Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm.
Teleqraf.com-un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə çıxışı zamanı deyib.
Tedros A. Qebreyesus bildirib: "Məni bu tədbirə dəvət etdiyinə və Qoşulmama Hərəkatının Təmas Qrupu qarşısında çıxış etmək imkanı yaratdığına görə Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.
Biz Ümumdünya Səhiyyə Təşkilatına Sizin verdiyiniz dəstəyi yüksək dəyərləndiririk. Mən, həmçinin fürsətdən istifadə edərək Azərbaycan xalqına, Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək Zati-alinizə təşəkkürümü bildirirəm ki, Siz təşkilatımıza əlavə olaraq 5 milyon ABŞ dolları həcmində yardım göstərmisiniz.
Mən məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına və onun üzv dövlətlərinə COVID-19 xəstəliyinə qarşı apardıqları mübarizədə onlara dəstək verir. Mən bilirəm ki, bu il Bandunq Prinsiplərinin 65 illiyi qeyd olunur. Biz bilirik, əməkdaşlıq bizim üçün çox vacibdir ki, ölkələr cavab tədbirlərini həyata keçirə bilsin, COVID-19 xəstəliyinə qarşı mübarizə aparılsın və bu kimi digər fövqəladə halları aradan qaldırsın.
Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz. Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik.
Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un qarşısının alınmasında çox vacibdir.
Ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin qurulması olduqca önəmlidir. Ona görə dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək biz insanları və millətləri bu səylərdə birləşdirməliyik. Əvvəlcə bildirildiyi kimi, COVID-19 yanvar ayında pandemiya elan edildi. Həmin vaxtdan etibarən dünyanın müxtəlif guşələrinə çox sürətlə yayıldı, siyasi, sosial və iqtisadi sistemlərdə problem yaratdı. Pandemiya bizdən həm qlobal, həm də milli səviyyələrdə fövqəladə tədbirlərin görülməsini tələb etdi. Buna görə də bizim qarşımızda sadə bir vəzifə dayanır ki, biz planetimizi qorumalıyıq, eyni məqsədlərdən çıxış edərək insanları xilas etməliyik. Buna görə də biz, həmçinin burada güclü milli və alt milli səhiyyə sistemlərinin əhəmiyyətini qeyd edirik ki, qlobal təhlükəsizlik və universal səhiyyə paketi təmin oluna bilsin. Bütün cəmiyyətlərin bu baxımdan ehtiyaclarından irəli gələrək deyə bilərik ki, biz həlledici böhran mərhələsindəyik. Çünki burada qaçqınlar problemi var. İnsanlar münaqişələrdən əziyyət çəkirlər. Bu gün ictimai səhiyyə üçün böhrana səbəb olan COVID-19 inkişafda çox ciddi problemlər yaratmışdı. Bunu eşitmək ağrılıdır və dünya bunun şahididir. Pandemiya ilə bağlı hazırkı həlledici mərhələdə bütün dövlətlər və maraqlı olan tərəflər, o cümlədən özəl sektorun nümayəndələri birgə çalışmalıdırlar ki, geridə qalan olmasın. Qoşulmama Hərəkatının Nizamnaməsinin təməlində duran çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin gücləndirilməsi bu həlledici məqamda çox önəmlidir.
Ümumdünya Səhiyyə Təşkilatı müşahidə və erkən müəyyənetmə, şübhəli hallar zamanı təcrid, test aparma imkanlarının artırılması, xəstələrin klinik şəraitdə müalicəsi, məlumat mübadiləsi, müxtəlif sektorlar üzrə fəaliyyət, risklərlə bağlı məlumatlandırma və cəmiyyətin səfərbər edilməsi sahəsində bütün ölkələrin səylərini dəstəkləyir.
Beynəlxalq Səhiyyə Qaydaları kimi instrumentlər sayəsində səhiyyə təhlükəsizliyi ilə bağlı hazırlıqda irəliləyişə nail olunsa da, boşluqlar hələ də qalmaqdadır və milli hazırlıq səviyyəsində böyük fərq var. İstər milli, istərsə də qlobal səviyyədə hazırlıq imkanlarının artırılması istiqamətində fəaliyyətin sürətləndirilməsi vacibdir.
“Təşviş və etinasızlıq” dövrünə son qoymaq üçün dünya hadisədən sonra reaksiya verən mövqeyindən çəkilməlidir.
Əvəzində biz səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik.
Zati-aliləri, COVID-19 ilə mübarizədə nümayiş etdirdiyiniz liderlik və əzmkarlığınıza görə Sizə bir daha minnətdaram.
Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatı ilə əməkdaşlığa, onun üzvlərinin COVID-19 ilə mübarizəsinə dəstək verilməsinə və mühüm prinsiplərdən olan çoxtərəflilik, milli birlik və qlobal həmrəyliyə sadiqdir.
Hərəkatın təsisçilərinin baxışına uyğun olaraq və Qoşulmama Hərəkatının dəstəyi ilə biz bərabər, dinc və firavan dünya yarada və hər kəsə sağlamlığın bəxş edilməsi kimi mühüm məqsədimizə daha yaxşı şəkildə çata bilərik".