1 May 2020 09:10
78 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı jurnalist Ceyhun Musaoğludur.

Onunla müsahibəni təqdim edirik.

- Sveyq sual verirdi ki, zamanın zatən bağışlayacağı bir günah üçün cəzalandırmağın bir mənası varmı?

- Adətən, yazıçılar insanların cəzalandırılmasının tərəfdarı olmurlar. Yazıçı humanist düşüncə sahibi olur. Çox güman "ədəbiyyat" sözündəki “ədəb”də elə bu mənanı verir. Yazıçı əsərlərində, düşüncələrində humanizmi dəstəkləyir. Ümumiyyətlə, ədəbiyyat humanizm üzərində qurulub - nə qədər ağır, dəhşətli əsər olsa belə, - məsələn, Dostoyevskinin əsərlərində xeyli sayda cinayətkar obrazı var, amma bu əsərlərin mahiyyəti insanlığa, – humanizmə xidmət edir. Sveyq də həmişə yaradıcılığında humanizmin carçısı, müdafiəçisi olub. İnsanın cəzalanmasını zamanın öhdəsinə buraxmağın düzgün olduğunu deyə bilər, o, yazıçıdır. Reallıqda isə belə olmur. İnsan qanunlar çərçivəsində yaşamalıdır. Qanunları pozacağı təqdirdə müvafiq cəzalar var. Dünya yaranandan bu cəzalar olub, sadəcə zamanla növləri dəyişib. Mahiyyət yerində qalıb, cinayət törədən cəzasını alır.

Sveyqin fikrinə gəlincə, zaman heç nəyi bağışlamır, üstündən etinasız adlamır. Ola bilsin, günahkar insan özü cəzalanmadan bu dünyadan köçür, amma sonra günahları onun ruhunu, yaxınlarının cismini, həyatını qarabaqara izləyir, – adının, övladlarının, nəvələrinin arxasınca düşür. O qədər günahkar insanlar olub ki, zamanında cəzalandırılmayıblar, amma öldükdən sonra tarix onlar haqda mənfi rəyini verib. Belə adamların sayı milyonlarladır.

Sveyqin fikrinə ədəbiyyat çərçivəsindən baxıram – yazıçılar humanist olmalıdır. Sveyq də belə düşünməkdə, bir yazıçı kimi haqlıdır. Amma onu da nəzərə alaq ki, Sveyq öz-özünü və ailəsini cəzalandırdı, xanımı ilə birgə intihar etdilər. Yəni dediyinin əksinə getdi. Bu mənada, yazıçıların fikirlərinə mütləq tabu kimi baxmaq düzgün olmazdı. Buna ruhun, ilhamın diktəsi ilə yazılmış fikir kimi baxsaq, daha düzgün yanaşarıq.

- İnsanın həyatındakı ən önəmli məqsədi nədir: ölümsüzlüyə, yoxsa xoşbəxtliyə çatmaq?

- İnsan böyük məfhumdur, biz gərək “insanlar” deyək. Çünki insan bütün insanların ümumi adıdır. Hər bir insanın spesifik xarakteri, düşüncə tərzi var. Elə insan var ki, ölüm onun üçün adidir. Elə insan da var, xoşbəxtlik onun üçün tamam başqa anlamda izah olunur. Məsələn, biri xoşbəxtliyi hər gün yeyib-içməkdə görür, başqası xoşbəxtliyin ailəsi ilə birlikdə rahat yaşamaq olduğunu düşünür. Adam var ki, deyir “bir tikə çörəyim olsun, mən xoşbəxtəm”. Adam da var, xoşbəxtliyi çoxlu pulda görür.

Şamo Arifin “Qınamayın məni” əsərində “Kəlbi kəhər”obrazı var. Kəlbi kəhər atın üstündə, müharibə vaxtı insanlara zülm edir. O, ənənəvi kəndxudadır. Kəlbi vəhşi obrazdır. Vəhşiliyin komponentlərdən biri də yeməkdir. Nə vaxt baxsan, yeyir. Bir gün Kəlbi prokuror və kənd məmurları ilə bir məclisə düşür. Məclisdə Kəlbi prokurora deyir ki, kaş insanın mədəsindən çölə “şlanq” qoymaq olardı, burdan yeyərdi, ordan tökülərdi, elə hey yeyərdi, ancaq doymazdı. Kəlbinin xoşbəxtliyi yedikcə doymamaqdadır.

