Teleqraf.com sabiq dövlət müşaviri, deputat Rasim Musabəyovla Türkiyə-Rusiya münasibətlərini müzakirə edib.
Müsahibəni təqdim edirik:
- Rasim müəllim, hazırda Suriyanın İdlib vilayəti dünyanın diqqət mərkəzindədir. Bəşər Əsəd qüvvələrinin vilayəti ələ keçirmək niyyəti, hətta türk əsgərlərini şəhid etməsi kimi addımlara getdi. Ruslar isə susqunluq nümayiş etdirsə də, daha çox Əsədin tərəfindən çıxış edir. Siz, vəziyyəti necə şərh edirsiniz?
- Baş verənlərin mahiyyəti ondan ibarətdir ki, Rusiya və İranın müdaxiləsi nəticəsində 90 faiz suriyalı tərəfindən rədd edilən Bəşər Əsəd rejimini saxlaya bildilər.
İndisə Bəşər Əsəd özünə gəlib və Suriyanın bütün ərazilərinə nəzarəti bərpa etmək niyyətindədir. Ancaq bu rejimi qəbul etməyən insanların 3,5 milyonu Əsədin quldurlarının əlindən qaçaraq Türkiyəyə keçib.
İdlibdə hazırda 4 milyona yaxın əhali var. Bəşər Əsədin qoşunları bura daxil olduğu təqdirdə insanlar Türkiyəyə üz tutacaq. Axı Türkiyədə bu qədər insanı qəbul etmək iqtidarında deyildi.
Məhz bu təhlükələr səbəbindən Türkiyə İran və Rusiya ilə Astana razılaşması imzalamışdı. Bu razılaşmaya əsasən İdlibdə vəziyyətə nəzarəti Türkiyə üzərinə götürmüşdü. Ancaq indi Əsədin qoşunları İdlib istiqamətində hətta türk əsgərlərinin olduğu müşahidə postlarına hücum edirlər.
Təbii ki, İranın dəstəklədiyi Hizbullah Əsədə dəstək verir, havadan isə Rusiya onu müdafiə edir. Bu da, ona gətirib çıxardı ki, türk əsgərlərinə silah çəkilib və 13 əsgər öldürülüb. Türkiyədə buna 5 qat cavabını verdi. Bu da, ona gətirib çıxaracaq ki, əgər ruslar Əsədə havadan və qurudan dəstəyi davam etdirəcəksə, bu Rusiya-Türkiyə toqquşmasına gətirib çıxara bilər. İndi Əsəd güclənib və Rusiyanın sözünə qulaq asmır. Rusiya ona təzyiq etsə Suriyadakı bazaları şübhə altına düşəcək.
Bu tərəfdən də Bəşər Əsədə açıq dəstək verib Türkiyə ilə toqquşmaqdan ehtiyatlanır. Üstəlik ABŞ və NATO bu məsələdə Türkiyəni açıq və net şəkildə dəstəkləyir. Odur ki, İdlib istiqamətində vəziyyət kəndir düyünü kimidir. Ancaq nəzərə alsaq ki, bu ərazi Türkiyənin sərhəddində yerləşir və bundan Türkiyə tərəfi əziyyət çəkir, Rusiya və İran isə bundan narahat deyillər və az qala at oynadırlar. Türkiyə üçün bu bölgə həyati əhəmiyyətlidir.
Əminəm ki, Türkiyə geri çəkilməyəcək və NATO-dan dəstək alaraq İranla Rusiyanı yerində oturtmağa qadir olacaq. Rusiya və İran bunu anlamasalar zənnimcə, çox böyük zərər çəkməli olacaqlar.
- Rusiya anlayır ki, Əsədə dəstək verib onu türk əsgərlərinə hücum etməsinə şərait yaratmaq Ankara-Moskva münasibətlərini şübhə altına sala bilər. Bu halda ruslar nə üçün buna gedirlər?
- Rusiya orada geopolitik oyun oynayır. Əsədi dirçəldiblər və onun da bütün Suriya üzrə nəzarətini bərpa etmək niyyəti ortaya çıxıb. Əsəd anlayır ki, Rusiya və İrandan dəstək alaraq öz nəzarətini bütün Suriyada bərpa etmədiyi təqdirdə onun aqibəti ölümdür.
Odur ki, dəstək alaraq rəqiblərini ölkədən çıxarmaq, qovmağa çalışır və bunun üçün hər addıma gedir. Amma söhbət təkcə siyasi rəqiblərdən də getmir. Hara soxulursa orada cəhənnəm yaradır. İnsanlar da nəticə olaraq Rusiya və İrana deyil, Türkiyəyə üz tutur. Türkiyənin isə bu qədər insanı qəbul etmək imkanı xaricindədir.
- Son illər Rusiya-Türkiyə münasibətlərində ciddi inkişaf özünü göstərib. Buna nümunə kimi hərbi, siyasi və iqtisadi əlaqələri göstərmək olar. İdlibdə yaşananlar, ələlxüsus 13 türk əsgərinin öldürülməsi Türkiyə-Rusiya münasibətlərinə hansı təsir göstərəcək, ümumiyyətlə bu münasibətlər pisləşə bilərmi?
- Rusiya-Türkiyə münasibətləri portnyorluq səviyyəsindədir, amma onu “situativ portnyorluq” adlandırmaq olar. Müəyyən mənada qərb ölkələri Rusiya və Türkiyənin böyük dövlət oduğunu inkar edirdilər, onların maraqları ilə hesablaşmaq istəmirdilər.
Bu da, Rusiya-Türkiyə yaxınlaşmasına səbəb olurdu. Həmçinin qərbin Böyük Yaxın Şərq proyekti var idi və bu həyata keçirilsəydi Türkiyəyə ziyanı dəyəcəkdi. Odur ki, Türkiyənin Rusiya və İranla situativ portnyorluğu üçün zəmin yaranmışdı. Ancaq bu o demək deyil ki, Türkiyə öz siyasətini Rusiyanın istəyinə uyğunlaşdıracaq. Bu cəfəngiyyatdır və mümkün olan bir şey deyil. Türkiyə böyük dövlətdir. Bəli, Rusiya Türkiyədən hərbi, iqtisadi, əhalinin sayı baxımından böyükdür. Amma Türkiyə regionda, öz sərhədləri ətrafında hamıdan güclüdür. Bu Ukrayna deyil ki, Rusiya bunu onun həyatı maraqlarına təhdid yaratdığını iddia etsin.
Bu Türkiyənin sərhəddində yerləşir və Rusiyanın da burada özbaşınalığına yol verəsi deyil. Əgər bu vəziyyət iki dövlət arasında münasibətlərə zərər gətirəcəksə, bundan hər iki tərəf zərər çəkəcək. Təkcə Türkiyənin zərər çəkməsindən söhbət getmir. Rusiya daha çox zərər çəkməli olacaq. Odur ki, Rusiya düşünməlidir: əvvəlki razılaşmalara zidd olaraq Əsədin iddialarına yaşıl işıq yandırmaq və Türkiyə ilə əlaqələri pozmaq Rusiyaya hansı xeyirlər gətirəcək.Yəni Türkiyənin qanuni maraqlarını nəzərə almamaq xülyadır.
- ABŞ və NATO İdlib məsələsində, ələlxüsus Türkiyənin Əsəd qüvvələrinə cavab zərbəsi endirməsini açıq müdafiə etdilər. Bu Türkiyəyə sevgidən irəli gəlir, yoxsa Rusiya-Türkiyə münasibətlərinin pozulmasına çalışılır?
- Ola bilsin ki, Rusiya-Türkiyə münasibətlərini pozmaq marağı olsun. Amma unutmayın ki, Türkiyə NATO-nun üzvüdür və ABŞ-la müttəfiqdir. İndiki vəziyyətdə NATO və ABŞ-ın Türkiyəni açıq şəkildə dəstəkləməsi müttəfiqlikdən kənara çıxan hadisə deyil. Əslində bu olmalı idi. Rusiya ola bilsin düşünürdü ki, Türkiyə təklənib və onun üzərinə yerimək lazımdır. Amma ABŞ və NATO göstərdi ki, xeyir, bu mümkün deyil.
- Ötən gün ABŞ da Bəşər Əsədə hava zərbələri endirib. Bu deməyə əsas verirmi ki, Suriyada yenidən ara qarışacaq və iri müharibələr başlayacaq?
- Baxın, Bəşər Əsəd sakit durmur, ABŞ-da olduğu bölgələrə də burnunu soxur. ABŞ-da təyyarələrlə zərbə endirərək Əsədə yerini göstərdi. Nəzərə alsaq ki, Əsədin hava müdafiəsi Rusiya tərəfindən həyata keçirilir, deməli, Rusiya Bəşər Əsədi qorumaq üçün ABŞ-la toqquşmaya getməyə cəsarət tapmadı.
İkincisi, söhbət İdlibdən gedirsə, burada ancaq geopolitik oyunlardan gedə bilməz. İdlibdə ilk növbədə humanitar fəlakətin qarşısının alınması üçün Türkiyənin cəhdləri var. Fərz edirəm ki, bu məsələdə Türkiyəyə hamı dəstək verməlidir.