ABŞ, İsrail və yaxın müttəfiqləri Ukrayna sərnişin təyyarəsinin İran tərəfindən vurulmasından istifadə edəcək. Onsuz da İrana qarşı təcrid siyasəti aparılır, sanksiyalar tətbiq edilir. Yaranan bu vəziyyətdə İranın böyük səhvindən onun rəqibləri hərtərəfli istifadə etməyə çalışacaq.
Bu fikirləri Teleqraf.com-a politoloq Sülhəddin Əkbər Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran hərbi hava qüvvələri tərəfindən vurulmasının yaradacığı nəticələr haqqında danışarkən deyib.
Müsahibimiz hesab edir ki, sərnişin təyyarəsini vurmaqla İran böyük səhvə yol verib: “Bu səhvdən İrana qarşı beynəlxalq hüquq normalarına uyğun istifadə edilsə, yetərli olar. Ancaq təbii ki, sui-istifadə halları da olacaq. Buna qəti şübhə yoxdur”.
Sülhəddin Əkbər hesab edib ki, bu hadisənin siyasi, hüquqi, iqtisadi nəticələri olacaq: “Yəni bu səhvdən Tehrana qarşı gen-bol istifadə olunacaq. Artıq bu məsələdə Ukrayna həlledici faktor deyil. Ukraynanın İranla barışması nəyi həll edir? Əsas məsələ ABŞ və müttəfiqlərinin bu hadisədən İrana qarşı necə istifadə etməsidir. Onsuz da Ukraynanın bütün tələblərini İran tərəfi yerinə yetirəcək. Söhbət ondan gedir ki, İranla mübarizə aparan ölkələr və müttəfiqlərin əlinə heç nədən güclü bəhanə verilib”.