Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları bu gün Brüsseldə bir araya gələcək.
Onlar növbədənkənar sammitdə Aİ-nin 2021-2027-ci illər üzrə uzunmüddətli maliyyə planını (büdcəsini) müzakirə edəcəklər.
“Çoxillik maliyyə planı üzrə razılığa gəlməyin vaxtıdır”, - Aİ Şurasının prezidenti Şarl Mişel Avropa liderlərinə sammitə dəvət məktubunda bildirib.
Onun sözlərinə görə, bu məsələnin təxirə salınması ciddi praktiki və siyasi problemlər yarada bilər və bundan sonra mövcud Aİ proqramlarını davam etdirmək, həmçinin yenilərini işə salmaq çətin olacaq.
“Bu danışıqların (Avropa Parlamenti, Avropa Komissiyası və Aİ Şurası arasında olacaq – red.) qarşımızda duran ən çətin məsələlərdən biri olduğunu bilirəm. Ancaq əminəm ki, sağlam düşüncə və qətiyyətlə bütün avropalılara fayda verəcək razılaşma əldə edə bilərik”, - Ş.Mişel vurğulayıb.
Qeyd edək ki, Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində “Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciət ediblər./Report/