Teleqraf.com-un suallarını Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavablandırıb:
- Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda çıxışı zamanı qondarma Dağlıq Qarabağ Respublikasında keçirilmiş “seçkilər”lə bağlı Avropa Şurası Parlament Assambleyasının susmasını sərt tənqid etdi. Ölkə başçısı onu da bildirdi ki, bu “seçkiləri” pisləyən beynəlxalq təşkilatlar arasında AŞPA-nın adı yoxdur. Bu qurumun Qarabağdakı “seçkilər”ə bağlı heç bir reaksiya verməməsi nə ilə əlaqədardır?
- Cənab prezidentin videokonfransda Avropa Şurası Parlament Assambleyasının qondarma DQR-də keçirilmiş qondarma “seçkilər”lə bağlı hansı səbəbdən susması barədə səsləndirdiyi fikirlər tamamilə düzgün, beynəlxalq aləmdə gedən prosesləri konkret və açıq şəkildə əks etdirən mövqe kimi qiymətləndirilməlidir. Doğrudan da Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi şou müxtəlif beynəlxalq təşkilatlar tərəfindən, konkret olaraq, ictimai bəyanatlarla tənqid olundu, qınaq obyektinə çevrildi. Bununla bağlı cənab prezident də qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Həmin beynəlxalq təşkilatların saytları və bəyanatlarında Dağlıq Qarabağda keçirilmiş "seçkilər"in qeyri-qanuni olması, qondarma rejimin tanınmaması, bu rejimin belə addımla regionda vəziyyəti daha da gərginləşdirməsi, sülh prosesinə xidmət etməməsi ilə bağlı fikirlər öz əksini tapdı. Vaxtilə Avropa Şurasının sənədlərində, xüsusilə 1416 nömrəli qətnamədə bütün bunlar konkret olaraq göstərilib.
AŞPA Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa məşğul olmur və bu mandat ATƏT-in Minsk qrupundadır. Son zamanlar cənab prezidentin vurğuladığı kimi, Avropa Şurasında ermənipərəst qüvvələr, Azərbaycana tamamilə düşmən kəsilmiş qruplar və bunların ətrafında yığışmış və dəstək verən insanlar anti-Azərbaycan, anti-İslam, öz müstəqilliyini qoruyan ölkələrə qarşı kampaniya aparırlar. Bunu görməmək mümkün deyil.
- Bəs Azərbaycanla bağlı məruzəçilər niyə susqun mövqedə dayanıblar?
- Xatırlayırısnızsa, bir müddət əvvəl AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri bəyanatla çıxış etdilər, guya insan haqlarının qorunmaması, Azərbaycanda epidemiyaya qarşı görülən tədbirləri müxalifətə təzyiq kimi qiymətləndirdiklərini söylədilər. Biz bu bəyanata qarşı kəskin şəkildə etiraz etdik. AŞPA-nın prezidenti Rik Daemsə məktub ünvanladım. Məktubda vurğulamışdım ki, bəzi həmkarlarımızın beyinlərində ölkəmə olan nifrət virusu müalicəsini mütləq birlikdə tapacağımız Covid-19 virusundan daha dəhşətlidir. Hətta Avropa Şurasının rəsmiləri bu məruzəçilərin belə mövqedə olması ilə bağlı öz narahatlıqlarını bildirdilər.
Baxın, həmin məruzəçilər Azərbaycanda baş vermiş hər hansı hadisə, yaxud da tamamilə məlum olmayan hansısa informasiya qaynaqlarından məlumat götürüb heç kəslə, hətta Avropa Şurasının rəsmiləri ilə məsləhətləşmədən bəyanat verirlər, ancaq qondarma respublikada “seçkilər” keçirilir, bunlar isə susurlar. Bu nə deməkdir? Bu, o deməkdir ki, bu şəxslər məruzəçi kimi öz mandatlarını nəinki şübhə altına qoyurlar, faktiki ləğv edirlər.
Bundan sonra bunların hər hansı fikir söyləməsi, Azərbaycanla bağlı mövqe nümayiş etdirməyə mənəvi haqqı belə olmayacaq. Əsas məsələ budur. Ona görə də cənab prezident müşavirədə tamamilə düzgün və haqlı olaraq bu məsələləri açıq şəkildə Azərbaycan xalqına çatdırdı.
- AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi həmin məruzəçilərin özlərindən susmalarının səbəbini soruşmusunuz?
- Mən məktubu həm AŞPA prezidentinə, həm də məruzəçilərə ünvanlamışdım.
- Bəs məruzəçilərdən hər hansı reaksiya oldu? Susmalarını nə ilə əsaslandırdılar?
- Məktubda qeyd edilmişdim ki, bu cür əməkdaşlıq mümkün deyil, ikitərəfli əlaqələr, ilk növbədə, bir-birimizlə məsləhətləşmə, fikir mübadiləsi, dialoq yaradan addımlarla müşayiət olunmalıdır. Onların ən böyük səhvi ondan ibarətdir ki, ictimaiyyətə birbaşa bəyanatla çıxış etmədikləri halda özləri özlərini ifşa etdilər.