30 Yanvar 2020 12:02
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Komandası yox, amma Paşinyanın özü müəyyən qədər reytinqə malikdir. Reytinq məsələsi bir qədər fərqlidir. Böyük bir reytinq çox tez düşmək qabiliyyətinə malikdir. Məsələn, Mixail Saakaşvili. Növbəti seçki ərəfəsində onun reytinqi bəzi qalmaqala görə düşdü”.

“Qallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan belə düşünür. Teleqraf.com onun Ermənistan mediasına müsahibəsini təqdim edir.

- Hesablamalarınıza görə, Ermənistanda hakimiyyət dəyişikliyindən bu yana hakim komandaya, xüsusən Baş nazir Nikol Paşinyana dəstək səviyyəsi nə qədər dəyişib?

- Yeni hakimiyyətin reytinqinin aşağı düşməsi birmənalı deyil. Prinsipcə bu gözlənilən idi. İstənilən siyasi qüvvə işləyərkən bir növ səhv edir, gözləntiləri insanların gözlədiyi dərəcədə doğrultmur və buna müvafiq olaraq reytinq aşağı düşməlidir.

Hökumət və parlamentin reytinqi əhalinin qiymətləndirmələrində daha çox aşağı düşdü. Başa düşürəm ki, hələlik hakimiyyət üçün eyforiya bitməyib, vətəndaşlar haqda isə bunları demək olmaz. Buna görə də hakimiyyət istədiyini edə biləcəyini düşünür. Ancaq çox vaxt görürük ki, heç bir dəyişiklik baş vermir, bu da əhali arasında narazılığa səbəb olur.

- Bəs Paşinyana münasibət?

- Məsələn, kadr siyasəti. Paşinyanın kadr siyasətindən çox az adam razıdır.

Mən bir çox nazirliklərin nümayəndələri ilə əlaqə quran bir şəxs olaraq, bəzi nazirliklərdə izaholunmaz vəziyyətin olduğunu təsdiqləyə bilərəm. Nazirliklərin Nikol Paşinyana dedikləri və ona təqdim olunan hesabatlar həqiqətə uyğun gəlmir. Düşünürəm ki, özü də müəyyən dərəcədə onu aldatdıqlarını hiss edir. Amma burada bir növ səriştəsizlik, işləmək istəməmək də rol oynayır.

Üstəlik, bu məmurlar arasında əvvəlki rejimdən qalanların sayı da kifayət qədərdir. Bəzən yeni kadrlar da hökumətin işinə zərər verir. Onların arasında çox sayda gənc var, gənc olduqları yaxşı bir tendensiyadır və onlar daha fəal olmalı idilər, amma onların təcrübəsizliyi ilə üz-üzə qalmışıq. Onlar özlərini padşah kimi hiss edirlər və elə aparırlar, istədiklərini etmək hüquqlarının olduğu kimi bir hisləri var. Tənqid eşitmək belə istəmirlər, dözümsüzdürlər. Paşinyanın da dediyi kimi, hakimiyyət daxilində xüsusi təxribat hazırlayan insanlar var. Təkrar edirəm ki, bunlar təkcə əvvəlki hökumətin nümayəndələri deyil.

- Yeni il çox fəal başladı - bir sıra etirazlar, xüsusilə sosial problemlər səbəbiylə. Tezliklə qazın qiymətində artım gözləyirik. Bu, ölkə daxilindəki ictimai-siyasi proseslərə necə təsir edəcək?

- Bu kimi amillər Paşinyanın reytinqinə mənfi təsir göstərə bilər. Hamısı onun bu proseslərə necə reaksiya verməsindən asılıdır. Əksərən bu kimi hallara cavab vermirlər. Paşinyan hökuməti çox tez respublikaçılara (Sərkisyan-Köçəryan klanı) bənzəməyə başlayırlar. Parlament və nazirlikləri keçmiş hakimiyyəti xatırladır, ona çox bənzəyir.

Düşünürəm ki, əvvəlki, indiki, gələcək hakimiyyətin hər bir qərarı Ermənistanın xeyrinə olmalıdır. Ancaq görürük ki, komanda üzvləri xalqın xeyrinə olan proqramların həyata keçirilməsinə mane olurlar. Paşinyan da bunu “təxribat” adlandırır. Düşünürəm ki, Paşinyan müəyyən nazirlik rəhbərləri barədə aldığı mesajları dinləsə, çox yaxşı olar. Bu kimi halların Ermənistana zərər verdiyini başa düşməliyik.

İnsanlar problemlərinə görə nazirlərə müraciət edirlər, amma onlara qulaq asan yoxdur. Bu məsələləri müzakirə etmək üçün oturmaq əvəzinə, artıq Paşinyan səviyyəsində bəzi əks-sübutların ortaya çıxdığını görürük. İnsanlar üçün bu problemləri həll etmək əvəzinə, bir-iki nəfərə pul verib susdururlar. Çox vaxt isə bunu da vermirlər. Yəni, bu bir yanaşma deyil, bu sualın yanlış həllidir.

- Cəmiyyətdə hakimiyyətə alternativ tələbi nə qədərdir? Cəmiyyəti kimi indiki hakimiyyətə rəqib görür?

- Bəli, komandası yox, amma Paşinyanın özü müəyyən qədər reytinqə malikdir. Reytinq məsələsi isə bir qədər fərqlidir. Böyük bir reytinq çox tez düşmək qabiliyyətinə malikdir. Məsələn, Mixail Saakaşvili. Növbəti seçki ərəfəsində onun reytinqi bəzi qalmaqala görə düşdü. Ermənistanda da qalmaqallar çox tez-tez baş verir. Yəni bu reytinqin nə qədər davam edəcəyini deyə bilmərəm.

2018-ci il parlament seçkilərindən sonra parlamentdəki yerlərin sayı, kadr siyasəti ilə bağlı müəyyən məlumatlara əsaslanaraq, iki il ərzində erkən parlament seçkilərinə ehtiyacımızın olacağını proqnozlaşdırdım. Təəssüf ki, buna bir daha əminəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər