Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Teleqraf.com-a daxil olan bəyanatda deyilir:
"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və digər abidələr vardır.
Təcavüzkar ölkə Ermənistan beynəlxalq humanitar hüququnun tələblərini kobudcasına pozaraq, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllər törədir. Şuşada aparılan qeyri-qanuni məskunlaşma çərçivəsində minlərlə insan bu ərazidə yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən “bərpa” olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir.
Lakin Ermənistan tərəfi anlamalıdır ki, bütün bu cəhdlərin perspektivi yoxdur, ərazilərin işğalı müvəqqəti xarakter daşıyır. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir, bu bölgə həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.
BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir.
Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Münaqişənin tənzimlənməsi üzrə davam edən danışıqlar prosesinin məqsədi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindən işğalçı Ermənistan qüvvələrinin çıxardılması, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin təmin edilməsidir. Bu məqsədə nail olmaq bir zərurətdir, kompromis deyil. Azərbaycan münaqişənin tənzimlənməsi üçün bu çərçivədən fərqli bir siyasi həlli nəzərdən keçirmir və məhz bu anlayışla da danışıqlar prosesində iştirak edir.
Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır".