Dövlət başçımızın iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı təcavüzkar ölkədə koronavirusa yoluxma ilə bağlı dedikləri, Azərbaycanla Ermənistandakı durumu müqayisə etməsi vəziyyəti tamamilə əyani şəkildə aydınlaşdırır və çox dəqiqdir. Yəni Ermənistan əhalisinin sayı ilə bağlı onların rəsmi saxta rəqəmi öz yerində, amma bu gün o ölkədə yaşayan əhalinin sayı heç 2 milyona çatmır. Bu gün Ermənistanda milyon yarım, iki milyonadək əhalinin yaşadığı barədə məlumat Rusiya və onların özlərinin müxalif mənbələrində var.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycan əhalisinin sayı isə 10 milyonu ötüb: “Yəni bu müqayisədən Azərbaycanda koronavirusa yoluxanların, müalicə olunub sağalaraq evə buraxılanların, aktiv koronavirus xəstələrinin və vəfat edənlərin sayı ilə Ermənistandakı müvafiq göstəricilər arasında kəskin fərqin mövcud olduğunu görmək olar. Ermənistanda yoluxanların sayı Azərbaycanda yoluxanların sayından 2 dəfəyə yaxın çoxdur. Hələ bu, onların öz statistikasıdır. Ölüm sayı da çoxdur. Sağalanların sayı azdır. Ancaq bu yaxınlarda Nikol Paşinyan belə bir sarsaq açıqlama vermişdi ki, ola bilsin Ermənistanda virusa yüz minlərlə yoluxan var. Axı Ermənistanda aparılan testlərin sayı da həddən artıq azdır. Azərbaycanda testlərin sayı az qalır yarım milyona çatsın. Ancaq onlarda aparılan testlərin sayı bizdən 6-7 dəfə azdır. Əgər Ermənistanda kütləvi testlər keçirilsə, yoluxanların sayı indi göstərilən saydan bəlkə 5-6 dəfə artıq olacaq”.
Elman Məmmədov bildirib ki, bu, dövlətin və ölkə başçısının vəziyyətə tam nəzarət etdiyini təsdiq edir:
“Yəni Azərbaycanda cənab prezidentin dediyi kimi hər şey Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçündür. Azərbaycanda dövlət maddi, iqtisadi cəhətdən nə qədər ziyana düşsə də bunun hamısına gedir. Bu şərtlə ki, vətəndaş sağlam olsun, sağ qalsın, təhlükəsiz yaşasın. Ermənistanda isə belə deyil. Təkcə Ermənistanda yox, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayan ermənilərin də vəziyyəti yoluxma məsələsində Ermənistandakından dəfələrlə pis vəziyyətdədir. Bu gün işğalçı Ermənistan ordusunda virusa yoluxanların sayı həddən artıq çoxdur. Bunu gizlədirlər. Ancaq Ermənistanın müəyyən müxalif mənbələri, saytları, digər KİV-ləri bu məsələni açıqlayırlar. Ermənistanda hökumət bu virusa qarşı demək olar ki, bir növ biganə mövqedədir. Bu da onu göstərir ki, Ermənistanda bütün sahələrdə olduğu kimi bu sahədə də vəziyət həddən artıq acınacaqlıdır”.
Müsahibimiz bildirib ki, Azərbaycanda görülən işlər göz qabağındadır: “Qısa müddət ərzində 4 modul tipli xəstəxananın yüksək səviyyədə tikilib istifadəyə verilməsi, bu tipli 6 xəstəxananın inşasının davam etməsi və atılan digər addımlar hamısı Azərbaycan vətəndaşına dövlət və dövlət başçısı tərəfindən göstərilən qayğının, diqqətin nəticəsidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışında deyib: “Ona görə dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.