22 Yanvar 2020 21:30
2 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildən etibarən Liviya böhranına xarici aktorların qoşulması ilə bu böhran vətəndaş müharibəsi statusunu itirərək, proksi müharibə (vəkalət müharibəsi) xarakteri aldı. Liviya Milli Ordusuna (LMO) rəhbərlik edən marşal Xəlifə Haftar BƏƏ, Misir, Fransa, İtaliya və Rusiya tərəfindən, BMT tərəfindən legitim hökumət olaraq tanınan və Fəyaz əl-Sərracın idarə etdiyi Milli Birlik Şurası (MBŞ) isə Türkiyə, Qətər və Əlcəzair tərəfindən dəstəklənir. Legitim hökumətin iqamətgahının yerləşdiyi Tripolinin kapitulyasiyası məqsədilə Haftarın başçılığı ilə LMO-nun 2019-cu ilin aprelindən başlatdığı hərbi əməliyyatlar nəticəsində ümumilikdə 2280-dən çox adam öldürülüb, 146 mindən çox adam yurd-yuvasından didərgin salınıb. İki cəbhə arasında qarşıdurma rusların “Vaqner” dəstəsi, BƏƏ, Misir və Türkiyənin qoşulması isə fərqli çalarlar aldı.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Əfsanə Məmmədova bildirib.

O qeyd edib ki, Türkiyənin Liviyanın legitim hökuməti ilə sahilboyu ərazilərin demarkasiyası, eləcə də hərbi yardım, təhlükəsizlik, hərbi treninq, müdafiə sənayesi, terrorizm əleyhinə, qeyri-leqal mühacirlik və digər növ hərbi əməkdaşlıqlara dair 2019-cu ilin noyabrında imzalanan anlaşma memorandumu və Liviyaya hərbi qoşun dəstələri göndərməklə bağlı Türkiyə parlamentinin qərarı Liviya müharibəsinin gedişatını köklü şəkildə dəyişdirdi. Onun sözlərinə görə, anlaşma memorandumu eyni zamanda Türkiyənin Aralıq dənizi sahillərində təbii qaz istehsalı ilə bağlı qazıntı işlərini də genişləndirməsinə imkan verir ki, bu da Aralıq dənizində qaz ehtiyatlarından yararlanmağa çalışan Yunanıstan və Kipr hökuməti ilə yanaşı, kəşfiyyat işlərinə cəlb olunan İsrail, Misir və Fransa və İtaliyanın maraqlarına ziddir:

“Türkiyənin regiondakı fəaliyyətinin Liviya böhranını kəskinləşdirəcəyi ilə bağlı əndişələri AB ölkələrini, o cümlədən BMT TŞ-ni 2020-ci il yanvarın 19-na təyin olunmuş Berlin prosesini keçirməyə vadar edib. Berlin prosesi BMT baş katibi Antonio Quttereş və Liviya üzrə xüsusi nümayəndə Hassan Salame tərəfindən təklif olunan 3 maddəlik sülh planını əsas götürərək Liviya böhranını xarici aktorların müdaxiləsi olmadan həllini, iqtisadi, siyasi və hərbi sahələrdə sülh və təhlükəsizliyə xələl gətirəcək addımlardan çəkinməyi, insan hüquqlarının təmin edilməsini və ölkənin ümumi mənafeyinə xidmət edəcək addımların atılması istiqamətində anlaşma və sülhün təmin olunmasını hədəfləyirdi. Konfransın sonunda qəbul edilən yekun qətnamə BMT TŞ-nin 1970 (2011) qətnaməsinə əsaslanaraq silah embarqosunu tətbiq etməyi və qadağanı pozanlara qarşı sanksiyanın icrasını təsdiqlədi. Qeyd edim ki, növbəti sammit Afrika Birliyinin təşəbbüsü ilə yanvarın sonunda Konqonun paytaxtı Brazzavildə baş tutacaq”.

