Azərbaycan bu çətin dönəmdə, özünün də ciddi maliyyə vəsaitinə ehtiyac duyduğu bir məqamda Ukraynaya kredit ayırmağa razılıq verib. Söhbət heç də az olmayan məbləğdən – 300 milyon dollardan gedir. Bir neçə il əvvəl Azərbaycan Belarusun da xahişinə əməl edərək, ona 200 milyon dollar vəsait ayırmışdı.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, Azərbaycan bir müddət öncə pandemiyadan zərər çəkən cənub qonşumuz İrana da 5 milyon dollar yardım ayırmışdı:
“Bu addımlar dünya ölkələri, xüsusilə beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanan hallardır. Konkret Ukraynaya gəldikdə deməliyəm ki, bu ölkə Azərbaycan üçün yaxın, hətta qardaş ölkələr sırasına daxildir. Ukrayna Azərbaycanın haqq işini həmişə müdafiə edib, ərazi bütövlüyü məsələsində bütün beynəlxalq təşkilatlarda birmənalı surətdə Azərbaycanın mövqeyini dəstəkləyib və ölkəmizin ordu quruculuğuna da müəyyən töhfələr verib. Məsələn, biz Hərbi Hava Qüvvələrimizi təchiz edərkən onlar bizə güzəştli qiymətə 5 ədəd MiQ-29 təyyarəsi satdılar. Həmin təyyarələr zərurət duyulanda Lvovdakı hərbi zavodda təmir olunurlar. Həmçinin, onlar bizə lazımi ehtiyat hissələrini göndərirlər.
Su-34 qırıcı-bombardımançı təyyarələrinin təmirində də Ukrayna Azərbaycana kömək edir. Onu da qeyd etməliyəm ki, Ukrayna hələ sovet dövründə inkişaf etmiş güclü hərbi-sənaye kompleksinə malik olub. Keçmiş SSRİ-nin uzaq və orta mənzilli ballistik raketlərinin böyük hissəsi Ukrayna ərazisindəki zavodlarda istehsal və təmir olunurdu. Azərbaycan-Ukrayna əməkdaşlığı bu sahədə də faydalı nəticələr verə bilər”.
Politoloq qeyd edib ki, üstəlik, Ukrayna Azərbaycan diasporunun ən böyük və güclü olduğu ölkələrdəndir:
“Ukrayna xalqı Azərbaycan xalqına çox səmimi duyğular bəsləyən bir xalqdır. O, bu gün çətin vəziyyətdədir. Bu çətin vəziyyətin yaranma səbəbləri hamıya aydındır. Azərbaycanın qardaş Ukrayna xalqına kredit ayırmasını müsbət hal kimi dəyərləndirirəm. Sözsüz ki, bu kredit güzəştli olsa da, müəyyən faizlə Azərbaycana geri qayıdacaq. Bu gün Ukraynanın qarşısında çox böyük vəzifələr durur. Ukrayna maliyyə cəhətdən defolt, iflas həddinə çatmış bir ölkədir. Rəsmi Kiyev beynəlxalq qurumlardan, ilk növbədə Beynəlxalq Valyuta Fondundan 8 milyard dollar yardım istəyib”.
Politoloq bildirib ki, Ukraynanın çətinliklərdən çıxaraq tədricən özünü bərpa etməsi və güclənməsi Azərbaycanın strateji maraqlarına uyğundur:
“Hətta mən deyərdim ki, biz Ukraynanın timsalında özümüzə çox etibarlı və çox sadiq bir tərəfdaş tapmışıq. Bu tərəfdaşlıq gələcəkdə yeni-yeni əməkdaşlıq formaları ilə zənginləşəcək. Zənnimcə, 300 milyon dollar Ukraynanın bütün dərdlərinə dərman olmasa da, Azərbaycan kimi donor ölkədən bu qədər vəsaitin alnmasını Ukrayna hakimiyyəti və xalqı qiymətləndirəcək, təqdir edəcək. Bu xalq qədirbilən xalqdır. Mən əminəm ki, onlar Azərbaycanın etdiyi bu yaxşılığı heç zaman unutmayacaq. Bir sözlə, bu maliyyə yardımı sözün həqiq mənasında Azərbaycanın da imicinə müsbət çalarlar gətirəcək”.
Qeyd edək ki, Azərbaycan Ukraynaya kredit ayırmağa razılıq verib. Bunu Ukrayna Ali Radasının “Xalqın Xidmətçisi” Partiyasından olan deputatı Maryan Zabolotski açıqlayıb. Onun sözlərinə görə, Prezident Vladimir Zelenski Azərbaycanın və Kanadanın ölkəyə kredit yardımı ayırmağa razılıq verən dövlətlər olduğunu bildirib. “Bakı 300 milyon dollar kredit verməyə razıdır. Bu məbləğ Azərbaycan üçün elə də böyük vəsait deyil. Bizə bu çətin dövrdə uzadılan hər yardım əli çox dəyərlidir”, – deyə o bildirib.