İllinoys ştatından olan senator Temmi Dakuort və bu ştatın birinci dairəsini ABŞ Konqresində təmsil edən konqresmen Bobbi Raş Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar ABŞ-ın Azərbaycan icmasına müraciət ediblər.
Teleqraf.com xəbər verir ki, Bobbi Raşın Çikaqoda yerləşən ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanan məktubunda deyilir ki, mülkü əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı törədilmiş bu soyqırımı aktı bəşəriyyətin üzərinə vurulmuş bir ləkədir. Bu dəhşətli insan qırğını nəinki sülh vaxtı, heç müharibə vaxtı da törədilməyib.
Temmi Dakuortun məktubunda qeyd edilir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi yerli sakinləri Azərbaycan mədəniyyəti, irsi, adət-ənənələri, habelə Azərbaycana qarşı törədilmiş tarixi ədalətsizliklər haqqında məlumatlandırır.
Hər iki qanunverici Xocalı qətliamının anım günündə Azərbaycan icması ilə bir olduqlarını qeyd edirlər.