Ə.Məmmədova qeyd edib ki, bundan öncə Rusiyanın təşəbbüsü ilə yanvarın 12-də Moskvada keçirilən atəşkəs sammitinin nəticəsiz qalması bütün ümidləri Berlin prosesinə yönəltmişdi:

“Moskvaya gələn general Haftarın möhlət istəməsi və son anda atəşkəs anlaşmasını imzalamaqdan imtina etməsi birmənalı olmayan suallar doğurdu. Halbuki, o, atəşkəsin şərtləri ilə əvvəlcədən tanış idi və bu şərtləri qəbul edərək Moskvaya gəlmişdi. Söz yox ki, Haftarın son anda atəşkəsi imzalamaqdan vaz keçməsi onun qarşı tərəfi və vasitəçi ölkələri fakt qarşısında qoymaq və hamiləri ilə növbəti addımlarını razılaşdırmaq məqsədi daşıyırdı. Onun irəli sürdüyü başlıca şərtlər içərisində türk qoşunlarının ölkədən çıxarılması, Ankaranın atəşkəs prosesinə nəzarətdən kənar qalması, MBŞ ilə imzalanan anlaşma memorandumunun ləğvi, qoşunlarının Tripoliyə girməsi var idi. Moskva sammitindən dərhal sonra Haftarın Tripoli ilə sərhəddə qoşunları hərbi vəziyyətə gətirməsi, legitim hökumətin nəzarətində olan 5 neft ixracı terminalını ələ keçirməsi onun bir tərəfdən bu kimi sülh proseslərinə barmaqarası baxmasına, digər tərəfdən hamilərinə arxalanaraq, bu proseslərin öz lehinə nəticələnəcəyindən əmin olmasına dəlalət edir. Çox güman ki, Moskva sammiti ona bununla bağlı müəyyən zəmanət verib”.

Ekspert bildirib ki, atəşkəsin imzalanması Türkiyənin regiondan birdəfəlik çıxması və Haftarın qoşunlarının Tripoliyə giriş əldə etməsi şəraitində mümkündür:

“Belə ki, Liviya Milli Ordusunun Tripoli ətrafındakı Tarhunadan çıxarılması Haftarın məğlubiyyəti demək olacaq. O bu şərtlə heç zaman razılaşmayacaq. Hazırkı vəziyyətdə Haftar xalq hakimiyyəti funksiyasını icra edən Nümayəndələr Palatasının qərarlarına və Aralıq dənizi ölkələrinin onun lehinə verəcəkləri səslərə güvənir. Əgər Liviya münaqişəsinə dair keçirilən sammitlər Türkiyənin regionda iştirakını hər hansı şəkildə təsdiqləyərsə, o zaman, Haftarın hərbi əməliyyatları davam etdirəcəyi şübhəsizdir. Onun Tripoli ilə sərhəddə hərbi qüvvələri hazırlıq vəziyyətinə gətirməsi, analoji addımların BƏƏ və Misirdə də atılması bunu deməyə əsas verir”.

Ə.Məmmədova Liviyanı da Suriya ilə eyni tale gözlədiyini deyib:

“Türkiyənin regiondakı fəaliyyətinin Rusiyaya qarşı yönəldiyini və bunun ABŞ-ın düşünülmüş plan əsasında baş verdiyini bildirən rus analitiklərindən fərqli olaraq, Liviya münaqişəsinin nəticədən asılı olmayaraq Türkiyə-Rusiya münasibətlərinə hər hansı şəkildə ciddi xələl gətirəcəyini düşünmürəm. Belə ki, hər iki ölkənin regionda ümumi maraqları çoxdur. Hazırda ABŞ-in Orta Şərq və Şimal Afrika regionunda boşalmış yerində qərarlaşmağa çalışan Rusiya və Türkiyə geostrateji yer və resurs uğrunda savaşır. Bu ittifaqın qorunması hər iki tərəf üçün regionda nüfuzlarını qoruyub saxlamaq baxımından əhəmiyyətlidir. İlk baxışdan elə görünür ki, onlar rəqib cəbhələri dəstəkləyirlər, lakin bu münasibətlər balansı qorumaq üçün unison hərəkət etməyə məhkum “yelləncək” münasibətləri xatırladır. Suriyanın ardınca neft ehtiyatları və geostrateji baxımdan əlverişli Liviya Rusiya üçün geniş bazar təmin edə bilər. Hər iki tərəf ehtiyatlı davranmağa və maddi-mənəvi resurslarını tükətməməyə çalışır. İstisna deyil ki, onlar regionun bölüşdürülməsində müəyyən razılığa gələcəklər: məsələn, Rusiya Suriyadan, Türkiyə isə Liviyadan yararlana bilər. Hər bir halda Berlin və sonrakı sülh proseslərinin tam sülhə nail olması şübhə altındadır. Belə ki, regionda bir çox dövlətlərin maraqları toqquşur və savaş təkcə daxili qüvvələr arasında deyil, regionda marağı olan müxtəlif qütblər arasında gedir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər