16 İyun 2020 15:17
3 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər tarixən onun-bunun qoltuğunda olub. Onların ideya rəhbəri Ermənistan kilsəsidir. Kilsə hər nə qədər Paşinyanın yanında dayandığını elan etsə də, mövqeyi “Daşnaksütyun”un mövqeyidir”.

Politoloq Cümşüd Nuriyev belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistanın Baş naziri Nikol Paşinyanın güc strukturlarını hədəf almasının səbəbi nədir, nədən şübhələnir? Bir gündə üç qurumun rəhbəri postundan uzaqlaşdırıldı. İndi də müdafiə nazirinin hədəfdə olması haqda erməni mediasında məlumatlar yayılıb.

- Güc nazirləri Paşinyana inanmışdılar. Hakimiyyətə gəldikdən sonra onda demokrat imicinin formalaşdırmağa çalışdılar. Amma bu, baş tutmadı. Adam hakimiyyətə gəldikdən qısa müddət sonra Kanadada üç milyon dollara ev aldı, arvadı və uşaqları özlərini tamamilə ayrı statusda aparmağa başladılar. Yəni əvvəlki kommunistlərin etmədiklərini edirlər. Buna görə də onlar görürlər ki, Paşinyanın hakimiyyətinin ömrünə az qalıb. Narazılıq getdikcə artır, ermənilərin ayağa qalxacağı şübhəsizdir və Paşinyan hakimiyyətdən gedəcək.

Ortada bir erməni məkri də var. Amma onlar niyə batan gəmidə olsunlar? Paşinyan onları ayrı-ayrılıqda zərərsizləşdirsəydi, hörmətləri qalmayacaqdı. Buna görə də üçü bir araya gələrək, eyni vaxtda istefa verdilər ki, Paşinyanı çətinə salsınlar. Paşinyan onsuz da onları postlarından uzaqlaşdıracaqdı. O da məlumdur ki, Müdafiə naziri David Tonoyan da kəskin mövqedə danışır. Təhlükəsizlik Şurasının rəisi Artur Vanetsyan getdikdən sonra Ermənistanda qeyri-müəyyənlik yaranıb. Söhbət Paşinyanın məcburi şəkildə hakimiyyətdən getməsindən gedir. Payıza qədər hakimiyyət məsələsi həll olunacaq, bu, çox çəkə bilməz. Çünki koronavirusla yanaşı, Ermənistanın üzləşdiyi problemlərin sayı həddən artıq çoxdur. Bütün hallarda, Paşinyan verdiyi sözü tutmadığına görə birinci yanındakılar ondan uzaqlaşmağa başladılar. Bu, gözlənilən idi.

- Ermənistanda iğtişaşların olacağı ehtimalına diqqət çəkdiniz. Sizcə, bu necə baş verəcək – “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Çarukyan və digər siyasi qüvvələr təkanverici güc ola bilərmi?

- Ermənilər tarixən onun-bunun qoltuğunda olub. Onların ideya rəhbəri Ermənistan kilsəsidir. Kilsə hər nə qədər Paşinyanın yanında dayandığını elan etsə də, mövqeyi “Daşnaksütyun”un mövqeyidir. Bilirsiniz ki, daşnaklar da tamam ayrı bir mövqedə dayanıblar. Daşnaklar həmişə qonşu ölkələrə qarşı ərazi iddiaları ilə yadda qalıb. Gürcüstandan əl çəkib indi də Abxaziyaya keçiblər, bir tərəfdən də Azərbaycan ərazilərinə gözlərini dikiblər. Paşinyanın isə Dağlıq Qarabağla bağlı bəlli bir mövqeyi yoxdur. Axşam “hə”, səhər də “yox” deyir, bu, siyasətçiyə yaraşmayan bir məsələdir.

Çarukyana gəlincə, bu adam mafiya lideridir, eyni zamanda “Daşnaksütyun”a sıx bağlı adamdır. Bundan başqa, Sərkisyan və Köçəryanla isti münasibətləri var, onların Qarabağla bağlı kəskin mövqeyini dəstəkləyir. Buna görə də, Paşinyan odla su arasında qalıb. Adam hakimiyyətə gələndə demokrat kimi göründü, amma dönüb faşist olmaq istədi. İndi də ikisinin arasında gedib gəlir. Əlli faiz faşist, əlli faiz də demokrat olmaq istəyir, bu da mümkün deyil. Əlbəttə, Paşinyanın əleyhinə olan qüvvələrin arxasında kilsə başda olmaqla, “Çiçəklənən Ermənistan” və digər müxalifət təşkilatları dayanır. Onlar Paşinyanın hakimiyyətdə qalmasını istəmirlər. Bilirlər ki, Paşinyan belə davam etsə, bu, Ermənistanın xeyrinə olmayacaq, onsuz da Azərbaycanın mövqeyi güclənib. Avropa Parlamentinin Qarabağla bağlı qəbul etdiyi qərar, o cümlədən, Ermənistanın nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, onların səbrini daşırdı. Buna görə də, Ermənistanda mütləq inqilab baş verəcək.

- Hansı siyasi qüvvələrin hakimiyyəti ələ keçirməsi ehtimalı daha ağlabatandır?

- Çarukyan da Paşinyanın yerinə gələ bilər. Amma Çarukyan Paşinyandan da murdar adamdır. Biz arxayın olmamalıyıq ki, Ermənistanda hakimiyyətə gələcək şəxs daha proqressiv mövqedə duracaq, bu mümkün deyil. Hakimiyyətə gələn istənilən erməni “Böyük Ermənistan” iddiasından və Qarabağ məsələsindən əl çəkməyəcək. Biz, Ermənistanda baş verən prosesləri gözləməməliyik. Avropa Parlamentinin bu qərarından sonra münaqişənin həlli üçün böyük bir fürsət yaranıb.

Bir tərəfdən ABŞ bəyan edir ki, nizamlama prosesindən çıxmaq istəyir, bu tərəfdə də Fransanın başı öz problemlərinə qarışıb, Rusiyanın da öz problemləri var. Yəni, onlar Dağlıq Qarabağ məsələsini həll etmək istəmirlər. Bəlkə də Azərbaycanın son 30 ildə indiki qədər şansı olmayıb ki, öz ərazi bütövlüyünü bərpa etsin. Azərbaycan buna getməlidir. Hazırkı siyasi vəziyyət və beynəlxalq hüquq Azərbaycanın xeyrinədir, hərbi və iqtisadi güc də bizim tərəfimizdədir. Azərbaycan xalqı birmənalı şəkildə bu məsələdə prezidenti dəstəkləyəcək.

Azərbaycan indi bu qərarı qəbul eləsə, ərazi bütövlüyümüz qısa vaxtda bərpa olunacaq, daxildə qarşıdurma da olmayacaq, heç bir qüvvə buna getməyəcək. Vəziyyəti araşdırıb bunu görə bilirəm. Əminliklə deyə bilərəm ki, Azərbaycan indi bir güllə ilə bir neçə “dovşan” vura bilər. Bununla ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq, qarşıdurma aradan qalxacaq, ölkədə milli birlik və vətəndaş həmrəyliyi yaranacaq. Bütün bunları nəzərə alaraq bu addımı atmaq lazımdır. İndi bizim üçün Paşinyanın gedib, yerinə hansısa “yanın” gəlməsi maraqlı olmamalıdır. İlanın ağına da lənət, qarasına da. Onların ən yaxşısı Petrosyan idi, getdikcə digərlərindən daha da murdarlaşdı. Paşinyandan sonra gələnlər daha da murdar olacaq.

Başqa sözlə, qarşıdakı bir-iki ayda şans var ki, Dağlıq Qarabağ məsələsini həll edək. Rusiyanın da başı özünə qarışıb. Yəni Azərbaycan üçün bundan ideal şərait yoxdur. Bunu dəyərləndirmək lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər