problemlər həll olunsun. Hamı seçkiyə dəvət olunsun.
İnsanlar bələdiyyə seçkiləri ilə bağlı müşahidələrini danışırlar. Deyirlər ki, internetdə adımı axtaranda tapılırdı, amma məntəqəyə getdim, tapa bilmədim. Bəziləri isə deyir ki, bildiriş almayıb. Deyirik, gəlməyibsə, gedib adınızı özünüz axtarmalıydınız. Onda da cavab belə olur ki, onlar bizi saymayıblarsa, biz onları niyə sayaq? İnsanlar bu cür yanaşırlar məsələyə".
Qərargah rəhbəri Rauf Arifoğlunun imzatoplama mərhələsində iştirakından da danışdı: "İnsanları dinlədi, onların problemləri ilə tanış oldu. Rauf bəyin əraziyə getməsi bir anda canlanma yaratdı. Bundan öncə də "Yeni Müsavat"çılar dəfələrlə o ərazilərə reportajlara getmişdilər. Öncə həmin insanlar, o jurnalistləri tanıyanlar oraya axışdı. Biri stul, digəri stol gətirdi ki, gəlin oturun, biz özümüz şəxsiyyət vəsiqələrimizi gətirəcəyik".
Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R.Arifoğlunun bir neçə vəkili elan olunub, digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Ana Vətən Partiya sədrinin müavini Arzuman Abdulkərimov yanvarın 8-dən Rauf Arifoğlunun vəkilidir.
O, R.Arifoğlunun seçki prosesində iştirak etməkdən məmnunluq duyduğunu bildirdi:
"Uzun illərdir ki, ictimai-siyasi fəaliyyətlə məşğul oluram. Təbliğat kampaniyamız başlayana qədər strategiyamızı, hədəfləri müəyyənləşdirəcəyik. Mən əsasən piar üzrə iş aparacağam. İşimiz uğurlu gedir, namizədimizin qələbəsi üçün seçki və ictimai-siyasi təcrübəmizdən yararlanırıq. Vəkillərimizdən biri sabiq maliyyə naziri Saleh Məmmədovdur. O, Rauf bəyin seçki platforması ilə bağlı konsepsiyanın hazırlanmasında iştirak edir. Eyni zamanda iqtisadi mesajları hazırlayır. Mürvət Həsənli iş adamıdır. Eynilə "Yeni Müsavat" qəzetinin köşə yazarıdır. Xüsusilə ölkədə gedən sosial-iqtisadi məsələlərlə bağlı mütəxəssis kimi də çıxış edir. Vəkillərdən biri Qarabağ qazisi Hacı Əkbər Rüstəmovdur.
Digərləri professor, Əməkdar jurnalist Nəsir Əhmədli, tanınmış jurnalistlər Emin Eminbəyli, Turan İbrahimov, həkim Seyfəddin Əsəddir. Fərdi qaydada seçicilərlə görüşüb Rauf bəyin seçki mesajlarını, platformamızı onlara çatdıracayıq. 35 saylı Xətai Üçüncü Seçki Dairəsi ən aktiv dairələrin ön sırasında dayanır. Düşünürəm ki, seçki daha tonuslu, yüksək əhval-ruhiyyəli olacaq. Rəqiblərimizə də uğur arzulayıram. 35-38 minə yaxın seçici millət vəkilinin necə olduğunu Rauf bəyin timsalında görəcək. Əminəm ki, burada olan problemlər zamanla öz həllini tapacaq".
"Minval.İnfo"nun baş redaktoru, işçi qrupunun üzvü Məhəmməd Türkmən isə fotoların çəkilməsi və posterlərin hazırlanması ilə məşğul olur:
"İmzatoplama kampaniyasında iştirak etmişəm. İşə kiçik komanda ilə başladıq. Hər gün saat 10-dan axşam 21-ə qədər buradayıq. Bayram günlərində işə yalnız 2 günlük fasilə verdik. Ərazilərdə reportajlar hazırlayırıq. Bir neçə gün əvvəl İnqilab İsmayılov 18 və 20 ünvanlarından reportaj hazırlamışdıq. Sakinlərin şikayəti binanın zirzəmisi ilə bağlı idi. Çəkiliş vaxtı ətrafdakı üfunətdən əziyyət çəkirdik. Yaxşı haldır ki, insanlar güvənir, bizə müraciət edir.
Sevindirici haldır ki, problemlər öz həllini tapır. İcra hakimiyyəti operativ reaksiya göstərir. Artıq bir neçə ərazidə müxtəlif problemlərin həllinə kömək etmişik. Ayın 17-dən etibarən sakinlərlə görüşlərə qatılacayıq. Qalib olan günə qədər işləyəcəyik".
Könül İbrahim 5-ci ildir ki, "Yeni Müsavat"ın üzvüdür. Şou biznes yazarı düşdüyü seçki mühitini kifayət qədər fərqli və maraqlı hesab edir:
"Heç vaxt indiki kimi sakinlərlə sıx təmasda olmamışam. Maraqlı təəssüratlarım var - əsasən bina evlərində əksər gəlinlər qeydiyyata alınmayıb. Kirayə yaşayanlar bizi gülərüz qarşılayırdı. Evə dəvət edib çay təklif edənlər də vardı. Hər gün harasa gedib çəkirik, reportaj hazırlayırıq. 4 operatorumuz var. İnsanların problemləri əslində o qədər də böyük deyil: yol, kanalizasiya və s. Qəzalı vəziyyətdə olan yataqxana var. Bu məsələlər dövlətin nəzarətindədir. Biz sadəcə olaraq problemlərin həllini sürətləndiririk.
Gəncə prospekti 35-də çəkiliş etdik. İnsanlar deyir ki, 30 ildir burada park yoxdur. Evə ərazidəki kolluqlardan keçib gedərkən qorxduqlarını bildirdilər. Problemlər həllini tapdıqca insanlarda inam artır".
Qeyd edək ki, yanvarın 11-də Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirilib. Əksəriyyəti könüllü sakinlərdən ibarət 100-dən çox qərargah üzvünün iştirak etdiyi toplantıda bu günə qədər həyata keçirilən işlər barədə məlumat verilərək, görüləcək işlərin planlaşdırılması aparılıb.