Məncə, insan ölüm haqda düşünməməlidir. Dinlər deyir ki, öləcəyini heç vaxt unutma. Guya unutsa, nə olacaq? Mənsə deyirəm ki, insan öləcəyini həmişə unutsun. İnsan ölmək haqda yox, əbədilik haqda düşünməlidir. Onu düşünməlidir ki, məndən sonra da mən yaşayacam – övladlarımın, qohumlarımın, doğulduğum kəndin, ölkəmin simasında var olacam. Düşünməlidir, mən necə yaşayım ki, öləndən sonra da yaşayım. Məsələn, Hacı Zeynalabdin Tağıyev kimi... Məncə, insan belə yaşasa, daha yaxşı yaşayar, xoşbəxt və rahat olar. İnsan elədiyi yaxşılığın həzzini dadsa, görər ki, necə ləzzətlidir. Belə insan əbədiyyət qazanar. Əbədiyyət elədiyin yaxşılıqların ləzzəti ilə gəlir.

- Həqiqəti ortaya çıxaran amil insanın cəsarətsizliyidirmi? Məsələn, Şopenhaur deyirdi ki, həqiqətlərin əksəriyyəti cəsarət tapıb onun üstünə gedə bilməyəndə ortaya çıxır.

- Həqiqətin üstünə getmək lazım deyil, həqiqətlə yanaşı addımlamaq, onunla iç-içə olmaq lazımdır. Həqiqətin üstünə niyə gedək, niyə dalaşaq ki? Həqiqətlə dalaşan adam yalançı adamdır. Həqiqətlə dalaşan adamın nəsə problemi var, insani duyğulardan xalidir, yaxud bu duyğulara az malikdir – həqiqəti eşitmək istəmir. Həqiqət acıdır, çılpaqdır, onu adamın üzünə sillə kimi vuranda qarşı tərəf özünə gələ bilmir. Amma hansı adamın? Yalan danışan, özünü düz aparmayan adamın, başqalarını incidən adamın. Mənə görə, yaxşı və pis adamın yeganə tərifi budur: yaxşı adam başqalarına pislik etmir, pis adam başqalarına pislik edir. Ən yaxşı adam odur ki, heç özünə də pislik etmir. Allah da deyir ki, mən bu cismi sənə əmanət verdim, bunu mənim özümə qaytar, bu ruhu sənə əmanət verdim, o göy üzünə qalxacaq.

Yəni cismi də incitmək olmaz, dinlər intiharı, özünü kəsib-doğramağı buna görə qadağan edir. Cismini incidirsənsə, ruhunu da incidirsən. Başqalarını əzən, onların ruhlarını incidənlər yaxşı adamlar deyillər. Başqalarını incitməyən adamlar yaxşıdır. Cəsarət tapıb həqiqətin üstünə getsək, ona böhtan atsaq, şantaj etsək, belə insanların sayı çox olsa, dünya dağılar. Bu gün dünyaya yayılmış pandemiyanın kökündə də yalan dayanır. Biz bilmirik: bu necə yarandı, haradan gəldi? Bilmirik bu virsudur, virus deyil. Ortada bir həqiqət də yoxdur, amma nə qədər yalan var.

Həqiqət yalandan böyükdür, amma yalan çoxdur. Həqiqət isə bir dənədir, ona görə elə bilirlər ki azdır. Əslində böyükdür. Bütün yalanlar birləşsə, həqiqətin dabanına qədər gəlib çata bilməz, yalnız onun arxasınca düşüb sürünərlər. Həqiqət niyə xırda yalanlarla mübarizə aparsın? Həqiqət alidir, böyükdür axı. Ən gözəli həqiqətdir.

Şopenhauerə gəlincə, ziddiyyətli adam olub, bu gün təriflədiyi ədibi, filosofu, cəryanı sabah pisləyib, tək yaşamağa üstünlük verib, kimsəyə inanmayıb. Əlbəttə filosofdur, beyin quruluşu başqalarından fərqlidir. Ümumiyyətlə, dahilərin dediyi sözlərin “başına ip salmaq” lazım deyil. Dahilərin dediyi sözlər oxumaq, zövq almaq, düşünmək üçündür. Baxın, bir sözün ətrafında nə qədər danışırıq, düşünürük. Düşündükcə, ortaya tamam başqa mətləblər çıxır. Dahilərə buna görə ehtiyac var. Dahilərin dedikləri həqiqətdir, fikirlərinin qarşısına ikinci söz çıxarmaq olmaz yanaşması ilə də razılşamıram. Məncə, hər bir xalqın atalar sözləri elə ən mükəmməl dahi fikirlərdir. Atalar sözləri qaydadır, onları pozan xeyir tapmır – belə düşünürəm, yanlış da ola bilərəm. Fikir adamlarının sözləri isə adamı dincəldir, düşündürür, insanın beynini məşğul edir. Düşündükcə, daha qeyri-adi, bilmədiyin fikirlərlə üz-üzə qalırsan – öyrənirsən.

- Niyə dinlər inancdan çox əxlaq qanunları kimi görünür?

- Məncə, əxlaq qanunları kimi görünmələri daha doğru olardı. Dinlərin inanc vasitəsi kimi təbliği insanlıq üşün effektli deyil. Əlbəttə, inanmaq lazımdır. Hər bir insan nəyəsə inanır. Vay o günə ki, insan inanmasın. Məsələn, bəzi insanlara “bütpərəstlər” deyirlər, birallahlılar onlara düşmən olurlar. Dinlər arasındakı savaşların bir kökü də elə birallahlılarla bütpərəstliyin mübarizəsidir. Amma mən buna belə baxmıram, qoy inansın – biri daşa inanar, biri Allaha inanar. Təki insanın müqəddəs dəyəri olsun, ondan çəkinsin.

Bəzən tənbəllik edirəm, iş görmək üçün yerimdən qalxmaq istəmirəm. Üç rəqəm var, sayıram. Üçüncü rəqəmin adını çəksəm, dünya da dağılsa, ayağa qalxacam. Evdə də bilirlər, bəzən harasa göndərəndə getmək istəmirəm, amma saymağa başlayan kimi “üç” deməmiş dururam. Onun adını çəkməyə qoymuram, sanki bu rəqəmi özüm üçün müqəddəs hesab eləmişəm, ona tapınmışam, ondan yapışıb ayağa qalxıram. Hər kəsin bir inandığı, güvəndiyi, seçdiyi var. Amma mən elə istəyirəm ki, dinlər əxlaqı təbliğ etsinlər. Çünki əxlaq bütün dəyərlərin başında gəlir. Əxlaqı olmayan varlıq ən pis addımları ata bilər. Əxlaqı olan varlıq nə qədər qorxaq, nə qədər kasıb, nə qədər yazıq, lal, kar, kor olsa belə, çox gözəl və pakdır, ondan heç vaxt pislik görməzsən. Bu mənada, kaş dinlər elə əxalqı təbliğ edəydilər, nəinki inancı. İnamı təbliğ eləsin, amma inancı təbliğ etmək – sən ancaq islama, yaxud xristianlığa inan – bu artıq hakimiyyətdir, idarə etməkdir.

Dinlərin inancı təbliğ etməsi, onların hakimiyyət hərisliyindən irəli gəlir. Onlar ətrafındakı insanları idarə etmək istəyirlər. Buna görə insanları “Allaha inanmayan kafirdir, inanan bizdəndir” kimi anlayışlarla bölürlər. Bununla ətraflarına komanda yığırlar, çünki hakimiyyətə gəlmək istəyirlər. Hakimiyyətə gəlib hökmranlıq etmək – sahiblənmək istəyirlər. Bu mənada, dinlərin inancı yox, əxalqı təbliğ etmələrinin tərəfdarıyam. Kaş dinin böyük hissəsi əxlaqı təbliğ edəydi. Təəssüf ki, bizdə dini kitablar daha çox qorxunu təbliğ edir. Biri deyir “Sən Allahdan qorxmalısan”, biri deyir “Ondan böyüyü yoxdur”. Düzdür, bunun özü də əxlaqdır, amma söhbət məişət, düşüncə əxlaqından gedir. Bunları təbliğ etsəydilər, gözəl olardı.

- İntiharı həyatın yaşamağa layiq yer olub-olmadığı düşüncəsinin son nəticəsi hesab etmək olarmı? Kamyuya görə, məsələnin kökündə bu amil dayanır.

- İntihar həmişə insanlıq tərəfindən də, dinlərdə də pislənilib. Hətta dinlər intihar edənlərin cəhənnəmə gedəcəyini təsdiq edirlər. Mənə elə gəlir ki, intihar affektin, depressiyanın nəticəsidir. Nə qədər insan olub ki, onu intiharın bir addımlığından geri qaytarıblar, özünü öldürməyə imkan vermədikləri üçün təşəkkürünü bildirib. İntihar edib ölməyən insanın da, ayıldıqdan sonra peşman olduğu təsdiq edilib. Hər halda qəbul olunmayan bir aktdır. Təbii ki, yazıçılar, rəssamlar, filosoflar, şairlər qeyri-adi insanlardır, bizim kimi düşünmürlər, tamam fərqlidirlər. Onların intiharları haqda oxumuşuq, nəyisə bilirik. Bu mənada, Kamyunun dediyi ilə razılaşa bilmərəm. Düzdür, dahidir, amma onun fikri ilə razılaşmıram. Həyat boş deyil axı, doludur. Heç vaxt belə gözəl dünya olmayacaq. Cənnəti təsvir edirlər, bu haqda danışırlar, amma kimsənin oradan xəbəri yoxdur. Varlığı ilə yoxluğu naməlumdur, utopiyadır, illüziyadır. Real həqiqət bu dünyadır. Oynayırıq, oxuyuruq, sevirik, sevilirik, yeyirik, içirik, musiqi dinləyirik – nə gözəl dünyadır. Bəli, mühit, yaşadığın ölkədəki çatışmazlıqlar insanı sıxır, amma insan intiharı yalnız affekt vəziyyətinə düşəndə istəyir. Həmin an onu kimsə saxlasa, başa düşəcək ki, səhv edib.

Kamyunun özü isə dahidir. İnsan vicdanının əhəmiyyətini işıqlandıraraq, ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə Nobelə layiq görülüb. Vicdanı olan adam bu dünyada daha çox sıxılır, əziyyət çəkir. Vicdanı olan adam həm də onu bilir ki, intihar etmək cismi xilas etməkdirsə, başqalarını bədbəxt etmək, özünü gözəl günlərdən məhrum etməkdir. Bütün ölkələrdə insanlar həmişə əziyyətlə yaşayıblar. Əziyyətsiz həyat yoxdur axı.

Məsələn, yapon yazıçısı Akutaqava həmişə intiharın əleyhinə danışırdı, yazardı, amma özü dozadan çox yuxu dərmanı içib intihar etdi. Heminquey dəhşətli müharibələr görmüşdü, fəlakətlərdən qurtulmuşdu, amma atası kimi özünü ov tüfəngi ilə öldürür. Heminqueyə görə, hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən qatındadır; bunu Aysberq üslubu adlandırdılar. Görürsünüz, dərinə gedirdi, həqiqəti dərində axtarırdı. Dərin insanı batırır. Yazıçılar, şairlər, rəssamlar, ümumiyyətlə, istedadı olan sənət adamları arasında intihar edənlər çox olub, bundan sonra da olacaqlar. Onlar mahiyyəti dərində axtarmağa məhkumdurlar. Sənət üzdə ola bilməz, ancaq həyat tam üzdədir, görünən, əllə tutulan yerdədir. Yaşamaqla yaratmaq ziddiyyətli proseslərdir. Yaradan insan çox yaşaya bilmir, onun həyatı yaratdıqlarında davam edir, obrazlı desək, öz ömrünü yaratdıqlarına bağışlayır ki, əbədi olsunlar. Van Qoq sağlığında çəkdiyi əsərlərdən yalnız birini dəyər-dəyməzinə, daha doğrusu, dəyməzinə sata bildi. İntihar edəndən sonra əsərləri milyonlara satıldı, ömrünü çəkdiklərinə həsr edib, özünü öldürdü. Ömrü dayandı, həyatısa yaratdıqlarının simasında əbədiləşdi.

Bir daha qeyd edirəm, intihar səhv addımdır. Heminquey üçün həyat niyə boş olmalı idi? O nəhənglikdə romanları, əsərləri var. Sadəcə dərin insanlar intihara cəhd göstərirlər. Onlar getdikcə daha dərinə düşmək, daha çox öyrənmək istəyirlər. Dərinə getdikcə də dünyanın faniliyini dərk edirlər. Amma mən intiharı dərketmədən kənar akt və ağılsızlıq hesab edirəm. İntihar edən heç nəyi dərk etmir, sadəcə özünü qurtarmaq istəyir, yaşamaqdan bezir. Yenə deyirəm, intihar normal insanın əl ata biləcəyi çıxış yolu deyil, bu anormallıqdır. Ola bilsin ki, uzun illər normal insan kimi yaşayıb, amma intihar edibsə, bu, o deməkdir ki, həmin an onun beyni pozulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər