5 Mart 2020 22:53
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına ətraflı məlumat veriblər.

Bildirilib ki, bu kompleks Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 18-ci mərkəzidir. Kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb. Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin inşaat işləri bu ilin martında başa çatdırılıb.

Dövlət başçısı kompleksi işə salıb.

Məlumat verilib ki, bu kompleks Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 205, könüllülərin sayı isə 50 nəfərdir.

Tovuz “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub. Dövlətimizin başçısı fabriki işə salıb.

Komplekslə tanışlıqdan sonra dövlət başçısı “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşüb. Prezident İlham Əliyev onun üçün qoyulmuş xüsusi kresloya görə iradını bildirərək deyib:

-Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən.

Dövlət başçısı görüşdə çıxış edib:

- Əziz gənclər, mən sizi ürəkdən salamlayıram. Bu gün Tovuz “ASAN Həyat” mərkəzinin açılışıdır. Bu münasibətlə sizi təbrik edirəm. Bu mərkəzlə tanış olarkən çox sevinirəm. Çünki bu mərkəzdə bizim siyasətimizin bir çox əlaməti öz əksini tapır. “ASAN xidmət” bizim intellektual məhsulumuzdur. Artıq 18-ci mərkəz işə düşür və mən bütün mərkəzlərin açılışında şəxsən iştirak etmişəm. Hər dəfə yeni planlar, yeni proqramlar, yeni layihələr haqqında mənə məruzə edilir, o cümlədən bu gün.

“ASAN xidmət” öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. Biz birinci mərkəzi açarkən o vaxt xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün burada, Tovuz “ASAN Həyat” mərkəzində 320 xidmət göstərilir və müraciətlərin sayı getdikcə artır. Mən fevral ayında Kürdəmirdə “ASAN Həyat” mərkəzinin açılışında idim və o vaxt 36 milyon müraciət olmuşdu. Amma bu gün martın əvvəlidir və müraciətlərin sayı 37 milyona çatıb. Yəni, bir ay da keçməyib, amma müraciətlər bir milyon artıb. Siz də yaxşı bilirsiniz ki, məmnunluq əmsalı 99,4 faizdir. Hesab edirəm ki, bu, maksimum nəticədir və heç bir başqa xidmət bu qədər məmnunluq doğurmur. Nəyə görə? Çünki yenə də deyirəm, “ASAN xidmət”də bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş göstərişlər dəqiqliklə icra edilir.

“ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir, yeni nəslin nümayəndələridir. Burada onlar yeni baxışlarla, yeni təfəkkürlə, yeni mədəniyyətlə xidmət göstərirlər. Ona görə “ASAN xidmət” çox uğurlu layihədir və bu uğurun təməlində həm düşünülmüş siyasət, həm də bu işi təşkil edənlərin səmərəli fəaliyyəti dayanır. Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik. İctimai xidmətlər sahəsi həmişə çox problemli sahədir. Hələ sovet dövründə bu sahə ilə bağlı çoxlu şikayətlər var idi. O cümlədən müstəqillik illərində də ictimai xidmətlər sahəsində bürokratiya, korrupsiya, rüşvətxorluq adi hal kimi qəbul olunurdu və əfsuslar olsun ki, vətəndaşların bir çoxu buna öyrəşmişdi. Ona görə “ASAN xidmət”in fəaliyyətə başlaması həm böyük ümidlər yaratdı, həm də müəyyən dərəcədə təəccüb doğurdu. Çünki bu, doğrudan da yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz işə düşəndə hesab edirəm, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir. “ASAN”da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, “ASAN xidmət” bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir – DOST mərkəzləri fəaliyyətə başlayır və “ASAN xidmət” kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.

“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir, ancaq yaxın gələcəkdə mərkəzlərin sayı 27-yə çatacaq. Ağcabədi, Balakən, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Salyan şəhərlərində mərkəzlər, Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə, insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin olunacaq. Bu mərkəz bir neçə rayonu əhatə edir. Bu rayonlarda 700 min əhali yaşayır. Bu, qərb zonasında sayca 2-ci mərkəzdir, birincisi dediyim kimi, Gəncə şəhərində açılıb. Üçüncü mərkəz də Gəncə şəhərində açılacaq. Çünki buna tələbat var. “ASAN xidmət”in üstünlüklərinin biri də odur ki, burada növbələr müşahidə olunmur. Ancaq Bakıda tələbat o qədər böyükdür ki, biz iki yeni mərkəzin açılışına qərar verdik. O cümlədən Gəncə və Sumqayıt şəhərlərində də ikinci mərkəzin fəaliyyətinə ehtiyac var.

Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər ölkələrdə öyrənilir. Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər.

Beynəlxalq təşkilatlar “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirirlər. BMT “ASAN”ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir.

Bu mərkəzdə təkcə “ASAN xidmət” sahəsində 200-dən çox, könüllülər üçün isə 50 iş yeri yaradılıb. Eyni zamanda, ABAD fabrikində birinci mərhələdə 50 iş yeri yaradılıb. “ASAN” fəaliyyətini genişləndirdikcə öz funksiyalarını da genişləndirir. Bu mərkəzlər bölgələrdə artıq ictimai mərkəzlər kimi fəaliyyət göstərirlər - kafelər, diskotekalar, açıq səhnələr, kinoteatr. Məsələn, Tovuz şəhərində bu günə qədər, yəni, müasir dövrdə kinoteatr olmayıb. Amma indi iki kinoteatr var. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlar var.

Əlbəttə ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstərmişlər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda, könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən yardımdır, xidmətdir, köməkdir. Eyni zamanda, mərkəzlər innovasiya baxımından çox mütərəqqi təcrübəyə malikdir. Ona görə gənclərin gələcəkdə həyatlarını daha da yüksək səviyyədə təmin etmələri üçün bu təcrübə, hesab edirəm ki, əvəzolunmazdır.

“ASAN xidmət”, eyni zamanda, bizim xalqımıza xas olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaş da buranın qonağıdır. Biz həmişə qonaqlara böyük hörmət göstərmişik. Gənc nəsil də bu milli dəyərlər əsasında tərbiyə almalıdır. Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət - bütün bunların Azərbaycanda dərin kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil formada “ASAN xidmət”də öz əksini tapır. Bu, ümumiyyətlə, ictimai münasibətlərə də müsbət təsir göstərir. Mən tam əminəm ki, bu mərkəzə qədəm qoyan hər bir insan buradan məmnunluqla ayrılacaq. Çünki birincisi, binanın gözəlliyi, ikincisi, mövcud olan şərait, işçilərin təbəssümləri, göstərilən xidmətlər, operativlik, vaxtın itirilməməsi, “ASAN xidmət”də korrupsiya və rüşvətxorluğa sıfır dözümlülük var. Hər yerdə belə olmalıdır. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.

Son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi – bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır. Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq - bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır.

Mən bir dəfə demişəm, bir daha demək istəyirəm, birinci mərkəzlər açılan zaman kimsə düşünə bilərdi ki, bu, sadəcə olaraq, ictimai xidmət mərkəzləridir. Elə deyil. Bizim niyyətimiz tam başqa idi. Bu, cəmiyyətimizə müsbət yenilik gətirən təşəbbüs idi və artıq həyatda öz əksini tapıb. Azərbaycan bu sahədə də liderdir. İntellektual məhsulun yaradılması və bu gün ixracı artıq reallıqdır.

