15 Yanvar 2020 20:53
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada vətəndaş müharibəsi başlayandan sonra faktiki olaraq Dəməşq-Ankara münasibətləri donduruldu. Türkiyə Prezidenti Ərdoğana Suriya lideri Bəşər Əsədə qarşı ittihamlar irəli sürdü, beləcə dövlətlərarası əlaqələr dayandı. Sonrakı dövrdə də münasibətlər çox gərgin oldu. Bəşər Əsəd hətta Türkiyənin Suriya ərazilərində keçirdiyi əməliyyatı ölkəsinə qarşı qəsd kimi qiymətləndirdi.

Bu sözləri Teleqraf.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dünən Moskvada Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla Suriya Milli Təhlükəsizlik Bürosunun rəhbəri, general Əli Məmlükün görüşünü şərh edərkən deyib.

Politoloq xatırladıb ki, o zaman bəzi türksiyasətçiləri, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu tərəfindən belə yanaşma irəli sürülürdü ki, Bəşər Əsəd hakimiyyətdən qısa müddət sonra gedəcək, müxalifət hakimiyyəti götürməyə tam hazırdır: “Amma Bəşər Əsəd Rusiya və İrandan gələn dəstək sayəsində hakimiyyətini qoruyub saxladı, terrorçuları müəyyən qədər neytrallaşdırdı və hazırda Suriyanın böyük bir hissəsinə nəzarəti ələ alıb”.

Politoloq əlavə edib ki, hələ o zaman deyirmiş ki, şəxsi münasibətləri bir kənara qoyaraq Türkiyənin dövlət maraqları naminə Bəşər Əsədlə müəyyən kontaktlara getmək lazımdır: “Bu kontaktlar yüksək səviyyədə olmasa da, olmalıdır. Açığı, cənab Ərdoğan və cənab Əsəd bir-birlərinə qarşı elə ağır ittihamlar səsləndiriblər ki, onlar asanlıqla təmas qura bilməzlər. Amma aşağı səviyyəli dövlət rəsmiləri arasında belə təmaslar mümkün və hər iki ölkə üçün vacibdir. Çünki Türkiyə və Suriya qonşu dövlətdir, hər iki ölkə PKK-nı terror təşkilatı sayır və onunla mübarizə aparmağı vacib sayır. Deməli, maraqlar diktə edir ki, Dəməşq və Ankara arasında təmaslar baş versin”.

Nəhayət, Moskvada iki ölkə arasında təmasın baş verdiyini xatırladan E.Şahinoğlu əlavə edib ki, rəsmi Kreml belə bir təmasın baş tutmasını çoxdan arzu edirdi: “Çünki Rusiya Əsədə dəstək olub, Türkiyə ilə tərəfdaş ölkədir və istəyir ki, Anlara-Dəməşq arasında münasibətlər normallaşsın. Mən ehtimal edirəm ki, Prezident Putin hər zaman bu məsələni Türkiyə lideri qarşısında qaldırıb. Sonuncu dəfə Moskva faktiki vasitəçi kimi çıxış etdi. Türkiyə xarici işlər naziri və kəşfiyyat rəhbəri Moskvaya Liviya məsələsinə görə səfər etmişdilər. Görünür, öncədən razılaşdırılıb ki, Suriya kəşfiyyatının rəhbəri, general Əli Məmlüklə də görüş keçirilsin. Mən Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Suriya Milli Təhlükəsizlik Bürosunun rəhbərləri arasında Moskvada baş tutan görüşü müsbət qiymətləndirirəm. Fikrimcə, belə görüş və müzakirələr hər iki dövlətin maraqlarına xidmət edir. Bir daha qeyd edirəm ki, hədəflər oxşardır. Hər iki ölkə PKK-nı terror təşkilatı sayır və istəmirlər ki, Suriya ərazisində kürd dövləti yaransın. Demək təmaslar başlaya bilər. Hətta təmas qrupu yarana və ortaq baxışları araşdıra bilər. Düzdür, bu sonda liderlər arasında görüşə səbəb olmayacaq. Yəni Ərdoğan tezliklə Əsədlə görüşməyəcək. Ərdoğan-Əsəd görüşü neçə illərdən sonra baş tuta bilər. Amma aşağı səviyyədə görüş və təmaslar davam edəcək və müzakirələrin genişlənməsini də gözləmək olar”.


Müəllif: Cavad

Oxşar xəbərlər