Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu beynəlxalq təşkilatları, o cümlədən AŞPA-nı çox yaxşı tanıyır, beynəlxalq siyasətə dərindən bələddirlər. Konkret AŞPA-da fəaliyyət göstəriblər, Çavuşoğlu AŞPA-nın prezidenti, İlham Əliyev vitse-prezidenti olub. Onlar beynəlxalq qurumlarda Azərbaycan və Türkiyəyə qarşı ikili standartların və ədalətsizliklərin hansı maraqlardan və məqsədlərdən irəli gələrək formalaşdığını çox gözəl bilirlər.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, AŞPA öz nizamnaməsinə diqqət yetirməli, ən azı beynəlxalq prinsip və demokratik təsisatlara uyğun olaraq ədalətli mövqe nümayiş etdirməlidir: “Onların münasibətinə baxanda başdan-ayağa ədalətsizliyi görürük. Həmin beynəlxalq təşkilatlara dəfələrlə müraciət etmişik ki, heç olmazsa, öz yazdığınız nizamnamələrə, qoyduğunuz qaydalara və beynəlxalq insan haqları normalarına əməl edin. Ya əməl etmirlər, yaxud da birtərəfli əməl edir, müxtəlif ölkələrə ayrı-ayrı münasibət sərgiləyirlər. Bizim xalqımız 30 ildir gözləyir ki, bunlar nə vaxt ədalətli olacaqlar. Bunun sonu isə görünmür. Torpaqlarımızı işğaldan azad etməkdən ötrü 30 ildir müstəqil Azərbaycan cəmiyyəti, ictimai birlikləri beynəlxalq təşkilatlara yüzlərlə bəyanat göndərib, lakin onlara heç biri təsir göstərmir”.
Rauf Zeyni qeyd edib ki, Azərbaycan beynəlxalq arenada ədalətin hökm sürməsinin tərəfdarıdır: “Biz heç bir beynəlxalq təşkilatı tərk eləmək istəməzdik, beynəlxalq əməkdaşlığın tərəfdarıyıq. Avropa Azərbaycana nə qədər lazımdırsa, bu gün Azərbaycan Avropaya ondan daha çox lazımdır. Çünki onun enerji təhlükəsizliyini təmin edir. Onlar bunu niyə dəyərləndirmirlər? Güclüyə, sənə kömək edənə, ədalətli olana dəstək vermək əvəzinə işğalçı ilə işğal olunanı eyni tərəziyə qoyursan. Belə tərəzi olar? Bizim torpaqlarımız işğal olunub, elə təqdim edirlər ki, guya biz hansısa ərazini işğal etmişik. İrəvandan tutmuş Şuşaya qədər yüz il ərzində ermənilərə işğal üçün imkan yaradıblar. Buna nə vaxt cavab verəcəklər?”