İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq, ötən gün şəhərdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti ilə bağlı bir daha məlumat aldım.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Mingəçevirdən seçilən deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, ötən gün onlarla bağlı bir neçə dəfə şəhərə zəng edib:
“Xəsarət alan 13 nəfərdən 9 nəfərinə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib. Qalan 3 uşaq Mingəçevir şəhər xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır”.
Aydın Mirzəzadə bu gün Bakıya göndərilmiş uşağın yanına gedəcəyini bildirib:
“Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk”.