Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun Rusiya Dövlət Dumasının komitə sədri Konstantin Zatulinə cavabını dərc edib.
"Qaregin Njde haqqında “xüsusi rəy”: qəhrəmanlaşdırma yolverilməzdir” başıqlı məqalədə müəllif qeyd edir ki, bütün dünya nasizmin qəhrəmanlaşdırılmasını yolverilməz hesab etdiyi bir vaxtda rusiyalı deputat “ermənilərin Njde ilə bağlı şəxsi fikrə malik olma haqqı”nın müdafiəsinə qalxıb. O Njde ki, arxivlərdə onun Üçüncü Reyxlə əməkdaşlığı barədə kifayət qədər sənəd var.
F.Axundov Qaregin Njdenin erməni dilindən tərcümədə mənası irqçilik olan “Tseqakronutyun” ideologiyasını yaratdığını xüsusi vurğulayıb. Onun müddəaları, demək olar ki, olduğu kimi Alman Millətçi-Sosialist İşçi Partiyasının məşhur 25 bəndlik proqramından köçürülüb.
“Ermənistan Respublikaçılar Partiyasının 2004-cü ildə Yerevanda çap etdirdiyi “Qaregin Njde və onun təlimi” adlı proqram kitabçasında müəliflərin özləri qeyd edir ki, erməni “Tseqakronutyun”u İtaliya faşizmi və alman nasizmi ilə qarışdırılmamalıdır. Onlar bunu guya “elmi” baxımdan belə izah edirlər: “Erməni faşizmi və ya nasizmi yoxdur. Var italyan faşizmi, alman nasizmi və… erməni “Tseqakronutyun”u (səh. 33). Lap cənab Zatulinin dediyi kimi – özlərinə “xüsusi rəy hüququ” tanıyıblar”, - deyə Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi qeyd edib.
F.Axundov həmçinin vurğulayıb ki, K.Zatulinin Ermənistanda Hitlerin əlaltılarının qəhrəmanaşdırılması ilə bağlı mövqeyi Rusiya XİN-in bəyanatlarına, bu ölkənin ictimaiyyətinin çağırışlarına və xüsusi xidmət orqanlarının arxivlərində saxlanılan sənədlərə ziddir.
Müəllif Ermənistanda nasizmin təbliğ edilməsinə qarşı dözümlü yanaşmanın yolverilməz olduğunu qeyd edib. “Belə laqeydlik, həqiqətən, yolverilməzdir. Tarixin təhrif olunmasına, yenidən yazılmasına istənilən cəhdin yolverilməz və ədəbsizlik olduğu kimi. Xüsusilə də Böyük Qələbənin 75 illiyi ərəfəsində! Hər şeydə “Ermənistanla münaqişə şəraitdə olan Azərbaycan rəhbərliyi”nin əlini axtarmaqdansa, diqqəti bu məsələlərə yönəltmək lazımdır”, - deyə F.Axundov K.Zatulinə cavab verib./Report/