2 Mart 2020 20:13
2 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına qəbul edilməsi sözün həqiqi mənasında, onun müstəqilliyinin və suverenliyinin həm de-yure, həm də de-fakto təsdiqi idi. Bu, Azərbaycan xalqının tarixində bir qürur anı idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Azərbyacanın dünyanın ən böyük universal təşkilatı olan BMT-yə qəbul edilməsinin 28-ci ildönümü ilə bağlı fikirlərini bölüşən sabiq dövlət müşaviri deyib:

“Məhəmməd Hadinin dediyi kimi, bizim millətin imzası da imzalar içində göründü və səsimizin dünyanın ən məşhur və böyük tribunasından gəlmək şansını qazandıq. BMT-yə daxil olduqdan sonra Azərbaycanda siyasi proseslər daha sürətlə cərəyan etməyə başladı. Azərbaycanın sürətlə əksər dünya ölkələri tərəfindən tanınmasına, sürətlə diplomatik münasibətlər qurulmasına başlandı. Bizim üçün ən böyük fəxarət anı o oldu ki, üstündən heç 20 il keçməmiş ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və iki dönəmdə Təhlükəsizlik Şurasına sədrlik missiyasını həyata keçirdi. Bunun qürurverici anı ondan ibarətdir ki, postsovet məkanında 14 respublika arasında ilk dəfə Azərbaycana bu cür etimad göstərilirdi. Azərbaycan beynəlxalq təşkilatda təmsil olunmaqla yanaşı onun ən nüfuzlu qurumuna – Təhlükəsizlik Şurasına başçılıq etmək kimi qürurverici bir missiyanı yerinə yetirirdi”.

Qabil Hüseynli bildirib ki, ötən illərdə Azərbaycanın BMT ilə əməkdaşlığı çox sürətlə inkişaf edir:

“BMT də Azərbaycanla bağlı məsələlərdə hər zaman həssas və diqqətli davranır. Ölkəmizə qarşı erməni təcüvüzü olmasaydı, Azərbaycan yəqin ki, BMT ölkələri içərisində indikindən qat-qat nüfuzlu mənsəbə gəlib çatmışdı. Bununla yanaşı, o faktı da qeyd etmək lazım gəlir ki, BMT Azərbaycanın ən çətin günlərində onun yanında olub. Erməni işğalçıları Azərbaycanın ərazi bütövlüyünü pozanda, torpaqlarımızı işğal edəndə işğal faktı ilə bağlı 4 mühüm qətnamə qəbul edib. Həmin qətnamələr erməni işğalçı qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edir. Bu gün də həmin qətnamələr işğal edilmiş ərazilərlə bağlı aparılan danışıqların hüquqi əsasını təşkil edir və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməsi üçün hüquqi əsas verir”.

Qeyd edək ki, bu gün Azərbaycanın BMT-yə – beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində ən böyük universal təşkilata üzv olmasının 28-ci ildömünü tamam olur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – 1991-ci il oktyabrın 29-da BMT-yə üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası ölkəmizin təşkilata üzvlüyünü tövsiyə edib. BMT Baş Assambleyası isə 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycanın BMT üzvlüyünə daxil olması barədə qətnamə qəbul edib. Həmin gün BMT-nin Nyu-Yorkda yerləşən iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – müstəqil Azərbaycanın bayrağı qaldırılıb. Bununla da Azərbaycan beynəlxalq birliyin həqiqi üzvünə çevrilib. 1992-ci il mayın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyi yaradılıb. Həsən Həsənov Azərbaycanın BMT yanında ilk daimi nümayəndəsi təyin edilib. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.

2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan 2 il müddətində bu mötəbər təşkilatın qeyri-daimi üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, ölkəmizi bu mötəbər təşkilata üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib:

“Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Ölkəmiz 2 dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında 2 dəfə Təhlükəsizlik Şurasına sədrlik edib. Prezident İlham Əliyev 2012-ci ilin may ayının 4-də Təhlükəsizlik Şurasına sədrlik edən ölkənin başçısı olaraq şuranın iclasını açaraq iclası çox mühüm məsələyə, beynəlxalq terrorizm probleminə həsr edib və bu kontekstdə Ermənistanın dövlət terrorizmi siyasətini ifşa edib.

Hazırda Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatını qeyd etmək olar.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər