Yeni tip koronavirusun ən ciddi zərbə vurduğu siyasi konfiqurasiyalardan biri Avropa Birliyidir. Birlik İtaliya və İspaniyanın pandemiya səbəbindən üzləşdiyi problemlərin həllünə yardım edə bilmədi. Əvəzində bu ölkələrə Rusiya, Türkiyə və Çindən humanitar dəstək gəldi.
Bundan başqa, Avropa Birliyinə üzv olan ölkələr arasında bu ağır dönəmdə əsl rəzalət yaşandı. Birliyin üzvü olan Çexiya İtaliyaya gedən qoruyucu maskaları və süni tənəffüs cihazlarını müsadirə etdi. İtaliyanın özü İspaniyaya gedən tibbi avadanlıqlara əl qoydu. Belə birabırçı hadisələrdə Almaniya və Fransanın da adları hallandı. İndi əksər Avropa ölkələri öz ərazisindən tibbi qoruyucu vasitə və avadanlıqların çıxarılmasına qadağa qoyub və beləcə, müttəfiq dövlətlərə üçüncü ölkədən gələn və tranzit yolla onun ərazisindən aparılan tibbi ləvazimatları müsadirə edir. Artıq İtaliya müxalifəti Avropa Birliyini "çaqqal mağarasına" bənzədib. Bütün bunlar mütəxəssis çevrəsində “Avropa Birliyinin gələcəyi necə olacaq” sualının müzakirə və təhlilinin aparılmasına səbəb olub.
Bu fikirləri Teleqraf.com-a açıqlayan beynəlxalq hüquq üzrə ekspert, siyasi təhlilçi Rüstəm Məmmədov hesab edir ki, Avropa Birliyi pandemiyadan sonar dağılma mərhələsinə qədəm qoyacaq.
Onun sözlərinə görə, bu prosesin baş verməsi qaçılmazdır:
”Avropa Birliyi hazırda dağılmağa doğru gedir və bu prosesi saxlamaq mümkün deyil. Avropa Birliyi kimi mötəbər qurum ən ağır zamanında üzv ölkələrin vətəndaşlarının yanında ola bilmədi. Bu halda necə olacaq? Bəzən deyirlər ki, birlik koronavirusla bağlı baş verənlərə hazır deyildi. Mən hesab edirəm ki, əslində birlik öz kef-damağında idi. Onlar bu müddətdə İtaliya və İspaniyaya hər hansı dəstək vermədilər. Hərənin başı özünə qarışıb. Beləcə birlik koronavirus imtahanından üzü ağ çıxa bilmədi. Bu faktdır. Odur ki, Avropa Birliyi dağılmalıdır və bunun başqa yolu yoxdur”.
Mütəxəssis hesab edir ki, Avropa Birliyinin dağılması hər hansı bir qlobal hadisə olmayacaq:
“Əksinə, İndi Avropa Birliyində təmsil olunan dövlətlər əvvəlki statusuna qayıdacaq. Yəni özlərinin milli valyutası olacaq və müstəqil formada öz münasibətlərini qurmağa çalışacaqlar. Əslində Böyük Britaniya sübut etdi ki, Avropa Birliyində qalmaqla özünü geri salır. Odur ki, bu proses gedəcək. Başqa sözlə, artıq Avropa Birliyi nə iqtisadi, nə də siyasi baxımdan mənfəətli olmadığını ortaya qoydu”.
Rüstəm Məmmədov xatırladıb ki, əslində bu pandemiya deyil, dünya savaşıdır: “Bu dünya savaşından Avropa üzü qara çıxdı, bir-birinə köməklik göstərmədi. Əksinə, bir dövlətin ərazisindən tranzit keçən tibbi avadanlıqları digər müttəfiq ölkə müsadirə etdi. Bu onun göstərir ki, artıq Avropa Birliy bir təssisat olaraq ağır günlərə hazır deyil”.