Yeni növ koronavirus pandemiyası səbəbindən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı olaraq şənbə və bazar günlərində ictimai asayişi təmin edən Azərbaycan polisinin üzərinə böyük yük düşdü. Polis əməkdaşlarının son iki gün ərzindəki, ümumiyyətlə pandemiya dövründəki fəaliyyəti yalnız təqdir edilməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, öz həyatını riskə atan polis əməkdaşları həm ictimai asayişi qoruyur, həm də vətəndaşların evdən çölə çıxmamaları ilə bağlı tövsiyə xarakterli məlumatlar çatdırırdılar:
“Pandemiya dövründə, xüsusilə də son iki gündə polisin fədakar fəaliyyət göstərməsi, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə icra etməsi ilə bağlı onlarla fakt mövcuddur. Məsələn, xüsusi karantin rejimi zamanı bir neçə polis əməkdaşı xidmətdə ikən Azərbaycanın dövlət himnini eşidiblər. Bu zaman polislərimiz farağat komandasında duraraq hərbi salam veriblər. Bu görüntülərlə fəxr etmək və Azərbaycan polisinin dövlət himninə münasibəti ilə yalnız qürur duymaq olar”.
İlyas Hüseynov onu da bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarının birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər: "Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və xüsusi karantin rejimini pozan həmin vətəndaş barədə inzibati tədbir görüblər. İstər ümumilikdə pandemiyə dövründə, istərsə də son iki gün ərzində polisin həyata keçirdiyi tədbirlər vətəndaşlar tərəfindən bütövlükdə yüksək qiymətləndirilib. Həqiqətən də polis əməkdaşlarının fədakarlığını xüsusi olaraq qeyd etmək lazımdır. Sosial şəbəkələrdə yayılan xoşagəlməz videolarla bağlı isə deməliyik ki, xüsusi karantin rejiminə riayət etməyən və evdən çıxan vətəndaşların polis əməkdaşlarına aşkar şəkildə hörmətsizliyi yolverilməz hal kimi qiymətləndirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə yazılan şərhlərin əksəriyyəti polisləri müdafiə xarakteri daşıyır. Bu da onu göstərir ki, vətəndaşlarla polis arasında möhkəm bağlar olmaqla yanaşı, həmrəylik də mövcuddur”.