Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədova qarşı yeni ittiham irəli sürülüb.
Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, Niyaməddin Əhmədov terroru maliyyələşdirməkdə suçlanır.
Ona qarşı Cinayət Məcəlləsinin 214.1-ci (Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, N.Əhmədov ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.
Xatırladaq ki, AXCP üzvü Niyaməddin Əhmədov aprelin 15-də Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.
Onun inzibati həbs müddəti bitsə də azadlığa buraxılmayıb. Bu gün məlum olub ki, ona qarşı yeni ittiham irəli sürülüb.