Əlbəttə, bir daha demək istəyirəm, gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər. Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Hesab edirəm ki, bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur. Bu gün dünyada gedən proseslər gözümüzün qabağında baş verir. Yeni münaqişə ocaqları, yeni müharibə ocaqları, yeni köçkün dalğası, ziddiyyətlər, kütləvi etirazlar, polis zorakılığı, dinc nümayişçilərə qarşı amansız zorakılıq göstərilməsi, minlərlə nümayişçinin həbs edilməsi, onların öldürülməsi - bunlar inkişaf etmiş ölkələrdə bizim gözümüzün qabağında baş verir, hansısa geridə qalmış ölkədə deyil. Bunun səbəbləri var. Səbəblər də kütləvi narazılıqdır. Bunun da səbəbləri var. Bu, təkcə maddi amillərlə məhdudlaşmır. Ədalətsizlik, hakimiyyətlə xalq arasındakı uçurum, təbəqələşmə, sosial problemlərin həll edilməməsi, bir çox amillər var, mən hamısını sadalamaq istəməzdim. Ancaq fakt budur ki, bu, bu gün reallıqdır. Belə bir mənzərə fonunda Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki, bizim böyük sərvətimizdir və bunu biz özümüz qazanmışıq, heç kim bizə kömək etməyib. Ən ağır günlərdə heç kim bizə kömək etməyib. Mən istəyirəm ki, gənclər bunu bilsinlər. Nəyi əldə etmişiksə, öz gücümüz, cəsarətimiz, istedadımız hesabına əldə etmişik. Bizim elə günümüz var idi ki, pulumuz yox idi. O vaxt - 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisi 8 milyon idi, bunlardan 1 milyonu qaçqın, köçkün. Pul yox, iqtisadiyyat dağılmış, sənaye iflic vəziyyətdə. Çadır şəhərcikləri, köçkünlər vaqonların içində, vaqonların altında yaşayırdılar. Bütün bunları biz yaşamışıq. Amma görün, bu gün düşünülmüş siyasət, sabitlik nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından aparıcı yerlərdədir. Sabitlik, əmin-amanlıq, cəmiyyətdəki müsbət ovqat - bütün bunlar Azərbaycan reallıqlarıdır. Bölgələrin inkişafı. Tovuz şəhəri Bakıdan uzaqda yerləşir. Amma Tovuz şəhərinin timsalında biz bu inkişafı görürük. Baxın, indi qazlaşdırmanın səviyyəsi 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizdir. İçməli su həmişə böyük problem olub. Artıq bir neçə ildir ki, Tovuz şəhərinin içməli su problemi öz həllini tapıb. Müasir xəstəxana, müasir dializ və diaqnostika mərkəzləri, idman kompleksi, parklar, sənaye müəssisələri. Bu gün mən Aşıq Sənəti Dövlət Muzeyinin və xalça fabrikinin açılışlarında iştirak etmişəm. Bütün bunlar onu göstərir ki, ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm, - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək üsulları da fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır. Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir.

Xalqımız uzun əsrlərboyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən, azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə yaşayıb. Biz artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq. Buna nail olmaq üçün iqtisadi, hərbi, mənəvi gücümüz, dəyərlərimiz olmalıdır, var və hər şeydən üstün olmalıdır. Ona görə indi müxtəlif yollarla, müxtəlif adlar altında gah qloballaşma deyirdilər, indi bu söz də artıq lüğətdən silinib. Bəlkə də 10 il bundan əvvəl qloballaşma deyilən bir meyil var idi və belə bir fikir aşılanırdı ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri, millətləri aradan götürəcək, hamı bir dildə danışacaq, hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və məhvi üçün ziyanlı bir siyasət aparılırdı, bu gün də aparılır, amma bu gün başqa adlarla. Bu gün bəzi hallarda demokratiya adı ilə ölkələri öz təsirləri altına almaq istəyirlər. O ölkələr ki, özləri demokratiyanı kobudcasına pozurlar, insan haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər, itləri, atları onların üstünə salırlar, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin özləri bunu edirlər. Ona görə demokratiyanı şüar edib xalqları, dövlətləri özlərinə tabe etmək istəyirlər, o cümlədən bizi. Ona görə də təzyiqlərlə, iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik. Bizim milli qürurumuz, ləyaqətimiz hər şeydən üstündür. Ona görə müxtəlif vasitələrlə gəncləri yoldan çıxarmaq istəyirlər. Çünki bilirlər ki, gənclər hələ yetişməyiblər, formalaşmayıblar, onlar daha çox tələbkardırlar, pozuntulara daha çox dözümsüzdürlər. Bu da təbiidir, bu da olmalıdır, amma xalq naminə, dövlət naminə, hansısa başqa paytaxtda oturanın maraqlarını təmin etmək üçün yox. Ona görə bütün bunları gənclər bilməlidirlər və düzgün təhlil aparmalıdırlar. Bilməlidirlər ki, bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi qorumaqdır. “ASAN xidmət” mərkəzlərində, o cümlədən burada işləyənlər və könüllülər bax, bu ruhda tərbiyə alırlar. Buna görə bir daha qayıdıram “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə ki, xalq tərəfindən belə yüksək qiymət verilir. Mən sizi mərkəzin açılışı münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər